Ümumi daxili məhsul 4 faizdən çox artmışdır

Ümumi daxili məhsul 4 faizdən çox artmışdır

 Aygün Abbasova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 279 nömrəli orta məktəbin müəllimi

Ötən il Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində əldə edilmiş uğurlarla yadda qalıb. Baş verən qlobal hadisələr fonunda iqtisadiyyatı sabit saxlamaq əslində elə ən böyük uğurdur. Lakin Azərbaycan bir çox iqtisadi sahələrdə mühüm inkişaf əldə edib, yeni mərhələlərə addım atıb. Bütün bunlar aparılan islahatların, görülən tədbirlərin, əldə edilən texnoloji yeniliklərin hesabına baş verib.

İqtisadiyyat sahəsində səmərəli mühitin olması, qeyri-neft sektorunda ciddi inkişaf tempi, əhalinin gəlirlərinin artması və inflyasiyanın ciddi şəkildə azalması bu prosesə töhfə verən amillərdəndir. Qeyd etmək olar ki, Azərbaycanda ətraf mühitin qorunması, resurslardan səmərəli və davamlı istifadə baxımından “yaşıl iqtisadiyyat”a keçid dövrünün başlanması bu sahədə gələcək perspektivlər vəd edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində ölkəmizin iqtisadi uğurlarına diqqəti çəkib: “Keçən il iqtisadi inkişaf baxımından yenə də uğurlu il olmuşdur. Azərbaycanın iqtisadiyyatı inkişaf etmişdir. Hesab edirəm ki, inkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Yəni, ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Çünki bildiyiniz kimi, biz son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik və hesab edirəm ki, aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq. Beləliklə, neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək. Ona görə biz ümumi iqtisadi göstəricilərə nəzər saldıqda, ilk növbədə, qeyri-neft sektorunun parametrlərini nəzərə alırdıq. Burada da inkişaf daha uğurludur, 6 faizdən çox artıbdır. Nəzərə alsaq ki, artıq uzun illər bizim iqtisadi inkişafla bağlı əsas hədəflərimizdən biri sənaye istehsalının artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım daha da yüksəkdir. Bu, 7 faizdən çoxdur. Yəni, əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır”.

Bu artım, Azərbaycan hökumətinin iqtisadiyyatın dayanıqlı inkişafına yönəlmiş siyasətinin uğurlu nəticələrindən biridir. Qeyri-neft sektorunun bu qədər əhəmiyyətli pay qazanması, ölkənin neft-qaz asılılığından çıxışını göstərir və iqtisadi diversifikasiya istiqamətində atılan növbəti addımları təşviq edir.Hazırkı qlobal iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 4 faiz, qeyri-neft sektoru 6 faizdən çox, o cümlədən qeyri-neft sənayesi isə 7 faizdən çox artıb və hazırkı müsbət dinamikanın növbəti illərdə də davam edəcəyi gözlənilir. Bu isə onu göstərir ki, artıq özünü dünyada etibarlı neft-qaz tədarükçüsü kimi sübut edən Azərbaycan, həmçinin qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atır, yaşıl iqtisadiyyatı inkişaf etdirməklə bu sektorda da etibarlı tərəfdaş olmaq niyyətindədir.