Suraxanı Rayonunda "Sənə Zəfər Yaraşır, Azərbaycan” adlı zəfərimizin 5-ci ildönümünə həsr olunmuş bayram tədbiri keçirilmişdir

Suraxanı Rayonunda "Sənə Zəfər Yaraşır, Azərbaycan” adlı zəfərimizin 5-ci ildönümünə həsr olunmuş bayram tədbiri keçirilmişdir

3 noyabr 2025-ci il tarixdə “Cihan Event Hall”da Yeni Azərbaycan Partiyasının Suraxanı Rayon təşkilatı və  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təqdim etdiyi 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Sənə Zəfər Yaraşır, Azərbaycan!” adlı zəfərimizin 5-ci ildönümünə həsr olunmuş bayram tədbiri keçirilmişdir.

Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Ceyhun Məmmədov, Qaya Məmmədov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yerli tədbirlərin təşkili şöbəsinin rəhbəri Nərminə xanım Qafarlı, Vətən Müharibəsi Qəhrəmanı cənab Zaur Hüseynov, Azərbaycan Rəssamlar İttifaqının üzvü, UNESKO - Beynəlxalq İncəsənət Assosiyasiyasının üzvü, ART - TERAPİST Mehriban xanım Alışova, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailə üzvləri, qazilər, YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatının sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. 

Tədbiri giriş sözü ilə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qonaqları salamlayaraq dedi ki, 27 sentyabrda tarixində İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, “Dəmir yumruq əməliyyatı” adları ilə daxil olan əzəli və tarixi torpaqlarımızın azadlığı uğrunda 44 günlük mübarizəmiz başlamış oldu və 8 noyabrda mütləq qələbə ilə başa çatdı. Müharibə zamanı Azərbaycan xalqı heyrət ediləcək birlik və bərabərlik nümayiş etdirərək Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. Vətən oğulları gözlərini qırpmadan torpaqlarımız uğrunda canlarından keçdilər. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan öz tarixi torpaqlarını geri qaytararaq düşmən üzərində parlaq zəfər qazandı.

Suraxanı rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Əliyev çıxış edərək qeyd etmişdir ki, 8 Noyabr təkcə Qarabağda deyil, bütün sahələrdə ölkəmizin zəfərinin günüdür. İkinci Qarabağ müharibəsində xalqımızın yeganə amalı Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğ”u ətrafında sıx birləşmək və düşmən üzərində tam Qələbə qazanmaq idi və məhz belə də oldu. Ömür boyu birgəyaşayışın, tolerantlığın, multikulturalizmin ünvanı olan Azərbaycanda yaşayan, dilindən, dinindən, etnik kimliyindən asılı olmayaraq, bütün xalqların nümayəndələri çiyin-çiyinə döyüş meydanına atıldılar. Xalqımız igidlərimizi birlikdə döyüşlərə yola salıb onları Zəfərlə qarşıladı. Şəhid ailələrinin yalnız “Qələbə!” demələri hərbçilərimizi ruhlandırdı və arxasında xalqın dəstəyini hiss edən qəhrəman hərbçilərimiz misilsiz şücaətlər göstərdilər. 
Çıxış edən Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Ceyhun Məmmədov və Qaya Məmmədov da öz növbələrində Azərbaycan xalqının şanlı zəfərinə toxunaraq bildirdilər ki, 8 noyabr 2020-ci ildə Azərbaycan tarixində ən böyük hadisələrdən biri yaşandı. Döyüş meydanında ağır məğlubiyyətə uğrayan Ermənistanın daha ağır fəlakətdən yeganə çıxış yolu kapitulyasiya aktını imzalamaqdan keçirdi və düşmən bu sənədi imzalamaqla uduzduğunu qəbul etdi.

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, Azərbaycan Rəssamlar İttifaqının üzvü, UNESKO - Beynəlxalq İncəsənət Assosiyasiyasının üzvü, ART - TERAPİST Mehriban Alışova, Vətən Müharibəsi şəhidi, tank bölüyünün komandiri, baş leytenant Elvin Əlimovun anası, YAP Suraxanı rayon təşkilatının fəal üzvü, 280 nömrəli tam orta məktəbin müəllimi İradə Əlimova çıxış edərək dedilər ki, Əsas məsələlərdən biri də şəhid ailələrinə və qazilərə dövlətimiz tərəfindən göstərilən yüksək diqqət və qayğıdır. Bizə tarixi Qələbəmizi bəxş edən şəhidlərimizin ailə üzvləri və qazilərimiz dövlət tərəfindən ən ali diqqət və qayğı göstərilir.

Tədbirdə YAP Suraxanı rayon təşkilatının bir qrup üzvü rayonun ictimai-siyasi həyatında fəal iştiraklarına görə təltif edilmişlər. Eyni zamanda da şəhid övladlarına YAP Suraxanı rayon təşkilatı tərəfindən hədiyyələr və Azərbaycan Rəssamlar İttifaqının üzvü, UNESKO - Beynəlxalq İncəsənət Assosiyasiyasının üzvü, ART - TERAPİST Mehriban Alışova tərəfindən rəsm tabloları hədiyyə edilmişdir.

Tədbir mədəniyyət və incəsənət xadimlərinin nümunəvi çıxışları ilə davam etmişdir.