Vətən müharibəsi suverenliyimizin təmin olunması baxımından dönüş nöqtəsi oldu

Vətən müharibəsi suverenliyimizin təmin olunması baxımından dönüş nöqtəsi oldu

Tərlan Bəbirov

Suraxanı Tibb Mərkəzinin direktoru

YAP Suraxanı rayon təşkilatının üzvü

Hər bir xalqın öz taleyinə sahib olma, müstəqil dövlətini yaratması inkişaf etdirməsi onun ən böyük nailiyyətidir. Azərbaycan xalqı əsrlər boyu bu ideala can atmış, azadlıq və suverenlik uğrunda mübarizə aparmışdır. Tariximizin müxtəlif mərhələlərində işğallara, məhrumiyyətlərə, çətinliklərə baxmayaraq, xalqımız milli iradəsindən heç vaxt dönməmişdir. XX əsrin sonunda – 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası isə xalqımızın böyük tarixi uğurlarından biri idi. Lakin bu uğur tam suverenliyimizlə müşayiət olunmadı. Çünki torpaqlarımızın bir hissəsi uzun illər işğal altında qaldı.

30 ildən artıq davam edən işğal Azərbaycan xalqının yaddaşına dərin izlər qoydu. Yurd yerlərinin viran edilməsi, bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün həyatı, tarixi-mədəni irsimizin dağıdılması – bütün bunlar dövlətçiliyimizin ağır sınağı idi. Amma bu sınaqlar xalqımızı birləşdirdi, müstəqillik əzmini daha da gücləndirdi.

2020-ci il 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının dövlətçilik tarixində yeni dönüş nöqtəsi olan mərhələ açdı. Bu müharibə xalqımızın suverenliyinə, torpaqlarının bütövlüyünə və milli qüruruna qarşı yönəlmiş təhlükələrə qarşı tarixi cavab oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz yüksək strateji hazırlıq və qəhrəmanlıq nümayiş etdirdi.

Qəhrəman əsgər və zabitlərimizin igidliyi sayəsində Qarabağ torpaqlarının böyük hissəsi işğaldan azad edildi. Bu, yalnız ərazi bərpası deyil, həm də xalqımızın əzəli hüquqlarının, milli iradəsinin və dövlətçilik əzminin bərpası demək idi. Müharibə zamanı Azərbaycanın hərbi və diplomatik uğurları beynəlxalq aləmdə ölkəmizin nüfuzunu gücləndirdi. Bu zəfər xalqımızın həm tarixi yaddaşını, həm də gələcək nəsillərin müstəqil dövlətə sahib olma ideallarını möhkəmləndirdi. Beləliklə, Vətən müharibəsi suverenliyin təmin olunması baxımından dönüş nöqtəsi oldu.

Qələbəmizin davamı kimi, 2023-cü ildə Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycan dövlətinin ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını tam şəkildə təmin etdi. Ardınca sentyabr ayında həyata keçirilən lokal antiterror tədbirləri ilə separatizmin kökü kəsildi.

Prezident İlham Əliyevin sözləri ilə desək: “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.” Bu tarixi hadisə Azərbaycan dövlətinin suverenliyini əbədi olaraq möhkəmləndirdi.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması Azərbaycan dövlətçiliyinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu qərar yalnız rəmzi addım deyil, həm də dövlətin hüquqi və siyasi sistemində mühüm dönüş nöqtəsi hesab olunmalıdır.

Bu il ərzində ölkədə hüquqi dövlət quruculuğu daha da möhkəmləndiriləcək, vətəndaşların hüquq və azadlıqları tam təmin olunacaq. Konstitusiya və qanunvericilik sahəsində islahatlar, hüquqi normativlərin təkmilləşdirilməsi, məhkəmə və inzibati sistemi daha şəffaf və effektiv etməyə yönəldilmiş addımlar ön plana çıxmağa davam edir.

Eyni zamanda, “Konstitusiya və Suverenlik İli” milli dəyərlərin qorunması və inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Dövlət suverenliyi yalnız siyasi müstəqillikdən ibarət deyil, həm də sərhədlərimizin, milli mədəniyyətin, tarixi irsin, dilimizin qorunması ilə bağlıdır. Bu il ərzində bütün sahələrdə – təhsil, elm, mədəniyyət, ictimai həyat və iqtisadiyyat – Azərbaycan xalqının müstəqil qərar vermə və öz inkişaf yolunu müəyyən etmə hüququnu möhkəmləndirəcək tədbirlər həyata keçirilir. Həmçinin, bu il suverenliyin beynəlxalq aləmdə qorunması və gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycanın regionda lider mövqeyi, sərhəd təhlükəsizliyi və ərazi bütövlüyünün qorunması, beynəlxalq hüququn tanınması istiqamətində ciddi addımlar atılır.

Dövlət Suverenliyi Günü və 2025-ci ilin Konstitusiya və Suverenlik İli Azərbaycan xalqının əsrlərlə çəkdiyi əzabların, qazandığı zəfərlərin və göstərdiyi iradənin zirvəsidir. Azərbaycanın dövlət suverenliyi yalnız siyasi və hüquqi kateqoriya deyil, həm də xalqımızın milli iradəsi, qüruru və gələcək nəsillərə mirasıdır. Ulu Öndərimiz  Heydər Əliyev dəfələrlə vurğulamışdır: “Hər bir azərbaycanlı öz vətəninə bağlı olmalı, dövlətimizin suverenliyini qorumaq üçün çalışmalıdır.”

Bu gün biz qürurla deyirik ki,  Azərbaycan öz suverenliyini tam təmin etmiş, qəhrəmanlarımızın fədakarlığı ilə regionun qalib və qüdrətli dövlətinə çevrilmişdir.

Yaşasın müstəqil, güclü və suveren Azərbaycan! 

Şəhidlərimiz və qazilərimiz əbədiyyətə qədər qəlblərimizdə yaşayacaq!