Vətən Müharibəsinin hər günü şanlı tarixdir

Vətən Müharibəsinin hər günü şanlı tarixdir

Kifayət Məmmədov 

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu 87 nömrəli məktəbin müəllimi

90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Uzun illər ərzində bu torpaqların geri qaytarılması üçün bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində böyük işlər aparılmışdır və bu işin uğurlu bir nəticəsi oldu. Məhz bu şanlı tarix 27 sentyabr 2020-ci ildə Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqelərini, mülki obyektləri ağır artilleriya silahlarından atəşə tutması, düşmənin cəbhəboyu hücuma keçməsi xəbəri Azərbaycan xalqının səbr kasasını daşırdı. Əks-hücum əməliyyatı ilə düşmən geri çekildi və 44 gün davam edən qanlı savaş Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı.

Vətən müharibəsinin Azərbaycan Ordusunun qələbəsilə başa çatmasını Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyev 10 noyabr tarixində gecə xalqa müraciətində xəbər verdi. Bu gün bütün dünyanın gözü Azərbaycandadır. Çünki 44 günlük Vətən savaşında Müzəffər Azərbaycan Ordusu böyük qəhrəmanlıqla cənab İlham Əliyevin hərbi sərkərdəliyi və siyasi liderliyi sayəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi.

Vətən savaşının bir günü bəlkə də hər birimiz üçün 1 il qədər gərgin və həyəcanlı keçdi. Çünki Azərbaycan xalqının adına yazılmış ləkəni Azərbaycan oğulları döyüş meydanında qanı, canı bahasına təmizləyirdi. Bu ləkə adımızdan da, alnımızdan da, şərəfimizdən də yuyulub getdi.

Müharibə zamanı Azərbaycan xalqı heyrət ediləcək birlik və bərabərlik nümayiş etdirərək Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. Vətən oğulları gözlərini qırpmadan torpaqlarımız uğrunda canlarından keçdilər. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan öz tarixi torpaqlarını geri qaytararaq düşmən üzərində parlaq zəfər qazandı. İkinci Qarabağ müharibəsi 30 ilə yaxın gözlədiyimiz tarixi ədaləti bərpa etdi. 

Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında Zəfər paradı keçirildi. Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Azərbaycan ordusunun əzmkarlığı ilə əldə edilmiş şanlı qələbəsinə həsr olunmuş Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir.

Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Vətən uğrunda şəhid olanlar əsla unudulmayacaq, çünki onlar özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz dastan yazdılar. Bu Qələbə isə bizim şanlı tariximizdi və tarixdə əbədi qalacaq