Müstəqilliyimizi təcəssüm etdirən dövlət rəmzlərinə sevgi və hörmət bəsləyirik

Müstəqilliyimizi təcəssüm etdirən dövlət rəmzlərinə sevgi və hörmət bəsləyirik

Arifə Məhərrəmova

 YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 258 saylı uşaq bağçası və körpələr evinin müdiri

Dövlət rəmzləri hər millətin qürur mənbəyidir. Azərbaycan Respublikasının dövlət rəmzləri Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himnidir. Azərbaycan vətəndaşları Vətənini sevir, dövlət rəmzlərinə hörmətlə yanaşır. Gələcəyimiz olan, yeni formalaşan nəslə Dövlət bayrağına, Dövlət gerbinə və Dövlət himninə dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi üçün mühümdür.

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib.

Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilib. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilib. Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilib. Dövlətimiz onun ərazisindən kənarda Azərbaycanın Dövlət bayrağı barədə təhqiredici hərəkətlərin qarşısının alınması məqsədilə beynəlxalq hüquq normalarına uyğun olaraq tədbirlər görür. Azərbaycan Respublikası əhali arasında bayrağımızın mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət ruhunda tərbiyə edilməsi məqsədilə tədbirlər görür.

Qeyd edək ki, qədim zamanlardan dövlətlərin, şəhərlərin, qohumluq birliyi və ya nəslin fərqləndirici nişanı olan “gerb” Avropa mənşəli sözdür və “vərəsəlik” mənasını ifadə edir. Bayraqlarda, möhürlərdə, pul vahidlərində, istiqraz vərəqələrində və s. gerb yerləşdirilir. Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri var.

Azərbaycanın dövlət gerbi haqqında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin həmin ilin mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarıb. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində gerb qəbul edilməyib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Dövlət gerbi ilə bağlı məsələni müzakirə edərək, Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın Dövlət gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunması haqqında vəsatət qaldırıb.

Müsabiqə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə elan olunub. 1991-1992-ci illər ərzində müsabiqəyə Dövlət gerbinin onlarla layihəsi təqdim olunmuş, müzakirələr zamanı 1919-1920-ci illərdə hazırlanmış layihələrdən birinin qəbul edilməsi ilə bağlı təkliflər də səslənib. Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq edib.

Azərbaycan Respublikasının Dövlət himni dövlət rəmzlərindəndir.1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi/ 1992-ci il mayın 27-də parlament “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.

Azərbaycan Respublikasının Dövlət himni haqqında əsasnaməsinə əsasən Azərbaycan Respublikasının Dövlət himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir. Azərbaycan Respublikasının Dövlət himninə dərin ehtiram bəsləmək onun hər bir vətəndaşının vətənpərvərlik borcudur. Müstəqilliyimizi təcəssüm etdirən dövlət rəmzlərinə sevgi və hörmət bəsləyirik. Müqəddəs bildiyimiz dövlət rəmzlərini qorumağa borcluyuq. Əhali arasında dövlət rəmzlərinin mənası və mahiyyətinin geniş təbliği vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir.