Fatimə Süleymanlı
WUF13-ün gənc könüllüsü
YAP Suraxanı rayon təşkilatının fəal gənc üzvü
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsi ölkəmizin həm təşkilatçı dövlət, həm də məsuliyyətli tərəfdaş kimi dünya miqyasındakı nüfuzundan xəbər verən amildir. WUF13-də 182 ölkədən 45 mindən artıq qonağın iştirak etməsi bu tarixi forumun dünyada şəhərsalma ilə bağlı böhranların həllində nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu təsdiqləyir.
Tədbirin əhəmiyyəti xüsusilə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması fonunda daha da artır. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr artıq dünyanın diqqət mərkəzindədir. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, müasir infrastrukturun qurulması və ekoloji yanaşmalar Azərbaycanın gələcəyə hesablanmış strateji siyasətini nümayiş etdirir. Forum çərçivəsində bu layihələrin beynəlxalq mütəxəssislərə təqdim olunması ölkəmizin şəhərsalma sahəsində yeni nümunə yaratmaq əzmini göstərir.
Prezident İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi də xüsusi əhəmiyyət daşıyır. Bu qərar göstərir ki, dövlətimiz şəhərsalma məsələsini yalnız bugünün deyil, gələcəyin əsas prioritetlərindən biri hesab edir. Müasir şəhərlər yalnız iqtisadi inkişafın göstəricisi deyil, həm də insanların həyat tərzini formalaşdıran mühüm amildir. Rahat nəqliyyat sistemi, yaşıllıq zonaları, təhlükəsiz yaşayış mühiti və milli memarlıq üslubunun qorunması gələcəyin şəhərlərinin əsas xüsusiyyətləridir.
Forum həm də Azərbaycanın beynəlxalq dialoq mərkəzinə çevrildiyini sübut edir. Müxtəlif ölkələrdən gələn siyasətçilər, memarlar, alimlər və ekspertlər Bakıda bir araya gələrək qlobal problemlərin həlli yollarını müzakirə etdilər. Bu isə Azərbaycanın yalnız regionda deyil, dünyada da mühüm söz sahibi olan bir dövlətə çevrildiyini göstərən faktorlardan biridir.
Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi həm siyasi, həm iqtisadi, həm də mədəni baxımdan böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışı Azərbaycanın inkişaf yolunu, milli dəyərlərə söykənən şəhərsalma siyasətini və gələcək hədəflərini dünya ictimaiyyətinə çatdıran mühüm mesajlarla yadda qaldı.
Beləliklə, çox qürurverici haldır ki, gənc könüllü kimi WUF13-ün təşkilati işlərində fəal iştirak edirəm. Bu, həm böyük təcrübə, həm də dövlətim və xalqım qarşısında bir gənc kimi mənəvi borcumdur. Belə möhtəşəm bir tədbirin bir zərrəsi olmağımı fəxarət hissi ilə daim xatırlayacağam.