Ulu Öndər gənc nəslə qayğısını əsirgəməyib

Ulu Öndər gənc nəslə qayğısını əsirgəməyib

Gülşən Məmmədova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu 3 saylı Doğum evinin həkimi

2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. Forumda Ümummilli liderin Özü şəxsən iştirak etmişdir. Bunun ardınca, 1 fevral 1997-ci il tarixdə ilk forumun ildönümü münasibəti ilə gənclərlə görüşən Ümummilli lider “2 fevral - Azərbaycan Gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Məhz həmin tarixdən etibarən hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi böyük təntənə ilə qeyd olunur. Ulu öndər gənclərlə bağlı siyasətinə hər zaman yeni nəfəs vermiş, bu siyasətin davamlı xarakter almasını şərtləndirmişdir. Belə ki, Ümummilli lider Heydər Əliyev 2 fevral 1998-ci ildə Azərbaycan Gəncləri gününün ildönümü münasibətilə keçirilən bədii-idman bayramında tarixi çıxış etmiş və gənclərə müraciət ünvanlamışdır.

Ulu öndər gənclərə müraciət edərək demişdir: “Mən sizi gördükcə daha da ruhlanıram, siz Mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin kimi gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik”. Ulu öndər Heydər Əliyevin gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan gəncliyinə böyük qayğısının davamı kimi Ulu öndər 1999-cu ildə “Dövlət Gənclər Siyasəti haqqında” Fərman imzalamışdır. Fərmana müvafiq olaraq “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və 9 aprel 2002-ci il tarixdə Heydər Əliyev tərəfindən imzalamışdır. Beləliklə, Ulu öndər gənclər siyasətini düzgün və uğurlu formalaşdırmaqla dövlətin sağlam təməlini qoymuşdur.

Azərbaycan gəncliyi dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Təqdirəlayiq haldır ki, Ümummilli liderin əsasını qoyduğu gənclər siyasətini davam etdirən Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk dövrlərindən başlayaraq ardıcıl imzaladığı fərmanlarda, verdiyi tapşırıqlarda kadr potensialına, xüsusilə də gənclərin təhsilinə, sağlamlığına, asudə vaxtının səmərəli təşkilinə diqqət yetirir. Gənc istedadların aşkar edilməsi, onların potensial imkanlarının inkişaf etdirilməsi və yüksək səviyyəli təhsil alması üçün əlverişli şəraitin yaradılması da gənclər siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq olunması haqqında” və 2006-cı il aprelin 17-də imzaladığı “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, 2011-ci il iyulun 7-də imzaladığı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının təsdiq olunması haqqında” sərəncamlar mövcud siyasətin daha da inkişaf etdirilməsinə təkan verərək gənclərin istedadının aşkara çıxarılmasında, ictimai fəallığının artırılmasında, onların dövlət idarəçiliyinə cəlb olunmasında, sosial-iqtisadi problemlərinin həllində mühüm rol oynayıb. Həyata keçirilən Dövlət proqramları müasir Azərbaycan gəncliyinin dövrün tələbləri səviyyəsində hərtərəfli inkişafına möhkəm zəmin yaradıb.

Prezident İlham Əliyevin gənclərlə görüşlərinin birində söylədiyi kimi, ölkəmizdə uğurlu gənclər siyasəti həyata keçirilir: “Azərbaycanda gənclər siyasəti çox uğurlu aparılır. Bu siyasətin təməlini Ulu öndər qoymuşdur. Heydər Əliyevin təşəbbüsü ilə gənclər siyasətinin əsas konturları müəyyən edilmişdir. Son 20 il ərzində Azərbaycanda bu siyasət çox uğurla aparılmışdır. Artıq bu illər ərzində, müstəqillik dövründə gənclər yetişiblər və ölkəmizin həyatında mühüm rol oynayırlar. Dövlətin siyasəti ondan ibarətdir ki, Azərbaycan gəncləri bilikli, savadlı, Vətənə bağlı olsunlar və ölkəmizin gələcək inkişafına töhfələrini versinlər.

Gənclərin vətənpərvərlik ruhunda böyümələri də çox mühüm əhəmiyyət daşıyır”. Bildiyimiz kimi, gənclərin hərtərəfli şəxsiyyət kimi yetişməsində, cəmiyyətdə özünə layiqli yer tutmasında keyfiyyətli təhsilin rolu həlledicidir. Məhz dövlət başçısının təhsilə diqqət və qayğısının nəticəsi olaraq, təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması, təhsil-müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili və digər bu kimi sahələrdə mühüm irəliləyişlər və uğurlar əldə olunub.

 Məlum olduğu kimi, Azərbaycanda 4500-ə yaxın məktəb mövcuddur. Onlardan 2700-dən çoxu son on ildə tikilib və ya əsaslı təmir edilib. Həmçinin, son illərdə yüzlərlə uşaq bağçasının, bir çox ali məktəblərin yeni tədris korpuslarının, idman-olimpiya komplekslərinin tikilərək istifadəyə verilməsi də yeni nəslin hərtərəfli formalaşmasına töhfədir.Bundan əlavə, dövlət başçısının “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncamı gəncliyə göstərilən diqqətin parlaq təzahürüdür. Bölgələrə səfəri zamanı gənclərlə görüşlərinin birində Prezident İlham Əliyevin söylədiyi kimi, gənclərin xarici ali məktəblərdə təhsil almasına dövlət dəstəyi 2015-ci ildən sonra da davam etdiriləcək.

Ali Baş Komandanın rəhbərliyi və Azərbaycanın gənc əsgərlərinin şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsi zamanı olduqca böyük qəhrəmanlıq göstərdilər. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir.Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib.