Vətən Müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı

Vətən Müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı

Röya İslamova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin direktoru

Tarixə nəzər saldıqda zaman-zaman ermənilərin işğalçılıq siyasətinin, Azərbaycana qarşı olan torpaq iddialarının şahidi oluruq və bu məkrli siyasət erməni xislətinin sağalmayan sindiromudur. Kökləri hələ XIX əsrə dayanan bu münaqişə ermənilərin Azərbaycan ərazisinə köçürülməsi ilə başlamışdır. 1828-ci il Türkmənçay müqaviləsinə əsasən İrandan və 1829-cu il Ədirnə müqaviləsinə əsasən Osmanlı imperiyasından Azərbaycan torpaqlarına köçürülən və ən dilbər guşələrində yerləşdirilən ermənilər tezliklə torpaq iddiallarına başlamış, “Böyük Ermənistan” xəyalları qurmağa başlamışlar.

Ötən üç əsr ərzində ermənilər dəfələrlə xalqımıza qarşı torpaq iddiaları irəli sürmüş və bir çox hallarda himayədarları sayəsində buna nail olmuşlar. 1918-ci ildə İrəvan, 1920-ci ildə Zəngəzur mahalı ermənilərə verilmiş, 1905-06 və 1918-ci illərdə türk-müsəlman xalqına qarşı soyqırım həyata keçirilmişdir. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-də kolxozçu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarına əsasən 1948-1953-cü illərdə azərbaycanlılar yaşayan ən münbit ərazilərdən, xüsusən də İrəvan və onun ətraf rayonlarından 150 minə yaxın əhali deportasiyaya məruz qalaraq Azərbaycanın aran rayonlarına köçürülmüşdür. Bölgədə hər zaman təxribat və terrora əl atan ermənilər 1988-ci ildən başlayaq açıq şəkildə ölkəmizə qarşı torpaq iddialarına başladılar və nəticə etibarı ilə Azərbaycanın 20 faiz ərazisini işğal edərək 30 ilə yaxın bir müddət ərzində ərazilərimizi əsarətdə saxladılar. 

Tam 30 il ərzində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Torpaqlarımızın işğalı azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə ağır zərbə vurmuşdur. Ancaq qəhrəman Azərbaycan xalqı işğalla heç zaman barışmamışdır. Qeyd edim ki, 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirmişdir. Daha sonra sülhsevər və tolerant Azərbaycan xalqının “səbir kasasına” son qoymuş hərbi təxribat baş tutmuşdur.

2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.

Beləcə, 27 sentyabrda tarixə II Qarabağ müharibəsi, Vətən müharibəsi, “Dəmir yumruq əməliyyatı” adları ilə daxil olan əzəli və tarixi torpaqlarımızın azadlığı uğrunda 44 günlük mübarizəmiz başlamış oldu. Müharibə zamanı Azərbaycan xalqı heyrət ediləcək birlik və bərabərlik nümayiş etdirərək Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. Vətən oğulları gözlərini qırpmadan torpaqlarımız uğrunda canlarından keçdilər. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan öz tarixi torpaqlarını geri qaytararaq düşmən üzərində parlaq zəfər qazandı.

Azərbaycan xalqı  həmişə Ümummilli Lider Heydər Əliyevin, sonra isə prezident cənab İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyib. Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun rəşadəti, Vətən uğrunda canlarını fəda etməyə hazır olan mərd oğullarımızın hünəri, xalqımızın həmrəyliyi nəticəsində 44 günlük haqq savaşımız Zəfərə çevrilərək Azərbaycan tarixinin ən şanlı Qələbəsi kimi salnaməyə qızıl hərflərlə əbədi yazıldı.