Ulu Öndər Heydər Əliyev 1941-1945-ci illər müharibəsində qəhrəmanlıq göstərən həmvətənlərimizi hər zaman yüksək qiymətləndirib
Leyla Nəsibova
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu 327 nömrəli tam orta məktəbin müəllimi
9 May – Faşizm Üzərində Qələbə Günü kimi qeyd olunur. Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz bu qələbə naminə canlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq və eyni zamanda doğma Azərbaycan torpağını qoruyublar.
Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızının amansız düşmənlə döyüşlərdə göstərdikləri misilsiz şücaət və igidlik, arxa cəbhədə çalışanların isə əmək rəşadəti dillər əzbəridir və bugünkü nəsillər üçün daim örnək olaraq qalacaqdır. Azərbaycan xalqının İkinci Dünya Müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında çoxlu sayda şeirlər, kitablar yazılmış, bədii və sənədli filmlər çəkilmiş, qəhrəmanların şərəfinə abidələr ucaldılmış, onların adları əbədiləşdirilmişdir.
170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur. Əgər o vaxt Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitməzdi. Ümummilli lider Heydər Əliyev 1995-ci ildə qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə demişdir: “Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi”.
Müharibənin ilk illərində faşist Almaniyası işğal etdiyi Avropa ölkələrinin iqtisadi və hərbi potensialını öz əlində cəmləşdirmişdi. Lakin “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı altında bütün Sovet xalqlarını birləşdi. Bununla da düşmənin hücumları, nəinki dayandırıldı, faşistlər Moskva, Stalinqrad, Kursk və başqa döyüşlərdə ən ağır və sarsıdıcı məğlubiyyətə uğradı, 1945-ci ildə isə tamamilə məğlub edildi.
Ulu Öndər Heydər Əliyev 1941-1945-ci illər müharibəsində qəhrəmanlıq göstərən həmvətənlərimizi hər zaman yüksək qiymətləndirərək demişdir: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur”.
Eynilə onun yolunu gedən möhtərəm prezidentimiz İlham Əliyev isə 1941-1945-ci illər müharibəsi haqqında belə demişdir: “Biz öz veteranlarımızı qorumalıyıq. Təəssüf ki, onların sayı ilbəil azalır. Adətən mayın 9-da mən həmişə veteranlarla görüşürəm, biz söhbət edirik, həlak olanların xatirəsini ehtiramla yad edirik, onların məzarları üzərinə gül-çiçək, əklillər qoyuruq. Hər dəfə onlarla ünsiyyətdə olanda, sanki enerji alırsan. Özü də onların çoxunun yaşı 90-ı keçib, hətta 100-ü haqlayanlar da var. Lakin əvvələn, fiziki baxımdan onlar möhkəm olduqlarını nümayiş etdirirlər. Ən başlıcası, onların mənəvi ruhu, nikbinliyi və həyatsevərliyi, əlbəttə, bizi heyrətləndirir, təəccübləndirir və biz onlarla yalnız fəxr edə bilərik”