Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", “Füzulinin azad olunmasına görə”, "Cəsur döyüşçü" medallarına layiq görülən Şəhid İsmayılzadə Məhəmməd Fizuli oğlunun anım günü qeyd olunub.
Anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailələri və qazilər, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, şəhidin məzun olduğu 317 saylı tam orta məktəblərin kollektivi anım günündə şəhidin Zığ qəsəbəsi, Dədə Qorqud Şəhidlər Xiyabanında məzarını ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
Suraxanı Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov tədbir iştirakçılarına Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə, şanlı Ordumuzun gücü sayəsində qazandığımız böyük Zəfərin əhəmiyyətindən, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə əsgər və zabitlərimizin fədakarlığından, eləcə də şücaətindən danışıb. O bildirib ki, Azərbaycan hər zaman mübariz oğul və qızlarının igidliyini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, daima xatirəsini uca tutur.
YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov Vətən uğrunda ən şirin nemət olan canını fəda etməklə ən uca zirvəyə yüksələn Məhəmmədin və onun kimi yüzlərlə mərd və cəsarətli oğulların xatirəsinin qədirbilən xalqımız tərəfindən unudulmayacağını vurğulayıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını ifadə ediblər.