Ulu Öndər Heydər Əliyev öz xalqının tarixinə adını qızıl hərflərlə yazan böyük xilaskardır
Vüqar Seyidov
Yeni Azərbaycan Partiyası
Suraxanı Rayon Təşkilatının sədri
Hər bir xalqın öz dövrü üçün görkəmli nümayəndələri olur ki, onlar o xalqın, o cəmiyyətin Qızıl Fonduna çevrilirlər. Bu insanlar öz xalqlarının güzgüsü, vizit kartıdır, onun milli kimliyinin, qürurunun göstəricisidir. Bu il 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin siyasi irsi, onun dövlətçilik təcrübəsi və insani keyfiyyətləri əminəm ki, Müstəqil Azərbaycan Respublikası, müdrik Azərbaycan xalqı yaşadıqca hər zaman ən aktual mövzu olacaqdır. Hər bir azərbaycanlı Heydər Əliyev zirvəsinin aliliyini bilir, dərk edir və ona xüsusi ehtiramla yanaşır. Ulu Öndərin yolu, onun əsərləri bizim gələcək hədəflərimizdir. Bu hədəflərin böyük bir qismi artıq Müzəffər Ali Baş Komandan tərəfindən yerinə yetirilib.
Prezident cənab İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması Azərbaycan xalqının Ulu Öndərə olan sonsuz sevgisinin ifadəsidir. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər Azərbaycanın müstəqilliyinin bərpası tarixinin bir daha düzgün qiymətləndirilməsi üçün böyük imkandır. Siyasi tarix elmi nöqteyi-nəzərindən Heydər Əliyevin, o cümlədən Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycan uğrunda mübarizədə yeri əvəzolunmazdır və düzgün dəyərləndirilməlidir.
Heydər Əliyev nurdur. Heydər Əliyev işıqdır. Azərbaycan xalqının həyatında qaranlıqdan işığa gedən yolun mayakıdır Heydər Əliyev! Heydər Əliyev Azərbaycan xalqının milli-mənəvi dəyəridir. Milli-məvəvi dəyərləri qoruyub, saxlamaq və yeni nəsillərə ötürmək xalqın gələcək taleyində əvəzsiz rol oynamaq deməkdir. Ümummilli lider ən mümkünsüz anlarda və bütün təzyiqlərə rəğmən milli təfəkkürün formalaşmasına xidmət edib.
Heydər Əliyev ölkəmizdə növbəti dəfə repressiya dalğasının qarşısını alan, xalqının dəyərli övladlarını qəddar sovet repressiya maşınının məngənəsindən xilas edən şəxsiyyətdir. Əks halda 1969-cu ildən başlayan milli özünüdərk prosesi, Azərbaycan dilində yazılan əsərlər, Azərbaycan tarixi ilə bağlı elmi araşdırmalar sonradan başlayacaq milli azadlıq hərəkatının bazası, ana fikri ola bilərdimi? Sonralar hətta siyasət səhnəsində Ulu Öndərlə mübarizə aparanlar belə səmimi etiraf edirdilər ki, əgər Heydər Əliyev olmasa idi, onlar nə dövlət mükafatları ala bilərdilər, nə də repressiyanın məngənəsindən xilas olardılar. Lakin təəssüf hissi ilə bildirmək istərdim ki, sonralar Heydər Əliyev Moskvadan 1990-cı ilin yayında Bakıya gələrkən o vaxtilə bəzi özünün qoruduğu, vəzifə verdiyi Azərbaycanın o zamankı hakimiyyət nümayəndələri tərəfindən təqib olunmağa başladı. Eyni zamanda, xalq azadlıq hərəkatına yamaq kimi qoşulmuş cəbhəçilər də Heydər Əliyevi gözdən salmağa cəhd edirdilər, amma heç zaman buna nail ola bilmədilər.
Heydər Əliyev tarixin bütün dövrlərində, sözün bütün mənalarında Azərbaycan xalqının danışan dili olub. Keçmiş Sovetlər birliyində milli-dini mənsubiyyətlərini, xalqların adlarını dilə gətirməklərinin çox böyük təhlükə olduğu zamanlarda belə, dilimizin dövlət dili kimi 1978-ci ildə Konstitusiyada özünə yer tapması Ulu Öndərin Azərbaycan dilinə olan məhəbbəti, doğma münasibətidir. 1969-ci ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış etmək o dövrün qəbul edilmiş qaydalarına görə ən yumşaq ifadə ilə desək, siyasi karyeranın sonu demək idi. Ulu Öndər isə bir daha öz xalqına yön, istiqamət verirdi. Əslində Heydər Əliyev Sovetlər Birliyinin qılıncının ən kəskin dönəmində öz xalqına, ziyalılara, alimlərə deyirdi ki, “öz ana dilinizdə danışın, onu inkişaf etdirin. Elmi əsaslarını formalaşdırın.” Məhz bu milli mövqe Azərbaycan dilinin yetkin dil kimi formalaşmasına səbəb olmuşdur.
Müdrik xalqımız Heydər Əliyevin sovet Azərbaycanı və SSRİ rəhbərliyində olduğu dövrlərdə böyük uğurlar qazanmışdı. Ona görə də belə bir şəxsiyyətin 1987-ci ildə sovet rəhbərliyindən ədalətsizcəsinə kənarlaşdırılması və təqib olunması Azərbaycan xalqının sovetlər birliyinə inamını sarsıtdı. Əslində, xalqın müstəqillik düşüncəsinə ilk təkan məhz bu hadisə oldu. Heydər Əliyevin Moskvada siyasi fəaliyyətdən təcrid olunmasından sonra Qarabağda erməni separatizmi baş qaldırdı, ardınca soydaşlarımız Ermənistandan kütləvi deportasiya edildi, Sumqayıtda ermənilər təxribat törətdilər. Hadisələrin kulminasiyası 20 Yanvar faciəsi oldu.
Hakimiyyətdə olanların və Xalq cəbhəsi fəallarının qorxaqlığı və xəyanəti fonunda Azərbaycan xalqının haqq səsini dünyaya çatdıran yalnız Heydər Əliyev oldu. Onun Moskvada cəsarətli bəyanatından ruhlanmış Azərbaycan xalqının müstəqillik mübarizəsi daha da vüsət aldı. 1987-ci ildən başlayan tarixi uğursuzluqların və faciələrin qarşısını ala biləcək yeganə şəxs Heydər Əliyev idi. Yüz minlərlə insanın arzusu Heydər Əliyevin Bakıya dönüşü və xalqa rəhbərliyi idi. O, 20 Yanvar hadisələrindən sonra böyük bir imperiyaya qarşı dayana bilmişdi. Baxmayaraq ki, Sovetlər birliyinin repressiv gücünü ən yaxşı elə Heydər Əliyevin özü bilirdi. Xalqı naminə özünün və ailəsinin gələcəyini riskə, təhlükəyə atacaq qədər böyük vətənpərvər idi Heydər Əliyev!
Heydər Əliyev Azərbaycanın vuran əli idi. Bəli, o istər keçmiş təhlükəsizlik orqanlarının generalı, istər Sovet Azərbaycanının birinci katibi, istərsə də müstəqil Azərbaycanın Respublikasının Prezidenti kimi ölkənin müdafiəsi və təhlükəsizliyinin təmin olunması istiqamətində böyük işlər görmüşdür. Onu da vurğulamaq istərdim ki, Cəmşid Naxçıvanski adına hərbi məktəb və onun məzunları müstəqil Azərbaycanın ordusunun formalaşmasında müstəsna rola malikdir. Müsətəqil Azərbaycan Respublikasının ilk hərbi zəfəri olan Horadiz əməliyyatı da məhz onun Ali Baş Komandan kimi tarixi fəaliyyəti idi. Sıfırdan ordu yaratdı, Türk ordusu ilə əməkdaşlıq etdi. Atəşkəs rejimini təmin edərək ordumuzun yaranma prosesinin rahat inkişafına zəmin yaratdı. Son nəticədə 44 günlük Qarabağ Zəfəri məhz Ulu Öndərin ordu quruculuğunun məntiqi sonluğudur.
Heydər Əliyev arzudur, Heydər Əliyev sabaha inamdır. Torpaqlarımız işğalda olanda belə, “ biz mütləq qayıdacağıq” deyərək öz xalqına hər zaman ürək-dirək verən böyük ümiddir Heydər Əliyev! Heydər Əliyev hətta mümkünsüzlüyün mümkünlüyünü bütün dünyaya sübut edən dahi şəxsiyyətdir. Onun qarşısında dura biləcək maneə, ona törədilə biləcək əngəl yox idi. O bütün təxribatların üstündə, bütün əngəllərdən yuxarıda olan bir şəxsiyyət idi.
Qədim yunan filosofu Platondan soruşurlar ki, nəyə görə müəllimlərinə valideynlərindən daha çox hörmət edirsən? O, cavabında bildirir ki, valideynlərim məni göydən yerə endirdi, müəllimlərim isə əksinə, yerdən göyə qaldırdı. Heydər Əliyev xalqın böyük müəllimidir. Heydər Əliyev Azərbaycan xalqına rifahı, müstəqil yaşamağı öyrətdi. Heydər Əliyev azadlığı qorumağın onu əldə etməkdən daha çətin olduğunu öyrətdi. Heydər Əliyev həm də əlində xəritə göstəricisi ilə bütün dünyaya Azərbaycanı öyrətdi. Elə öyrətdi ki, bu gün bütün dünya bu böyük reallığı qəbul edir.
Ümummilli Lider Heydər Əliyev unikal bir şəxsiyyətdir. Onun həyatı, fəaliyyəti, xalqa bağlılığı yalnız Azərbaycan gəncliyi, gələcəyi üçün deyil, bütün dünya üçün etalon hesab oluna bilər. O hər zaman öz doğma xalqına güvənirdi. Digərləri hakimiyyətə güc yolu, qan tökərək, çevirişlər edərək gəlməyi üstün tutduqları halda, Ulu Öndəri hakimiyyətə xalq dəvət etdi. Onu israrla xalq çağırdı. Çünki Heydər Əliyevi hakimiyyət deyil, xalqının taleyi, gələcəyi, qayğıları maraqlandırırdı. Heydər Əliyev hər zaman qardaşlığı, sülhü, demokratiyanı, milli-mənəvi dəyərlərin fonunda dünyəvi dəyərləri müdafiə edirdi. O, qanla siyasəti bir-birindən uzaq tutmuş, hakimiyyətə gəlmək üçün xalqın iradəsinə inanmışdır. Öz xalqının tarixinə adını qızıl hərflərlə yazan böyük xilaskardır Heydər Əliyev. Azərbaycan xalqının təkidli tələbi idi Heydər Əliyev. Bütün bir xalqı öz ətrafında birləşdirən və gələcəyə aparan öndərdir Heydər Əliyev.
Heydər Əliyev həm də özündən sonra xalqına müzəffər xalq kimi yaşamağın, bir yumruğun ətrafında birləşməyin, işğaldan xilas olub, torpaqlarını işğaldan azad etməyin yollarını öyrətdi. Heydər Əliyev özündən sonra həm lider yaradan, həm də xalqına o liderin ətrafında bütövləşməyin yollarını öyrədən dühadır.
Heydər Əliyev zamanın nəbzini tutaraq bugünün müasir dünya çağırışlarını hələ illər öncə doğru təhlil edərək özündən sonra xalqına üç ali dəyər əmanət etmişdir. Onlar “şah əsəri” dediyi Müstəqil Azərbaycan Respublikası, cəmiyyətimizdə demokratik dəyərlərin təcəssümü olan Yeni Azərbaycan Partiyası, nəhayət əlbəttə xalqını ülvi amallar və ali hədəflər ətrafında birləşdirə bilən ən layiqli davamçı Prezident cənab İlham Əliyevdir. Heydər Əliyev Azərbaycanın çoxəsrlik dövlətçilik ənənələrinin daşıyıcısı kimi meydana çıxmış dövlət xadimi – fenomendir. 2023-cü il eyni zamanda da Heydər Əliyevin fiziki yoxluğunun 20-ci ilidir. Bu həm də ən layiqli davamçı, siyasi varis cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin, öz xalqına ləyaqətlə xidmətinin 20-ci ilidir. Ötən illər, əldə etdiyimiz uğurlar və tarixi Qarabağ Zəfəri müdrik Azərbaycan xalqının Ulu Öndər vəsiyyətinə əməl etməklə necə düzgün qərar verdiyini sübut edir.
Siyasi varislik anlayışı hər hansı bir idarəetmə metodunun olduğu kimi surətini çıxarmaq, təkrarlamaq, heç dəyişdirmədən tətbiq etmək demək deyildir. Xüsusi ilə də siyasi varislik mövcud olan işlərin yaradıcı şəkildə davam etdirilməsi, qəbul edilmiş estafetin daha uca zirvələrə qaldırılması kimi başa düşülməlidir. Cənab İlham Əliyev iyirmi illik prezidentlik fəaliyyəti ilə qəbul edilmiş estafetin dəyərini daim uca tutmaqla xalqımıza konkret tarixi dövrdə mühüm nailiyyətlər qazandırmışdır. O, layiqli davamçı kimi çoxəsrlik Azərbaycan tarixinə qalib müzəffər Ali Baş Komandan kimi daxil olmuşdur. Bu da müdrik Heydər Əliyevin öz xalqı qarşısında ən son və ən tarixi xidmətidir ki, layiqli Lider, müzəffər Ali Baş Komandan yetişdirə bilmişdir.
Bəzi insanların ömrü çox bərəkətlidir. Onlar ölürlər, amma eyni zamanda yaşayırlar. Onlar ölümü öldürüb yaşayırlar. Ölüm onların həyatına xitam verə bilmir. Ölüm onların xidmətlərini sonlandıra bilmir. Onlar əbədi yaşayırlar bu dünyada, əsrlərlə bəşəriyyətə fayda verirlər. Xidmətləri bitmir və tükənmir. Budur Heydər Əliyev ömrü. İnsan var üzündən, insan var izindən tanınar, deyib atalar. Üzdən tanınanların ömrü yaşadıqları günlərin sayı qədər olur və sonradan unudulurlar. Lakin izindən tanınanlar əməlləri ilə insanların, zaman-zaman formalaşan yeni nəsillərin qəlbində hər zaman ucalır, əbədi yaşamaq haqqı qazanırlar. Sonda demək istəyirəm ki, sağdır Heydər Əliyev! Bəli, sağdır, çünki onun fiziki yoxluğu, heç də onun mənəvi yoxluğu demək deyildir. İnsan dünyasını dəyişəndə ölmür, insan unudulanda ölür. Nə qədər müstəqil Azərbaycan var, nə qədər müdrik Azərbaycan xalqı yaşayır, Ulu Öndər də daima qəlblərimizdə yaşayacaqdır!!!