Dadaş Əliyev
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin direktoru
Prezident İlham Əliyevin martın 13-də Almaniyaya işgüzar səfəri baş tutub. Səfər uğurlu olub, dövlət başçımız Almaniya Prezidenti, kansleri, rəsmi şəxsləri, Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri və s ilə olduqca səmərəli görüşlər keçirib. Müzakirələr qarşılıqlı anlaşma, hörmət və etimad şəraitində keçib. Bu səfər Azərbaycan-Almaniya münasibətlərinin daha da inkişaf etdirilməsinə xidmət edəcək. Siyasi, iqtisadi, mədəni, humanitar istiqamətlərdə yeni əməkdaşlıq platformaları yarana bilər. Digər tərəfdən də nəqliyyat və enerji sahəsində bu gün Azərbaycanın qlobal təşəbbüsləri göz önündədir. Bura həm Cənub Qaz Dəhlizi, eləcə də Orta Dəhliz və Zəngəzur dəhlizi aiddir. Həmçinin Qara dənizin dibi ilə yaşıl enerji dəhlizinin formalaşması böyük bir coğrafiyada təhlükəsizliyin, sülhün və sabitliyin gücləndirilməsinə yönəlmiş təşəbbüslərdir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan mühüm geosiyasi faktor kimi böyük bir coğrafiyanın iqtisadi dayanıqlılığının artırılmasına yönəlik addımlar atır.
Dövlət başçısının Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü Azərbaycana yeni investisiyaların cəlb olunmasına müsbət təsir edəcək. Görüşdə Almaniya biznesi üçün Azərbaycanda geniş imkanlar açıldı. Həmçinin, əvvəllər Azərbaycanda fəaliyyət göstərən şirkətlərin imkanları daha da genişləndirildi. Bu da təbii ki, ikitərəfli münasibətlərə yönəlik çox ciddi addımdır. Hər bir dövlətin inkişafı üçün investisiya mühitinin yaxşı olması çox önəmlidir və istənilən ölkənin iqtisadi inkişafını təmin edən amillərdəndir. Almaniya öz tutduğu beynəlxalq mövqeyə görə dünya iqtisadiyyatında aparıcı rola malik olduğu üçün bu ölkədəki şirkətlərin Azərbaycanda təmsil olunması olduqca müsbət haldır. Bu həm də ölkədə yeni iş yerlərinin açılması, kadr potensialının hazırlanması baxımından çox əhəmiyyətlidir.
Almaniya ilə Azərbaycanın hərtərəfli əməkdaşlığı hər iki tərəf üçün olduqca faydalıdır. Bildiyimiz kimi, Azərbaycan Avropanın enerji təchizatında olduqca əhəmiyyətli rol oynayır. Xüsusilə də, Rusiya-Ukrayna müharibəsi fonunda bu sahədə Azərbaycanın rolu daha da önə çəkilir. Bu, tək enerji təhlükəzsizliyində deyil, nəqliyyat-logistika sahəsində də özünü göstərir. Görüşdə cənab Prezident İlham Əliyev Azərbaycanın Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş olduğunu bir daha vurğulayıb.
Ölkəmizin başçısı həmçinin Azərbaycanda külək və günəş enerjisi mənbələrinin potensialı olduğunu qeyd edib.
Cənab Prezident İlham Əliyevin cari ilin 14 mart tarixində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında söyləyib ki, Almaniya biznesi tərəfindən Azərbaycana və Azərbaycan iqtisadiyyatına böyük diqqət ayrılır. Bərpaolunan enerji növlərinin birgə işlənməsi və istismarı istiqamətində çox gözəl imkanlar var.
Prezident Azərbaycan-Ermənistan münasibətlərinə də toxunaraq deyib ki, sülhün zamanı çatıbdır. Azərbaycan Ermənistana 5 prinsip əsasında sülh müqaviləsini təklif edib. Ermənistan bu şansı qaçırmamalıdır. Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlamalıdır. Uzunmüddətli kontraktlar imzalanmalıdır. Avropada yaşıl keçidə meyillər çox yüksəkdir və bu səbəbdən Azərbaycan uzunmüddətli kontraktlarda maraqlıdır.
Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun mətbuat konfransında söylədiyi fikirlər də münasibətlərimizin artan xətt üzrə inkişaf etdiyini bir daha təsdiq edir. Kansler qeyd edib ki, “Prezident İlham Əliyev verdiyi məlumat ürəkaçan məlumatdır və Azərbaycanın Avropaya ixrac edəcəyi qazın miqdarı təbii ki, bizim gələcəyimiz üçün vacibdir və maraqlarımız eynidir. Enerji sahəsində həm orta, həm də uzunmüddətli əməkdaşlıq mümkündür. Təbii ki, biz tullantılardan azad enerjidə maraqlıyıq və bu sahədə bunu birgə təmin edə bilərik”.
Almaniya beynəlxalq səviyyədə öz fikrini bildirib və Dağlıq Qarabağı respublika kimi tanımamışdır. Yəni, bununla da öz mövqeyini bildirmişdir”. “Biz öz mövqeyimizi aydın şəkildə bildirdik. Biz həmçinin Dağlıq Qarabağı respublika kimi qəbul etmədik, Dağlıq Qarabağı da tanımadıq.”
Bütün bunlar bir daha onu söyləməyə əsas verir ki, Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun nəticəsi olaraq Azərbaycan dünya ölkələri sırasında özünəməxsus yerə sahibdir. Bu gün Avropanın və Dünyanın bütün öndəgələn ölkələri Azərbaycanı özlərinə etibarlı tərəfdaş və dost sayırlar.