III MDB oyunları 28 sentyabr - 8 oktyabr Azərbaycanda təşkil edilib

III MDB oyunları 28 sentyabr - 8 oktyabr  Azərbaycanda təşkil edilib
Kərəm Mehdiyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 104 nömrəli tam orta məktəbin direktoru

Azərbaycan dövləti idmanın inkişafına xüsusi önəm verir və bu sahəni milli prioritetlərdən biri kimi qəbul edir. Son illərdə ölkədə idman infrastrukturunun genişləndirilməsi, idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsi və beynəlxalq idman tədbirlərinin təşkili istiqamətində mühüm addımlar atılıb. Azərbaycan bir çox mötəbər yarışlara ev sahibliyi etməklə yanaşı, gənclər arasında sağlam həyat tərzinin təbliği və ölkənin idman diplomatiyasının gücləndirilməsi sahəsində də əhəmiyyətli nailiyyətlər əldə edib.

MDB Oyunları konsepsiyası ilk dəfə 2018-ci il sentyabrın 28-də Düşənbədə MDB Dövlət Rəhbərləri Şurasının iclasında təsdiq edilib. Oyunlar sadəcə MDB-nin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq sazişinin qüvvəyə minməsi ilə bağlı  deyil, həm də xalqlar arasında çoxillik dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədini özündə əks etdirir.

Bu il isə III MDB oyunları 28 sentyabr - 8 oktyabr tarixlərində Gəncə, Göygöl, Mingəçevir, Qəbələ, Şəki, Xankəndi və Yevlaxda 23 idman növü üzrə təşkil edilib.  Bunlara avarçəkmə, kanoe, sərbəst və Yunan-Roma güləşi, stolüstü tennis, güllə atıcılığı, üzgüçülük, basketbol 3x3, karate, taekvondo, cüdo, sambo, badminton, batut gimnastikası, bədii gimnastika, çövkən, stend atıcılığı, futbol U-16, qılıncoynatma, kamandan oxatma, voleybol və boks daxildir.

Gəncə şəhərinin III MDB Oyunlarının “İdman Paytaxtı” seçilməsi xəbəri və oyunların dəqiq tarixi ictimaiyyətə açıqlandıqdan sonra yarışların yüksək səviyyədə təşkili üçün Gəncədə idman infrastrukturu yenilənib. Bu məqsədlə 9 aprel 2024-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Gəncə İdman Sarayının açılışı baş tutub. Müasir standartlara cavab verən bu kompleks III MDB Oyunlarının əsas yarış yeri kimi yadda qaldı.

2025-ci il sentyabrın 28-də Gəncə stadionunda III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Açılış zamanı Dövlət Bayrağımız arenaya gətirilib və Dövlət Himnimiz səsləndirilib. Daha sonra iştirakçı ölkələrin idmançılarının paradı olub. İdmançılar və məşqçilərin andiçməsindən sonra Prezident İlham Əliyev III MDB Oyunlarını rəsmi olaraq açıq elan edib. Mərasim bədii proqramla davam etdirilib.

Azərbaycan bu oyunları ümumilikdə 184 medalla (33 qızıl, 56 gümüş və 95 bürünc)  başa vuraraq medal sıralamasında ikinci yeri tutub. Bu nəticə ilə Azərbaycan MDB Oyunlarında iştirak etdiyi müddətdə (2021-dən bəri) ən yüksək nailiyyətini əldə edib.

III MDB Oyunları Gəncə şəhərinin beynəlxalq idman arenalarında tanınmasına, regional inkişafın sürətlənməsinə və gənclər arasında beynəlxalq əməkdaşlığın genişlənməsinə şərait yaratdı. Bu platforma təkcə idman yarışı deyil, eyni zamanda MDB ölkələri arasında mədəni, sosial və humanitar əlaqələrin möhkəmləndirilməsində böyük önəm daşıyır. III MDB Oyunları həm nüfuzlu idman ölkəsi, həm də qalib ölkə kimi Azərbaycanın təqdimatı oldu.