Xalqımız bu böyük tarixi qələbəni qazanmaq üçün 30 ildən çox səbr edib
Sənan Əliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 23 saylı şəhər poliklinikasının baş həkimi
Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq tarixlərdən biri də 2023-cü il 15 oktyabr tarixidir. Məhz bu gün Prezident, Ali Baş Komandan cənab İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. 30 ildən çox idi ki, Azərbaycan xalqı bu qələbənin həsrətində idi. Bu tarixi hadisəyə şahidlik edən Azərbaycan xalqı ürəkdən sevinir. Xalqımız bu böyük tarixi qələbəni qazanmaq üçün 30 ildən çox səbr edib.
İlham Əliyev 2003-cü il oktyabrın 15də keçirilmiş prezident seçkilərində xalqın böyük etimadını qazanaraq qarşısına məqsəd qoydu ki, onun bir nömrəli vəzifəsi Azərbaycan bayrağını işğal altında olan bütün ərazilərimizdə dalğalandırmaqdır. Prezidentimiz həm ölkənin iqtisadi inkişafını təmin etdi, ordumuzu gücləndirdi, həm də hərbi sənaye yaratdı. Bu gün bizim çox böyük Silahlı Qüvvələrimiz var və biz bununla qürur duyuruq. Uzaqgörən siyasətin və yorulmaz fəaliyyətin nəticəsidir ki, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının qarşısında tarixi missiyanı yerinə yetirdi, işğal altında olan torpaqlarımızı azad edərək bu sevinci xalqa yaşatdı.
Son illərə nəzər salsaq Azəebaycan güclənərək dünya dövlətləri arasında bəlli bir yeri tutmuşdur. İqtisadiyyatımız günü gündən inkişaf edir, ordumuz isə güclənir. Əsl müstəqilliyə nail olmaq üçün inkişaf etmiş iqtisadiyyatın və güclü ordun olmalıdır. Güclü və müzəffər ordumuzun olması üçün yorulmadan illərlə çalışdıq və istənilən vəzifəni şərəflə yerinə yetirə bilən ordu qurduq. 44 günlük Vətən müharibəsi dövründə düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik və eləcə də, keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan Ordusu qəhrəmanlıq və fədakarlıq göstərdi.
Əlbəttə ki, bu gün Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad olması üçün canların keçən bütün şəhidlərimizin ruhları şaddır. Artıq Azərbaycan bayrağı bütün tarixi torpaqlarımızda qürurla dalğalanır.
Prezident İlham Əliyev Xankəndi şəhərində böyük xoşbəxtlik və fərəhlə Azərbaycan bayrağını dalğalandıraraq söylədiyi sözlər hər bir Azərbaycan vətəndaşına qürür hissi verdi: "Əziz həmvətənlər, bu meydanda Azərbaycan bayrağını qaldıraraq xalqıma bir daha demək istəyirəm ki, biz bu qələbəyə layiqik. Azərbaycan xalqı bu qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz bu burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".
Bu tarixi qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq və gələcək nəsillər bu uğurla hər zaman fəxr edəcəklər. Azərbaycanın əzəli torpaqlarında, o cümlədən Xankəndidə, xalqımız əbədi yaşayacaq və Bayrağımız bu torpaqlarda daim qürurla dalğalanacaq.