Ulu Öndər xalqın təkidi ilə Bakıya gələrək yeni qurulmuş dövləti xilas etdi və onun sütunlarını möhkəmlətdi

Ulu Öndər xalqın təkidi ilə Bakıya gələrək  yeni qurulmuş dövləti xilas etdi və onun sütunlarını möhkəmlətdi
Səadət Məmmədova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 327 nömrəli tam orta məktəbin direktoru

Deyirlər çətin zamanlar güclü şəxsiyyətlər yetişdirir. Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə nəzər yetirəndə bu deyimin həqiqət olduğuna şübhə qalmır. Azərbaycan tarixinin ən keşməkeşli və gərgin dövrlərində xilaskar kimi meydana atılan bu dahi insanın məntiqi və praqmatik yanaşmaları ilə birlikdə, vətənə, xalqa olan həssas duyğuları da diqqətə layiqdir. Vətənə olan sevgisi hələ SSR-i dövründə Azərbaycana rəhbərlik etdiyi zamanlardan özünü biruzə verirdi. 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi kimi çalışdığı zamanlarda da təəssübkeşliyi və çalışqanlığı ilə vətənimizi inkişaf etdirmək istiqamətində böyük işlər görməyi bacarmışdı. Lakin bu son deyildir.

Ulu Öndər Heydər Əliyevin taleyinə Azərbaycanın ən çətin günlərində onun xilaskarı missiyasını daşımaq da yazılmışdı. 1990-cı ilin 20 yanvarında  Sovet hərb maşının Azərbaycanda törətdiyi qətliamın ardınca Azərbaycanın Moskvadakı nümayəndəliyində “mərkəz”in fəaliyyətini kəskin bəyanatla pisləməsi, 1991-ci ilin iyulunda Qarabağda yaranmış münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz olaraq Sovet İttifaqı Kommunist Partiyası sıralarını tərk etməsi Heydər Əliyevin vətənə bağlı və cəsarətli bir insan olduğunun göstəricisidir. Vətənə dönərək sonrakı fəaliyyətini burada davam etdirən Ulu Öndər Azərbaycanı müstəqil və suveren bir dövlət olaraq görmək istəyini isə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının Naxçıvanın Ali Məclisinin iclasında rəsmi dövlət bayrağı kimi tanınmasına nail olaraq nümayiş etdirdi. Bu özlüyündə böyük bir tarixi hadisə olmaqla özünəqayıdışın təməli idi.

Sovetlər birliyinin dağılması və Azərbaycanın müstəqillik yoluna qədəm qoyması ilə paralel inkişaf edən gərgin siyasi vəziyyət, sosial-iqtisadi və hərbi sahədəki çətinliklər xalqın ümidini yenidən Heydər Əliyevə istiqamətləndirdi. Beləliklə 1993- cü ilin iyununda Azərbaycanın hələ beşikdə yırğanan müstəqilliyinin ayaq tutub yeriməsinə zəmin yaradacaq möhtəşəm tarixi hadisə baş verdi. Ulu Öndər xalqın təkidi ilə Bakıya gələrək yeni qurulmuş dövləti xilas etmək və onun sütunlarını möhkəmlətmək üçün işə başladı. Sərhədlərində ciddi problemlərin mövcudluğu, ordunun qeyri-nizami silahlı dəstələrdən ibarət olması, ağır sosial-iqtisadi durum, xarici qüvvələrin təhriki ilə süni şəkildə körüklənmiş ölkədaxili milli zəminli münaqişələr dərin zəka sahibi və idarəetmə bacarığı olan dahi insanın əzmini sındıra bilmədi.

 Xalqın yüksək etimadının ilham mənbəyi hesab edən Ümummilli lider Azərbaycan dövlətinin müstəqil varlığı uğrunda mübarizəyə atıldı. Onun gəlişi müasir tariximizin dönüş nöqtəsi oldu. İlk növbədə haçalanmış fikirləri bir ipə düzməyi bacaran lider vətəndaş müharibəsinin qarşısını alaraq insanları eyni amal ətrafında cəmlədi. Qanunsuz silahlı birləşmələr tərkisilah edildi, nizami ordu quruculuğu istiqamətində əhəmiyyətli addımlar atıldı. Daxili siyasətdə vaxtında və lazımi şəkildə görülən tədbirlər ölkəni parçalanmadan xilas etdi. Növbəti iş informasiya blokadasını yarıb Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq, Qarabağ həqiqətlərini qəbul etdirmək idi. Yorulmadan, usanmadan bu yolda çalışan Ulu öndər onlarla səfərlər etdi, yüzlərlə görüşlərdə məntiqi və axıcı çıxışları ilə rəğbət qazandı. Ölçülüb biçilmiş ifadələri ilə yanaşı şəxsi xarizması da onu istənilən həmsöhbəti üçün maraqlı müsahibə çevirirdi.

Beləliklə müdrik siyasətçi bütün dünyada geniş fəaliyyəti ilə seçilən erməni lobbisinin vətənimiz haqqında yaratdığı yanlış təsəvvürü dağıtmağı bacardı. 1994-cü ilin may ayında atəşkəsin təmin olunması Azərbaycanın və onun müstəqilliyinin inkişafına rəvac verdi. Bütün sahələrdə sistemli islahatların aparılması, azad bazar iqtisadiyyatına keçidin sürətlənməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, kütləvi informasiya vasitələri üzərində senzuranın aradan qaldırılması, məhkəmə sistemində aparılan islahatlar müasir dövlətçiliyimizin sütunlarını dayanıqlı etdi.

1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi” adlandırılan neft müqavilələrinin bağlanması isə Azərbaycanın təhlükəsizliyinin təminatı kimi dünya xəritəsində dövlətin mövqeyini sabitlədi. Bunun ardınca Azərbaycan beynəlxalq aləmdə etibarlı müttəfiq kimi ikitərəfli və çoxtərəfli müqavilələrin tərəfi oldu. İqtisadi bağların hörülməsi dövlətimizi Heydər Əliyevin simasında söz sahibi etdi. Ümummilli liderin səyləri nəticəsində Ermənistanla Azərbaycan arasında mövcud olan  Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, yəni ölkəmizin ərazi bütövlüyünün təmin olunması çərçivəsində aparılan ardıcıl, məqsədyönlü, sistemli işlər nəticəsini verməyə başladı. Belə ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalçı siyasətini pisləyən qətnamələr və bəyanatlar qəbul olundu.

 Heydər Əliyevin müstəqilliyimizin inkişafı istiqamətində apardığı işlər təkcə onun sağlığındakı fəaliyyəti ilə bitmir. Onun əsasını qoyduğu siyasi məktəb özündən sonrakı liderlər və siyasi simalar üçün əhəmiyyətli təməldir. 2023-cü ilin ölkə başçısının 29 sentyabr 2022-ci il tarixli sərəncamına əsasən Heydər Əliyev ili elan olunması dahi şəxsiyyətin siyasi irsinin araşdırılması və bu zəngin irsdən bəhrələnmək baxımından böyük əhəmiyyət daşıyır. Məhz ulu öndərin siyasi kursunun davamçısı olan cənab prezident İlham Əliyevin bu təməl üzərində Şuşaya yüksəlməsi də qeyd olunanların ən bariz nümunəsidir. Müstəqilliyimizin əbədi və dönməz olduğu Qarabağ zəfəri ilə təsdiqləndi. Heç şübhə yoxdur ki, dövlət başçımızın balanslaşdırılmış xarici siyasəti, praqmatik yanaşması və əzmi bundan sonra da vətənimizin inkişafını və müstəqilliyimizin sarsılmazlığını təmin edəcəkdir.