Azərbaycan milli maraqları naminə hədəflərə doğru irəlilədikcə daxili və xarici maneələri inamla dəf edir

Azərbaycan milli maraqları naminə hədəflərə doğru irəlilədikcə daxili və xarici maneələri inamla dəf edir

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası

Suraxanı rayon təşkilatının sədri

Keçən həftə dünyanın yeni bir qütbləşməyə doğru hərəkət etdiyini gördük. Azərbaycan və Türkiyənin yeni dünya nizamında balanslaşdırılmış siyasətini saxlamaqla şərqə doğru meylinin artdığını sezdik. Əlbəttə, dünya siyasətində hadisələr bir anda baş vermir. Ciddi qərarlar vacib yoxlama mərhələlərindən keçir. Tam məsuliyyətimlə deyə bilərəm ki, Sovetlər Birliyinin dağılması, soyuq müharibənin bitməsindən sonrakı dönəmdə yanlış siyasət nəticəsində yeni ittifaqların və yeni qütbləşmənin əsası qoyuldu. Bunda da günahkar Qərb dövlətləri özləridirlər.

16 sentyabr 2022-ci ildə tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə üzüqara olan Nikol Paşinyan qatıla bilməmişdir. Sərhəddə baş verən təxribatlardan sonra öncə KTMT-də istədiyi diqqəti cəlb edə bilməsə də, layiq olduğu cavabı alan erməni baş nazirə və erməni cəmiyyətinə növbəti zərbə elə Səmərqənddə vuruldu. Prezident cənab İlham Əliyevə olan diqqət, hörmət və qayğı sanki dünyanın yeni nizamında yerimizin göstəricisi idi. Prezident çıxışı zamanı sərhəd insidentləri ilə bağlı bütün məsuliyyəti rəsmi İrəvanın daşıdığını bildirərək görüş iştirakçılarına məsələ ilə bağlı ətraflı məlumat vermişdir. Bu təşkilata üzv olan iki ölkə BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü, bir neçəsi isə nüvə silahına malik ölkələrdir. Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr Azərbaycanla strateji tərəfdaş olduqlarını və ərazi bütövlüyümüzü dəstəklədiklərini ifadə etmişlər. Bütün bunları nəzərə aldıqda bu tarixi zirvə görüşünün əhəmiyyəti bir daha önə çıxmaqdadır.

Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısında Prezident cənab İlham Əliyev Azərbaycanın regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verdiyini qeyd edərək vurğulamışdır ki, Zəngəzur dəhlizi marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır. Bütün region ölkələri uzaq şərqdən qərbi Avropaya doğru uzanan ən qısa yol olan Zəngəzur dəhlizinin formalaşmağında maraqlıdırlar. Eyni zamanda görüş iştirakçılarının nəzərinə Prezident Ermənistana təqdim olunan beş əsas prinsipə söykənən sülh müqaviləsi haqqında da məlumat verdi. Prezident xüsusi vurğuladı ki, ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsinin hazırlanması əsas qayə, məqsəd olmalıdır.

Hadisələrin gedişatı və ardıcıllığı sanki bir-birinin ardı ilə düzülmüş domino daşlarını xatırladır. Həmişə də eyni ssenari işləyir və hücumların istiqaməti eyni mərkəzdən və paralel şəkildə hərəkətlə müşahidə olunur. Azərbaycan Vətən Müharibəsində döyüş əməliyyatlarını ona görə dayandırdı ki, Ermənistan sözün bütün mənalarında məğlub oldu və akta imza atdı. Eyni zamanda da beynəlxalq sferada humanist imicimizi qorumaq naminə hərbi həlldən sonra siyasi həllə üstünlük verdik. 10 noyabr bəyannaməsinin bir sıra bəndləri icra olunsa da əsas iki maddə hələ də icra olunmur. Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin qalıqları tam çıxarılmayıb və Zəngəzur dəhlizi üçün yeni yolun istiqamətləri müəyyən olunmayıb. Hətta bir sıra beynəlxalq səviyyəli görüşlər zamanı Ermənistan dəfələrlə öhdəlikləri yerinə yetirmək haqqında razılıq versə də İrəvana qayıdan kimi daxili auditoriya qarşısında fikirlər və istiqamətlər tamami ilə dəyişdirilir. Nikol Paşinyanın dəhliz və Qarabağın “statusu” ilə bağlı açıqlamaları sərhəd ərazilərdə təxribatlarla müşahidə olunmaqdadır.

Hər dəfə olduğu kimi bu dəfə də Brüssel görüşündən sonra Moskvaya, Moskada görüşdən sonra isə qərbə məruzə edən Nikol Paşinyan yenidən geniş miqyaslı sərhəd təxribatlarına başladı. Güman edirdi ki, müharibədən sonra pulsuz əldə etdiyi silahlar hesabına xırda da olsa hərbi zəfər əldə edə bilər və bunun verəcəyi siyasi-diplomatik üstünlüklə bundan sonrakı görüşlərdə iştirak edər.  Eyni zamanda da xalqın gözündə məğlub, miskin imicini bir az da olsa yaxşılaşdırar. Lakin nəticə yenə eyni oldu. Təbii və öz qaydasında davam edən hadisələrin sonunda Azərbaycan tarixi torpaqlarına doğru sürətlə hərəkət etdi.

Qeyri-konstruktiv, davamsız və dayanaqsız davranışları Ermənistanın nə imzasına, nə sözünə güvən yaradır. Ona görə də proseslərin gələcək inkişafında və imzalanacaq sülh müqaviləsində sərhəd ərazilərdə aktiv döyüş əməliyyatları üçün faydalı olmayan hərbi birləşmələrin yerləşdirilməsi və bufer zona yaradılması məsələsi aktuallaşa bilər. Ermənistan etdiyi təxribatlardan sonra hərbi və siyasi kontekstdə daha çox itkilər verməyə məhkum hala düşür. Halbuki, müharibədən sonra regionda əməkdaşlıq və qarşılıqlı əlaqələr üçün münbit şərait var idi. İndi biz diqtə, onlar isə sadəcə əməl edəcəklər.

30 ildir ki, ədalətli mövqe tutmaqdan uzaq davranışları, bu günün özündə Paşinyana dəstək bəyanatları bir daha göstərir ki, onlar nə problemin həllində əhəmiyyətli addımlar atmış, nə də həll olduqdan sonra yeni reallıqları qəbul etmişlər. Eyni vəziyyəti biz Türkiyəyə də şamil edə bilərik. Uzun illərdir ki, Aİ-yə üzv qəbul edilmir. Müdafiə sənayesinin inkişafı istiqamətində NATO dövlətləri səmimi davranmadılar. Bu günlərdə ABŞ Senatının Nümayəndələr Palatasının rəhbərinin İrəvanda timsah göz yaşları töküb, “erməni soyqırımını” anmasının özü belə dünyanın yeni üfuqlərinin və müasir dildə desək yeni trendlərinin formalaşdığına işarədir. Lakin son 20 ildə “demokratiya və sülh” gətirdiləri bütün ölkələrdə qərbli demokratların nə fəlakətlərə səbəb olduqlarını gözəl bilirik. Əminəm ki, Ermənistanın növbəti dəfə regional təsir dairələrini, regionumuzun gələcək inkişafını düşünmədən verdiyi yanlış qərar ilk növbədə özünün gələcəyini sual altında qoyacaqdır. Azərbaycanın gələcək nüfuzu və yeri isə son günlər geniş yayılmışSəmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çəkilmiş fotoda da göründüyü kimi hər zaman bütün masaların və diqqətlərin mərkəzində olacaqdır.

Azərbaycan milli maraqları naminə hədəflərə doğru irəlilədikcə daxili və xarici maneələri inamla dəf edir. Ölkəmizə xarici təsir vasitələri ilə müdaxilə edə bilməyənlər daxildə və ya daxilə nüfuzetmə yolu ilə əngəllər yaratmaqdadırlar. Hakimiyyətdə olduqları bir il ərzində ölkəni inanılmaz dərəcədə pis hala salanlar bu gün xarici xüsusi xidmət orqanlarının əli və himayəsi altında sosial şəbəkələr vasitəsi ilə  insanlar arasında çaşqınlıq yaradırlar. Lakin unudurlar ki, onlardan sonra uzun illər lazım oldu ki, ölkə özünə gəlsin. O zamanlar hər kəs Xalq Cəbhəsi hakimiyyətinin torpaqların işğalına səbəbkar olduğunu bilirdi. İndi Əli Kərimlinin və onun hoqqabazlarının bəyanatları bu təsbitlərin nə qədər həqiqəti əks etdirdiyini bir daha sübut edir.

Ulu Öndər Heydər Əliyevə və daha sonra Prezident cənab İlham Əliyevə Qarabağın işğalını hər zaman siyasi hücum üsulu, vasitəsi kimi sui-istifadə edən bu adamlar indi Zəngəzurun, Göyçənin Ana vətənə doğru gəlişinə necə də xainliklə yanaşırlar. Son iki yüz ildə heç kimin ağlına, eyninə gəlməyən addımların atılması öz içimizdə olan daxili düşmənlərimizin sanki bağırlarına iti kimi xəncər sancılıb.

Son 30 ilə yaxın bir müddətdə, Ulu Öndər siyasi hakimiyyətə qayıtdıqdan sonra müdrik xalqımız haqlı olaraq bu üzdəniraqlara “qırmızı kart” göstərərək, onları “oyundan kənar” saxlamışdır. Bu da onlarda bitməyən, tükənməyən aqressiya formalaşdırmışdır. Görün nifrət hansı səviyyəyə çatıbsa məsələ iqtidara qarşı müxalifətin mübarizəsi müstəvisindən çıxaraq dövlətə, orduya və şəhidlərə qarşı düşmənçilik müstəvisinə keçmişdir. Sentyabrın 12-də və 13-də təxribatlar nəticəsində canlarını vətən uğrunda qurban verən oğullarımızın ruhu qarşısında dərin hüzn və ehtiramla baş əyirəm. Lakin onlarla bağlı hər hansı bir məclisə, tədbirə və yaxud da milli maraqlar naminə hər hansı bir kampaniyaya qatılmayan, dövlətinə töhfə verməyən, öz yaxınlarını, doğmalarını ölkədən çıxarıb gizlədənlərin indi şəhidlərlə bağlı saxta, inandırıcı olmayan fikirlər bildirməsi, bəyanatlar verməsi cəmiyyətimizdə nifrət hissi yaradır.

Dövlətini, millətini satan, keçmişinə və gələcək nəsillərə düşmən olanların hər hansı birini olursa olsun araşdıranda görürsən ki, maddi nemətlər uğrunda xalqına üz çevirmiş adamlardır. Biri vəzifədən getdiyinə görə, digəri vəzifəyə gələ bilmədiyinə görə, başqa biri əxlaqsız hərəkət edib cəmiyyət tərəfindən uzaqlaşdırıldığına görə, ailələrinə nəzarət etmədiklərinə görə və sair səbəblərdən xalq tərəfindən təqdir görməyən adamlar sanki son günlər öz nifrətlərini, ruhlarındakı zəhəri belə ifraz etdilər. Milli maraqların icrasını dayandırmaq, qərbin dırnaqarası demokratiya təşkilatlarının xəyanət planlarını işə salmaq üçün dayanmadan mübarizə aparan bu kəslərin bir adı-var o da xaindir. Onları bütün cəmiyyət tanımalı və layiqli qiymətlərini almalıdırlar.

Dünyanın müxtəlif yerlərində xarici maliyyələr hesabına internet kanalları açaraq Azərbaycana qarşı illərdir açıq və haqsız şəkildə müharibə elan ediblər. Sevinc Osmanqızı kimi öz kökünü unudanlar ölkəmizə qənim kəsiliblər. Onlar yaxşı vətəndaş, mərifətli adam, əsil vətənpərvər olsa idilər mütləq çətin günlərdə siyasi mənsubiyyətlərini, şəxsi və partiya maraqlarını bir kənara qoyardılar. Adları blogger, özləri isə düşmən kəsilən bu adamlar şəhidlərin qanlarını siyasi alver vasitəsinə çevirməyə və ondan süi-istifadə etməyə cəhd göstərirlər. O qədər mənəvi dəyərlərinə durmadan, dayanmadan xəyanət ediblər ki, bu artıq adi hal alıb.

Ermənidən daha çox erməni, düşməndən daha artıq düşmən olanlara qarşı dəmir yumruğun və Prezident cənab İlham Əliyevin ətrafında daha sıx birləşməliyik!