Kərəm Mehdiyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
N.Rəfiyev adına 104 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29.06.2022-ci il tarixində Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmişdir. Cənab Prezident toplantıda çıxışı zamanı bir çox vacib məsələlərə toxunub. İlk növbədə qeyd olunmuşdur ki, Azərbaycan Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyətinə böyük dəyər verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi Xəzəryanı dövlətlərin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.
Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazasının möhkəmlənməsi nəticəsində bölgədə təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Xəzəryanı dövlətlər arasında dayanıqlı münasibətləri təmin edən amillərdən bəhs olunarkən cənab İlham Əliyev qeyd etmişdir ki, Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Xəzər dənizinin strateji əhəmiyyət daşıdığı bildirilərək qeyd olunmuşdur ki, Xəzər dənizi regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir.
Xəzər hövzəsində nəqliyyat infrastrukturunun inkişafından bəhs olunarkən qeyd olunmuşdur ki, nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır.
Cənab Prezident Azərbaycanın Xəzər hövzəsində nəqliyyat və loqistika sahəsində özünəməxsus yer tutduğunu bildirərək demişdir: ”Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq”.
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni reallıqları diqqətə çatdıran, bölgədə dövlətlərin iqrisadi inkişafı, səmərəli əməkdaşlığın təşkili üçün mühüm amillərdən biri olan nəqliyyat infrastrukturunun yenilənməsinin vacibliyindən bəhs edən cənab Prezident İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası ilə bağlı Azərbaycanın göstərdiyi səyi bir cümlə ilə ifadə etdi: “Zəngəzur dəhlizi artıq reallığa çevrilir”.
Cənab Prezident ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərik olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir. İlham Əliyev bu ilin sonunda Bakıda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının tərəflərinin VI konfransının keçirilməsi nəzərdə tutulduğunu da əlavə etmişdir və nəticə olaraq qeyd etmişdir ki, bu Sammit Xəzəryanı dövlətlərin qarşısında duran mühüm ümumi məsələlərin həllinə yönəlmiş səylərin birləşdirilməsinə şərait yaradacaq