Sentyabrın 20-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Əsrin müqaviləsi tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” adlı konfrans keçirilib. Konfransda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Vazeh Əskərov, Rayon Ağsaqqallar şurasının sədri Arif Babayev, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, RİHB-nin müavinləri, şöbə müdirləri, rayonda fəaliyyət göstərən neft şirkətlərinin nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin Əmircan qəsəbəsi, Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Rayon İcra Hakimiyyətinin konfrans zalında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək şəhid olmuş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və dövlət himni səsləndirilib. Sonra “Əsrin müqaviləsi”nin tarixi və iqtisadi əhəmiyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qonaqları salamlayaraq bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 90-cı illərin əvvəlində başlanmış siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin və ən əsası XXI əsrin astanasında yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının rəmzidir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi”nin Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olduğunu qeyd edən RİH başçısı Azərbaycanın həm regionda, həm də dünya birliyində siyasi mövqeyinin, nüfuzunun möhkəmlənməsində bu layihənin uğurla həyata keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini də vurğulayıb. O, bildirib ki, Ulu Öndərin neft strategiyasını uğurla davam etdirən Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən siyasəti bu gün ölkəmiz və region üçün böyük fayda verir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Etibar Əliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Vazeh Əskərov, Rayon Ağsaqqallar şurasının sədri Arif Babayev, RİHB-nin Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlixan Əliyev, “Suraxanı Oyl Opereyşn Kompani S.A.” Şirkətinin nümayəndəsi Həsən Zalov çıxış edərək Ulu öndər Heydər Əliyevin ökəmizi böyük inkişaf yoluna çıxarmış neft və qaz strategiyasının bu gün prezident cənab İlham Əliyevin iradəsi və müdrikliyi sayəsində yaşadığını, iqtisadi və siyasi müstəqilliyimizin möhkəmlənməsində aparıcı rol oynadığını qeyd ediblər.
Həmçinin, Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov “Suraxanı Oyl Opereyşn Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin, “Abşeron Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı Filialının və “Bahar Energy Operating Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin bir qrup əməkdaşını rayonun sosial-iqtisadi inkişafında fəal iştirakına görə RİHB-nin Fəxri Fərmanları ilə təltif edib.