Suraxanı rayonunda şəhid Mürsəl Kazımlının mövlud günü qeyd olunub
23 iyul Vətən Müharibəsi şəhidi əsgər Kazımlı Mürsəl Kamil oğlunun mövlud günüdür. Şəhidimizin mövludunun 30-cu ilinin tamam olması ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rəşad Hacıyev və digər rəsmi şəxslər ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar.
Suraxanı Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının nümayəndələri öncə Mürsəl Kazımlının Suraxanı rayon Zığ qəsəbəsi Dədə Qorqud yaşayış sahəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahını və adının əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş xatirə – abidə kompleksini ziyarət etmiş, tər güllər düzmüş və dualar oxumuşlar.
Ziyarət əsnasında Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirmişdir ki, Azərbaycan öz tarixi torpaqlarını Mürsəl kimi mərd, cəsarətli, canlarını vətən uğrunda qurban verən igid oğulları sayəsində düşmən tapdağından azad etmişdir. Canlarını, sağlamlıqlarını vətənin bütövlüyü uğrunda qurban verən vətənpərvərlərin xatirələri yaşadılır, əmanətləri olan ailələri unudulmur və onlar istər dövlət orqanları, istərsə də cəmiyyətimiz tərəfindən ali diqqət, sevgi və qayğı ilə əhatələnirlər
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.