Nəsimi Səfərov
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı RİHB-nin Yeni Suraxanı QİƏD üzrə nümayəndəsi
Elə şəxsiyyətlər var ki, onların ömür yolu haqqında söhbət açarkən istər-istəməz hansısa tarixi dövrün müəyyən ənənələrinin formalaşması prosesinin də iştirakçısına çevrilmiş olursan. Belə insanlardan biridə görkəmli ictimai xadim, oftalmoloq-alim Zərifə xanım Əliyevadır. Zərifə xanım Əliyeva atasının – görkəmli dövlət və elm xadimi, pedaqoq-alim, professor Əziz Əliyevin yolunu davam etdirərək Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya kafedrasının müdiri vəzifəsində çalışmaqla yüksək ixtisaslı kadrların hazırlanmasına böyük əmək sərf etmişdir. Zərifə xanım Azərbaycanın Əməkdar Elm Xadimi fəxri ada layiq görülərkən “Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını öz əzabları bilir və onun üçün sağalıb evinə-eşiyinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatıdır” deməsi ilə əsil həkimin hansı meyarlara layiq olduğunu bir daha təsdiq etmişdir.
Zərifə xanım müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və silahdaşı idi. Ən təhlükəli vaxtlarda belə Zərifə xanım həyat yoldaşını bir an belə tək qoymamışdır. Ulu Öndər Heydər Əliyev özü də dəfələrlə “Zərifə xanım çox böyük alim olub, mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. Ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi və həyatımda onun əvəzsiz rolu üçün bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. Biz Ulu Öndər Heydər Əliyevə və Zərifə xanım Əliyevaya minnətdarıq ki, qəlblərində daim Azərbaycan sevgisi ilə yaşayan övladlar yetişdirmişlər.
Prezident İlham Əliyev Zərifə xanımı dərin ehtiramla xatırlayaraq demişdir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. O həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”.
Zərifə xanım Əliyeva 1985-ci il aprel ayında vəfat etsə də onun əziz xatirəsi daim qəlblərdə yaşayacaqdır.