Suraxanı rayonunda “Yeni Azərbaycan Partiyası Şanlı Zəfərimizin İdeoloji Dayağıdır!” adlı tədbir keçirilmişdir
20 noyabr 2025-ci il tarixdə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində YAP Suraxanı rayon təşkilatının təqdim etdiyi Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası Şanlı Zəfərimizin İdeoloji Dayağıdır!” adlı tədbir keçirilmişdir.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, YAP-ın Nəzarət-təftiş komissiyasının üzvü Sadiq Qurbanov, YAP Veteranlar Şurasının üzvü, yazıçı, ictimai xadim, “91”- lərin üzvü Xeyrəddin Qoca, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavinləri Rəşad Hacıyev, Fuad Cəbrayılov, Könül Axundova, YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatının sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Suraxanı rayonunda ucaldılmış abidəsinin önünə tər güllər düzərək, ehtiramlarını ifadə ediblər. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının və doğma partiyamızın yaradılmasında müstəsna xidmətləri olan, dünyasını dəyişmiş partiya funksionerlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qonaqları salamlayaraq bildirdi ki, Yeni Azərbaycan Partiyasının üzvləri Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada həyata keçirtmək üçün bütün səy və bacarıqlarını əsirgəmirlər. Bu siyasətə sadiqlik cəmiyyətimizdə yaşanan həmrəylikdən və Ulu Öndərə olan ümumxalq sevgisindən xəbər verir. Ulu Öndər Heydər Əliyevin xalqın təkidi, çağırışı ilə yenidən hakimiyyətə qayıdışı onun xilaskarlıq missiyasının davamı demək idi. Bu həm də onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı qüvvəsinə, iqtidar partiyasına çevrilməsinə zəmin yaratmış oldu.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, YAP-ın Nəzarət-təftiş komissiyasının üzvü Sadiq Qurbanov çıxışında partiyanın yarandığı dönəmə nəzər salaraq demişdir ki, yola saldığımız ötən illər göstərir ki, Yeni Azərbaycan Partiyasının qüdrəti öz əksini Ulu Öndərin tarixi prosesləri qabaqlayan müdrikliyində və dövlət başçısı Prezident cənab İlham Əliyevin liderlik keyfiyyətlərində tapmışdır. Ölkə rəhbəri tərəfindən müəyyənləşdirilərək gerçəkləşdirilən böyük iqtisadi layihələr, beynəlxalq aləmdə əldə edilən böyük uğurlar, dünya azərbaycanlılarının birliyinin daha da möhkəmləndirilməsi, həyata keçirilən uğurlu milli dirçəliş və dövlətçilik siyasəti eyni zamanda Yeni Azərbaycan Partiyasının real gücünün ifadəsidir.
YAP Veteranlar Şurasının üzvü, yazıçı, ictimai xadim, “91”- lərin üzvü Xeyrəddin Qoca da öz növbəsində partiyanın yaradıcısı, Ulu Öndər Heydər Əliyevlə bağlı şəxsi xatirələrini dilə gətirərək demişdir ki, YAP Ümummilli Liderin zəkasının ən parlaq nümunəsidir.
Suraxanı rayonunun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup YAP üzvü Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibəti ilə Fəxri Fərmanlarla təltif olunmuşlar. Yeni Azərbaycan Partiyasına üzv olmuş bir qrup yeni üzvə partiya vəsiqələri təqdim edilib.
Tədbir mədəniyyət və incəsənət xadimlərinin nümunəvi çıxışları ilə davam edib.