TACƏDDİN ALLAHYARLI
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 146 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən
Ulu öndər dilimizdə işlənən ən dəyərli sözlərdən biridir. Bu ada layiq olmaq, bu adı qazanmaq hamıya nəsib olmur. Bunun üçün sən hərtərəfli biliyə, dünyagörüşünə, təhlil etmək bacarığına, yaranmış çətin vəziyyətdən çıxmaq üçün dərin zəkaya malik olmaq, vətəninə, xalqına bağlı olmalısan. Məhz bu xüsusiyyətləri özündə ulu öndər Heydər Əliyev birləşdirmişdir. O, vətəninin hərtərəfli inkişafı üçün əlindən gələni edirdi.
Heydər Əliyev Azərbaycan xalqının milli-mədəni irsinə, tarixinə, incəsənətinə, elm sahəsinə daim yüksək dəyər və qiymət vermişdir. Dahi Azərbaycan şairləri Nizamidən, Füzulidən tutmuş, öz dövrünün elm və incəsənət xadimlərinə qədər hər kəsə qiymət verməyi bacaran dahi şəxsiyyətdir Heydər Əliyev. O, 21 sentyabr 1993-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşdə çıxışında: “Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq.”
Nəinki, ölkəmizdə ziyalılarla keçirilən görüşlərdə, eləcə də xarici ölkələrdə səfərlərdə olarkən belə Heydər Əliyev Azərbaycan elmi, incəsənəti və mədəniyyəti haqqında yüksək fikirlər söyləmişdir.
Ulu öndər 1994-cü il Türkiyə Böyük Millət Məclisində çıxış edərkən səsləndirdiyi fikirlər onun xalqına olan sevgisindən xəbər verir: “XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişdir.” Belə yüksək tribunadan Azərbaycan haqqında belə fikri o dövrdə yalnız Heydər Əliyev söyləyə bilərdi.
İncəsənətə əvəzsiz dəyər verən rəhbər: “Səttar Bəhlulzadə yaradıcılığı bizim üçün mədəniyyətin, rəssamlıq məktəbinin professional səviyyəsinin nə qədər yüksək olduğunu bütün dünyaya göstərir. Eyni zamanda xalqımızın gələcəyi üçün, mədəniyyətimizin inkişafı üçün böyük bir əsərdir.” Söyləyərək Səttar Bəhlulzadə yaradıcılığının nə qədər böyük olduğunu göstərmişdir. Daim görkəmli şəxsiyyətlər haqqında yüksək fikir söyləyən dahi rəhbər Üzeyir Hacıbəyovu fövqəladə fitri istedadı, böyük fədəkarlığı, mükəmməl təhsili, elmi vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət adlandırmışdır.
Ulu öndər təkcə incəsənət sahəsinə deyil, eyni zamanda da Azərbaycan elminə və elm xadimlərinə yüksək dəyər vermişdir. O, Mustafa bəy Topçubaşovu nadir bir sima adlandırmış, Yusif Məmmədəliyevi xalqımızın tarixinə daxil olmuş böyük alim, maarifçi, təşkilatçı, görkəmli ictimai-siyasi xadim kimi göstərmişdir.
Ümumilikdə yanaşsaq görərik ki, ulu öndər Heydər Əliyevin diqqətindən demək olar ki, heç bir alim, ziyalı və incəsənət xadimi yayınmamışdır. Onun saysız-hesabsız söylədiyi sitatlar hələ də öz aktuallığını itirməmişdir. Bülbül, Müslüm Maqomayev, Asəf Zeynallı, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Rəşid Behbudov, Bəhruz Kəngərli, Niyazi, Qara Qarayev, Mirvarid Dilbazi, Mirzə Fətəli Axundov, Səməd Vurğun və sairə görkəmli insanlar haqqında yüksək fikirlər söyləmişdir.
Və ən nəhayət nə xoş mənə ki, bir vaxtlar görkəmli şəxsiyyətlər haqqında sitatlar söyləyən ulu öndərim haqqında mən bu gün fəxrlə yazır və fikir bildirirəm.
Azərbaycan deyəndə - Heydər Əliyev, Heydər Əliyev deyəndə - Azərbaycan yada düşür. Və ən nəhayət bunu söyləmək istərdim: “Nə qədər Azərbaycan, nə qədər bu millət var, Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək.”
Tacəddin Allahyarlı
Suraxanı rayonu, 146 nömrəli tam orta məktəbin direktor əvəzi.