Vətən Müharibəsində Şanlı Zəfərə aparan rəhbər

Vətən Müharibəsində Şanlı Zəfərə aparan rəhbər

Zəkiyə Hacıyeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizəçisi

Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazimizin demək olar ki, 20 faizi işğal edilmişdi. Həm müasir Ermənistan ərazisində yaşayan, lakin yerli əhali olan azərbaycanlıların, həm də Dağlıq Qarabağ və ətraf rayonlardakı həmvətənlərimizin bu ərazilərdən qovulması nəticəsində təxminən bir milyon soydaşımız kütləvi etnik təmizləməyə məruz qalmış, digər ağır cinayətlər törədilmişdi. Azərbaycan rəhbərliyi heç vaxt bu işğalla barışmayacağını, torpaqların azad edilməsi üçün bütün vasitələrdən istifadə etməyə hazır olduğunu daim bəyan edirdi. Lakin xarici havadarlarına, xaricdəki güclü erməni lobbisinə arxalanan Ermənistan bu torpaqlardan nəinki çıxmaq istəmədiyini, hətta yeni ərazilər işğal etmək iddiasında olduğunu daim sərgiləməkdən çəkinmirdi. Əksinə, işğal etdiyi ərazilərə səfərlər təşkil edərək xalqımızın hissiyyatı ilə oynamağa davam edirdi. Təbii ki, bu belə davam edə bilməzdi və belə də oldu.

2020ci il sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycanın böyük Zəfəri ilə başa çatdı. Noyabrın 10-da dünyanın bütün kütləvi-informasiya vasitələrinin yaydığı xəbər başlıqlarında deyilirdi: “Azərbaycanla Ermənistan arasında altı həftə davam edən döyüşlərdən sonra iki münaqişə tərəfi arasında razılaşma əldə edildi. Azərbaycan böyük qələbə qazandı”. Azərbaycan nəhayət öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi.

Məğlub Ermənistanın kapitulyasiya aktı Şuşanın Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsindən cəmi bir gün sonra imzalandı. Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin biabırçı məğlubiyyətini açıq şəkildə etiraf etdi: “Ermənistanın məğlubiyyəti qəbul etməkdən başqa çıxış yolu yox idi”. Buna görə də işğalçı tərəf məğlub olduğunu etiraf etdi və münaqişə rəsmi olaraq dayandırıldı.

Bəs bu qələbəyə gedən yol hardan və necə başlamışdı? Yəqin ki, bu sual 2020-ci il noyabrın 8-də əldə edilən möhtəşəm qələbədən sonra bir çox tədqiqatçıların araşdırma obyektinə çevrilib. Bu mövzu ilə əlaqədar çoxsaylı elmi məqalələr və kitablar yazılmaqdadır. İlkin olaraq deyə bilərəm ki, həmin yolun haradan və necə başladığını müdrik və uzaqgörən siyasəti ilə xalqımızın qəlbində özünə əbədi yer qazanmış Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük Zəfərin əldə edilməsindən sonra xalqımıza müraciətində açıqlayıb.

Təbii ki, bu məsələdə ilk böyük addım xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən atılmışdı. Məhz Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra xarici havadarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğal edən Ermənistan ordusunun qarşısını aldı, ölkədə davam edən iqtisadi xaosu aradan qaldırmaq, ictimai-siyasi sabitliyi bərpa etmək üçün 1994-cü ilin mayında atəşkəs razılaşmasına nail oldu. Bundan sonra Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasına şərait yaradan tarixi “Əsrin müqaviləsi”nin imzalanması ölkədə həm iqtisadi, həm də ictimai-siyasi sabitliyin əldə edilməsinə şərait yaratdı. Ulu Öndərin əsasını qoyduğu, lakin bəzi gözü götürməyənlərin “əfsanə” və ya “fantastik nağıl” adlandırdığı neft strategiyasının uğurla həyat keçirilməsi tezliklə iqtisadi inkişafa təkan verdi. “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasına şərait yaradacaq Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin inşasına başlanıldı.

1918-ci il 26-31 mart soyqırım günü kimi qeyd edilməsi haqqında sərəncam Azərbaycana qarşı törədilmiş soyqırımına dair Ulu Öndərin vermiş olduğu ilk hüquqi qiymətdir. Azərbaycanın müstəqil dövlət siyasəti xətti yürüdərək dünyanın müxtəlif ölkələri ilə etibarlı tərəfdaşlıq münasibətləri qurması onun beynəlxalq nüfuzunun artmasına güclü təkan verdi.

Hələ o vaxtlar ölkəmizdə aparılan böyük quruculuq işləri, iqtisadi inkişaf və tərəqqi barədə araşdırma aparan mütəxəssislərin böyük bir qismi bu inkişafın həm də Ermənistanı üstələmək məqsədi daşıdığını görür və bunu yüksək qiymətləndirirdilər. Azərbaycanın bütün regionlarının inkişafına istiqamətlənmiş sosial-iqtisadi inkişaf proqramlarında yer almış bir sıra bəndlər – yeni səhiyyə müəssisələrinin tikintisi, köhnələrin əsaslı bərpa edilməsi və müasir avadanlıqla təmini, yeni yaradılan müdafiə sənayesi obyektləri, hərbi hissələr, tikilən hərbi zavodlar, gələcək əsgərlərin fiziki cəhətdən sağlam böyüməsi və yetişməsi üçün inşa edilən idman kompleksləri və müharibəyə hazırlıqla bağlı digər məqamlar Azərbaycan hökumətinin işğalla barışmayacağını və lazım gəldiyi vaxtda müharibə yolu ilə bu əraziləri azad etməyə hazırlaşdığını təsdiq edirdi.

Hərbi təyinatlı obyektlərin açılış mərasimləri, xüsusi hərbi avadanlığın, silahların və partladıcı vasitələrin istehsalı, Müdafiə Nazirliyinin hərbi hissələri üçün alınan yeni hərbi texnikaların təqdimatı ilə bağlı KİV-də gördüklərim deməyə əsas verirdi ki, ölkə rəhbərliyi işğal altında olan əraziləri danışıqlar yolu ilə həll etməyə çalışmaqla yanaşı, müharibəni də istisna etmirdi. Ölkədə ən müasir tələblərə cavab verən ordu quruculuğu dünyanın heç bir yerində olmayan böyük sürətlə aparılırdı. Həyata keçirilən bu yüksək səviyyəli dövlətçilik fəaliyyəti və təşkilatçılıq işi Müzəffər Ali Baş Komandanın dediyi kimi qarşıda duran əsas vəzifəyə xidmət edirdi və bütün diqqət də buna yönəlmişdi: “Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik”.

Bu gün çoxları torpaqların nəyə görə məhz sülh danışıqları yolu ilə azad edilməsinə çalışan Azərbaycan rəhbərliyinin nə dərəcədə haqlı olduğunu etiraf edər. Düşünürəm ki, İkinci Qarabağ savaşının – Vətən müharibəsinin geridə qalan 44 günü ərzində baş verənlər Prezident İlham Əliyevin niyə danışıqlar yolu ilə getməyə üstünlük verməsini başa düşmək üçün kifayətdir. Lakin çox təəssüf ki, Ermənistanın indiki rəhbərliyinin tutduğu yol, həyasızcasına səsləndirdiyi bəyanatları, ötən dövrdə azacıq da əldə edilmiş irəliləyişi şübhə altına alan hərəkətləri səbir kasasını daşdırmaya bilməzdi. Məhz buna görə də Azərbaycana müxtəlif güc mərkəzlərindən göstərilən təzyiqlərə baxmayaraq, ölkə rəhbərliyi böyük qətiyyət, cəsarət və siyasi iradə nümayiş etdirdi və ərazi bütövlüyümüzün bərpası kimi əsas vəzifənin öhdəsindən layiqincə gəldi.

Təbii ki, qələbənin əldə edilməsində güclü iqtisadiyyatımız, müasir ordumuzla yanaşı, milli həmrəylik, iqtidar-xalq birliyi mühim rol oynadı. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi. Həmçinin imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Ölkə rəhbərliyi böyük siyasi iradə və birlik göstərərək bu qüvvələrin ölkəni parçalamaq cəhdlərini, planlarını dəf etdi. Azərbaycan xalqı isə bir millət olaraq öz varlığını müdafiə etdi. Prezident İlham Əliyev qələbənin əldə edilməsində bu birliyin əhəmiyyətini xalqa son müraciətlərində xüsusi vurğulayıb: “Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi”.

Bu ilin sentyabr ayının 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Bu təxribatın qarşısını alarkən Azərbaycan ordusunun və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları şəhid olmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. “Dəmir yumruq” revanşistlərin niyyətlərini gözlərində qoyur və qoyacaqdır. Artıq Azərbaycanın haqq işini, beynəlxalq prinsiplərlə tanınmış hüquqlarını müharibə yolu ilə təmin etməsi bütün səviyyədə qəbul olunur. Başqa cür desək, bütün dünya, beynəlxalq təşkilatlar və dövlətlər bu müharibənin nəticələrini tanıyır.