Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə və qətiyyətlə bildirdi
Zülfiyyə Məmmədhuseynova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 89 nömrəli məktəbin direktor müavini
“Dilimiz çox zəngin və ahəngdar dildir,dərin kökləri vardır. Şəxsən mən öz dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm.” Heydər Əliyev
Tarixi minilliklərin sınağından ,hakim rejimlərin işğalından , yadelli təcavüzlərin təzyiqindən, yabançı dəblərin axınından, müxtəlif dillərin təsirindən qalib çıxan, bu günümüzə qədər sağlığını, təmizliyini, qoruyaraq gələn dilimiz -Azərbaycan dili haqqında düşünərkən , bu dil haqqında əlimə qələm alıb yazmaq istəyərkən gözlərimin önündə Nəsimi , Füzuli, Şah İsmayıl, Molla Pənah Vaqif canlanır. Bunlar Azərbaycan söz sənətinin,Azərbaycan təfəkkür dünyasını, Azərbaycan dil xəzinəsinin, Azərbaycan ictimai-siyasi fikrinin təməl daşları, bünövrəsi, ən dəyərli inciləridirlər. Sadaladıqlarım Azərbaycanın böyük mütəfəkkirləri, ədəbiyyat tariximizin nəhəngləri, şair və yazıçılaridir. Lakin mən bu sıraya bir ismi də əlavə etmək istəyirəm. Düzdür,o nə şairdir, ne yazıçıdır,nə də dilcidir. Onun şeirləri , romanları yoxdur.Lakin o, ən istedadlı yazıçının belə yarada bilməyəcəyi bir qüdrətli əsər yaradıb. Bu misilsiz əsərin adı Azərbaycandır.
Ölkəsinin başı üzərində qara buludların dolaşdığı,xalqının ölüm -dirim sualıyla qarşılaşdığı, torpaqlarının düşmən tapdağı altında qaldığı bir zamanda bir Simurq quşu kimi qanadlarını açaraq Vətəninin səmasında görünən Heydər Əliyev zamanında bir addım atmışdı. Bu cəsarətli addım onun fəaliyyətində, siyasi istiqamətində çox illər sonranı əks etdirirdi. 1969- cu ildə respublikanın rəhbəri seçilən Heydər Əliyev, cəmi bir neçə ay sonra o vaxtkı Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində nitq söyləmişdir! Bu cümlənin sonunda nida işarəsi təsadüfən qoyulmamış. Çünki həmin dövrdə belə bir addım, həqiqətən, böyük bir cəsarət istəyirdi və ən başlıcası minillik, soykökə bağlılıq anlamına gəlirdi.Hemin tarixi günü Heydər Əliyev 25 il sonra, BDU-nun 75 illiyinə həsr olunan iclasda artıq müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi xatırlayırdı. Böyük Öndər həmin dövrdə ölkədə keçirilən bütün tədbirlərdə doğma dilində danışmaqdan çəkinmirdi. Uzun illər boyu sıxışdırılan dilimizin sabahına işıq salır, cəsarətli, şəxsi nümunəsi ilə milyonlarla insanın ürəyindən keçənlərin ifadəsinə çevrilir, haqq sözünü deyir,dilimizin ən ali mərtəbəyə layiq olduğunu bəyan edirdi.
1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyası hazırlanarkən, respublikanın rəhbəri Heydər Əliyev, şəxsən özü yaradıcı ittifaqlara xəbər göndərməli olmuşdu ki, Konstitusiyaya Azərbaycan SSR-in dövlət dilinin Azərbaycan dili olması barədə xüsusi maddə salınmasını tələb etsinlər. Nəticədə, Konstitusiyaya, Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir- maddəsi təsdiq olundu. Xüsusi ilə bir məqam vurğulanmalıdır ki, bu addım müstəqil ölkədə deyil,milli hüquq və azadlıqlarının məhdudlaşdırıldığı , totalitar imperiyaya bağlı olan bir ölkədə,sovet respublikası olan Azərbaycanda atılırdı.
İllər keçdi və bu gün biz Ulu Öndərin uğurlu siyasətinin, cəsarətli addımlarının,xalqını düşünərək etdiyi bütün mərdliklərin davamını bizə yaşadan boyuk davamçı İlham Əliyev cənablarının sayəsində öz doğma torpaqlarımıza qovuşduq. Milli mənəvi dəyərlərimiz, mədəniyyətimiz dilimiz dinimiz həmişə olduğu kimi daim dövlətimiz tərəfindən qorunur, inkişaf etdirilir. Dilimizin saflığını qorumaq dövlət siyasətinin ən başlıca prioritet istiqamətlərindəndir.