Ulu Öndərin qərarı yalnız həmin dövr üçün deyil, gələcək nəsillər üçün də mühüm mənəvi və hüquqi əsaslar yaratdı

Ulu Öndərin qərarı yalnız həmin dövr üçün deyil, gələcək nəsillər üçün də mühüm mənəvi və hüquqi əsaslar yaratdı
Nəsimi Quliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 280 nömrəli tam orta məktəbin direktoru

Sovetlər Birliyinin hökm sürdüyü bir dövrdə, milli kimliklərin təzyiqlərlə üz-üzə qaldığı, rus dilinin dominant mövqedə olduğu siyasi mühitdə ana dilinin hüquqlarını qorumaq həm siyasi, həm də ideoloji baxımdan böyük cəsarət tələb edirdi. Belə bir şəraitdə, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması təşəbbüsü milli mənlik şüurunun, vətənə sədaqətin və uzaqgörən liderlik bacarığının təcəssümü idi. Bu təşəbbüs təkcə hüquqi akt deyil, həm də milli dirçəlişin başlanğıcı kimi tarixə düşdü.

27 aprel 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsində Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsi o dövrün ideoloji və siyasi çərçivəsini nəzərə aldıqda tarixi əhəmiyyətə malik idi. Sovet İttifaqının rəsmi siyasətinə görə, rus dili "ümumittifaq ünsiyyət dili" statusunda saxlanılır, digər dillərin inkişafı isə ikinci plana atılırdı. Bu kontekstdə Heydər Əliyev kimi iradəli liderin Azərbaycan dilinin dövlət dili kimi tanınmasını təmin etməsi yalnız daxili deyil, həm də ümumtürk dünyasında böyük rezonans doğurmuşdu.

Ulu Öndərin bu qərarı yalnız həmin dövr üçün deyil, gələcək nəsillər üçün də mühüm mənəvi və hüquqi əsaslar yaratdı. Onun uzaqgörən siyasəti nəticəsində, müstəqillik dövründə Azərbaycan dili tam hüquqlu dövlət dili kimi qəbul olunmaqla yanaşı, təhsil, mədəniyyət, hüquq və informasiya sahələrində əsas ünsiyyət vasitəsinə çevrildi. 1995-ci il Konstitusiyasının qəbul olunması zamanı Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dili dövlət dili kimi təsdiqləndi və bu, xalqımızın milli-mənəvi kimliyinin bərpası və qorunması yolunda atılan mühüm addım oldu.

Heydər Əliyev Azərbaycan dilinə dərin ehtiramla yanaşır, onu sadəcə ünsiyyət vasitəsi deyil, həm də milli-mənəvi sərvət kimi qiymətləndirirdi. Onun bu sahədə səsləndirdiyi fikirlər bu gün də aktuallığını saxlayır:

“Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var.” (31 avqust 1994)

“Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.” (30 oktyabr 1997)

“Bizim Azərbaycan dili şeir dilidir.” (6 fevral 2003)

Bu fikirlər göstərir ki, Ulu Öndər üçün dil yalnız kommunikasiya aləti deyil, eyni zamanda xalqın ruhunun ifadəsi, mənəviyyatının daşıyıcısı idi. Heydər Əliyev Azərbaycan dilinin qorunması və inkişafı uğrunda ardıcıl və prinsipial mübarizə aparırdı. 1990-cı illərdə, ölkənin müstəqillik qazandığı və çoxsaylı problemlərlə üzləşdiyi bir zamanda belə, ana dilinin rəsmi və funksional statusunun möhkəmləndirilməsi onun dövlət siyasətində prioritet məsələ kimi qalırdı. Milli Məclisdə dil haqqında qanunların qəbulu, kütləvi informasiya vasitələrində, təhsil müəssisələrində Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi bu siyasətin real nəticələri idi.

Ulu Öndər hər zaman nitqlərində Azərbaycan dilindən böyük məharətlə istifadə edir, onun imkanlarını geniş şəkildə nümayiş etdirirdi. Onun çıxışları yalnız siyasi mesajlar deyil, həm də dilin zənginliyini və gözəlliyini göstərən örnəklər idi. O, deyirdi:

“Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz.” (2 fevral 1996)

“Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili son bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək... dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur.” (29 dekabr 2000)

Bu fikirlər gənclər üçün həm vətənpərvərlik dərsi, həm də milli dəyərlərə sədaqət nümunəsi kimi qiymətlidir. Ulu Öndər Heydər Əliyevin dil siyasəti bu gün də Azərbaycan Respublikasının dövlət dilinə dair konsepsiyasının əsasını təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir. Ana dilimizin qorunması və təbliği ilə bağlı sərəncamlar, dövlət proqramları, elmi-tədqiqat institutlarının fəaliyyəti və təhsil siyasətində dilin rolu bu siyasi xəttin davamlılığını sübut edir.

27 aprel 1978-ci il tarixində Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunması yalnız hüquqi sənədin bir bəndi deyil, milli kimliyimizin rəmzi, mənəvi dirçəlişin simvolu və müstəqilliyə gedən yolda atılan əvəzsiz bir addımdır. Bu təşəbbüs Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına, onun tarixinə, dilinə və gələcəyinə olan sonsuz sevgisinin ifadəsidir. Məhz bu cəsarətli təşəbbüsün və müdrik siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dili yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da tanınan və tədris olunan bir dilə çevrilib.