Ulu öndər Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir

Ulu öndər Heydər Əliyev öz xilaskarlıq missiyasının  öhdəsindən yüksək səviyyədə gəlmişdir

Sənan Əliyev 
23 saylı şəhər poliklinikasının baş həkimi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nın  sədri

Hər bir xalqın tarixində dönüş nöqtəsi olan mütərəqqi hadisələr tarixə qızıl hərflərlə yazılır və gələcək nəsillər həmin səhifələri öyrənir və onların əhəmiyyətini dərk edirlər. 1918-ci il ildə dövlət müstəqilliyinin elanı, 1991-ci ildə dövlət müstəqilliyinin bərpa edilməsi, 1993-cü ildə müstəqilliyin itirilmə təhlükəsinin aradan qaldırılması, 2020-ci ilin payızında 44 günlük zəfər savaşının baş verməsi tariximizin dönüş nöqtələridir.

Ölkəmizdə XX əsrin 70-ci illərindən XXI əsrin əvvəllərinədək olan dövr Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə Azərbaycan SSR KP MK-nın I katibi təyin edildiyi dövrdən  1987-ci ilədək Sov.İKP MK-nın siyasi bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin müavini vəzifəsində çalışarkən müxtəlif səviyyələrdə Azərbaycan Respublikasının bütün sahələrdə inkişafına xidmət etmişdir.

 Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-ci il iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sonsuz sevinclə, ruh yüksəkliyi ilə qarşılandı. Qeyd etdiyimiz kimi, həmin vaxt Gəncə hadisələri yaşanır, ayrı-ayrı siyasi qruplaşmaların məqsədləri naminə qardaş qanı axıdılırdı. Məhz Ulu Öndər Heydər Əliyev xalqının xilası naminə həyatını təhlükəyə ataraq Gəncəyə getdi, vəziyyətlə ətraflı tanış oldu, şəhər sakinləri və hərbi qulluqçularla görüşdü. Ümummilli lider iyunun 15-də Respublika Ali Sovetinin növbəti sessiyasında Gəncə hadisələri barədə qəti fikrini bildirdi. Bu sessiya belə bir mühüm məqam ilə də yadda qaldı ki, Ulu Öndər Heydər Əliyev böyük səs çoxluğu ilə Azərbaycan Ali Sovetinin Sədri seçildi. Əgər Ümummilli Lider o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ən yaxşı halda ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, yarımmüstəmləkə kimi yaşaya bilərdi. Bu gün Azərbaycan adlı bir dövlətin dünyanın siyasi xəritəsində mövcudluğundan söhbət gedə bilməzdi. Bu baxımdan 1993-cü il əslində müstəqilliyimizin yenidən bərpasının ilk ili oldu.

 Qayıdışdan başlanan yol bugünkü uğurlara gətirib çıxardı. Azərbaycanın dünyaya səs salan bugünkü iqtisadi inkişafının, dünya birliyində söz sahibliyinin, qalib ölkə kimi nüfuz qazanmasının təməlində məhz ulu öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı dayanır. Azərbaycanın müstəqilliyini ədəbi, dönməz, sarılmaz edən ümummilli lider 2003-cü ildə xalqa müraciət edərək sona çatdıra bilmədiyi işləri, layihələri özü qədər inandığı İlham Əliyevin tamamlayacağını bəyan etməklə Azərbaycanın gələcəyi üçün növbəti inamın və etimadın ünvanını göstərdi. Rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycana tarixi zəfəri yaşadan, ərazi bütövlüyümüzü bərpa edən, xalqımızın yenilməz, məğrur xalq olduğunu bir daha təsdiqləyən qalib Prezidentimiz İlham Əliyev bu gün ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtdir. Bugünkü Azərbaycan Ümummilli Liderin görmək istədiyi Azərbaycandır.