AZƏRBAYCAN XALQI TARİXİ ƏDALƏTİ ÖZÜ BƏRPA ETDİ
Kəmalə Feyziyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu, 331 saylı uşaq bağçası və körpələr evinin müdiri
44 günlük Vətən müharibəsi Ermənistan ordusunun darmadağın olması və işğalçı ölkə üçün kapitulyasiya aktı kimi dəyərləndirilən üçtərəfli bəyanatın imzalanması ilə nəticələndi. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni öz gücü hesabına, hərbi-siyasi yolla həll etdi və ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatının əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi missiyasını həyata keçirdi. Silahlı qüvvələrimizin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına döyüşərək düşmənə sarsıdıcı zərbələr endirdi. Xüsusi olaraq vurğulanmalıdır ki, Azərbaycan ordusunun müharibə metodları – planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi baxımından – yeni nəsil müharibə üsulu idi.
Təsadüfi deyil ki, bu gün bu müharibə metodu dünyanın ən nüfuzlu hərbi məktəblərinin, akademiyalarının dərsliklərinə salınır və Azərbaycanın müharibə təcrübəsi öyrənilməyə başlanılır. Hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh yüksəkliyi də müharibədə əhəmiyyətli rol oynamış Zəfərin qazanılmasında həlledici məqamlardan olmuşdur. Beləliklə, Vətən müharibəsində qazanılmış möhtəşəm qələbə Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti və Azərbaycan Ordusunun igid, mərd, qorxubilməz döyüşçülərinin qəhrəmanlığı nəticəsində mümkün olmuşdur.
Erməni quldurlarının 30 ildir ki, əsarətdə saxladığı torpaqlarda istehkamların yarılıb keçilməsində addım-addım minimum canlı qüvvə itkisi ilə ordumuzun irəliləməsində və işğaldan azad olunmuş hər bir parça Vətən torpağında Şanlı Bayrağımızın dalğalanmasında böyük əmək, planlanmış strategiya və ciddi əlaqələndirilmiş Mərkəzi Komandanlığın əzmi var idi. Azərbaycan əsgəri özünə verilən hər tapşırığın icrasını canı-qanı bahasına yerinə yetirir yüksək mənəvi keyfiyyətlərə malik ordu kimi müharibəni peşəkarcasına ancaq əli silah tutan və ölkəsinin ərazi bütövlüyünə təhdid mahiyyəti daşıyan şəxslərə qarşı aparırdı.
Beləliklə, 44 günlük Vətən Müharibəsi Azərbaycan üçün böyük Zəfərlə yekunlaşmış və artıq ölkəmiz üçün yeni dövr başlamışdır.