Ümumilli lider Heydər Əliyev bütün fəaliyyəti dövründə elmin, təhsilin və
mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşırdı. Çünki, hər bir xalqın inkişafının, tərəqqisinin yolunu məhz təhsilin, xalqın maariflənməsinin, tarixini və mədəni irsini öyrənib gələcək nəsillərə ötürülməsində görürdü. Musiqimizin, teatrımızın, ədəbiyyatımızın, rəssamlığımızın elə bir sahəsi yoxdur ki, Heydər Əliyevin diqqətindən kənarda qalsın.
“Milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqət artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır” deyən Heydər Əliyevin mənəvi inkişafa nə qədər önəm verdiyinin bariz nümunəsidir.
Heydər Əliyevə görə yubileylərin keçirilməsi xalqların özlərini dünyaya təqdim etmək, bəşəriyyətə tanıtmaq üçün ən gözəl vasitədir. Əlbəttə ki, bu həm də xalqın özünü-özünə tanıtmaq üsuludur.
Heydər Əliyevin birinci hakimiyyəti dövründə, onun təşəbbüsü ilə 1979-cu ildə SSRİ dönəmində icazə verilməyən Nizami irsinin təhlili və təbliğinə başlanmışdır. Onun 1981-ci ildə Nizaminin 840 illiyinin keçirilməsi müraciətinə etiraz edilərək bildirildi ki, 800 yaxud 850 illik yubiley olsaydı qeyd etmək olardı. Buna cavabında isə Heydər Əliyev bildirdi ki, Nizami elə bir şəxsiyyətdir ki, onu hər il yad etmək borcumuzdur. Məhz bundan sonra Nizami yaradıcılığının geniş təbliğinə imkan yaranıb.
1994-cü illər Azərbaycanda olduqca çətin ictimai-tarixi dövrə təsadüf edirdi. Heydər Əliyev Azərbaycan ədəbiyyatının dühası olan Füzulinin yubileyinin keçirilməsinə böyük önəm verərək bildirmişdir ki, ”Azərbaycanın bu ağır dönəmində yubileylər keçirilməsində müəyyən qədər çətinliklərlə üzləşəcəyik. Ancaq çətinliklər olsa da mədəniyyətə, mədəni irsimizə daim diqqət yetirməliyik.” Bununla bərabər Ulu öndər bütün dünyaya “Füzuli Azərbaycanlıdır” həqiqətini bəyan etmiş oldu.
Heydər Eliyev klassik poeziyanın vurğunu olduğu kimi müasir ədəbiyyatımızı da daim diqqətdə saxlayırdı. H.Cavid, C.Cabbarlı, C.Məmmədquluzadə və başqa görkəmli ədəbiyyatşünasların yaradıcılığının dərindən izlənməsinə göstərişlər verilmiş, onların ev muzeyləri açılmış, yubileyləri böyük təntənə ilə qeyd edilmişdir. 1981-ci ildə H.Cavidin nəşinin uzaq İrkutskdan gətirilərək Vətən torpağında-Naxçıvanda dəfn edilməsi, onun məqbərəsinin ucaldılması bu diqqətin təzahürü idi.
Heydər Əliyev Azərbaycanın milli musiqi sənəti, ifaçılar, bəstəkar və musiqişünaslar haqqında çox dəyərli fikirlər söyləmişdir. Onun bəstəkar Ü.Hacıbəyov haqqında dediklərindən - “Ü.Hacıbəyov fövqəladə fitri istedadı ilə, böyük fədakarlığı ilə mükəmməl təhsili, ictimai-siyasi fəaliyyəti ilə Azərbaycan xalqının görkəmli şəxsiyyəti olmuş, dünya korifeylərinin ön sıralarında duran və Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur.” Bəstəkarın irsini dərindən bilən Heydər Əliyev ən sevdiyiniz bəstəkar kimdir deyə soruşulanda tərəddütsüz –Ü.Hacıbəyov demişdir.
Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli şəxslər arasında görkəmli rəssam S.Bəhlulzadənin xatırlamamaq olmazdı. Ulu Öndərin 1994-cü il 17 dekabr tarixində S.Bəhlulzadənin 85 illik yubileyindəki çıxışında “S.Bəhlulzadə Azərbaycan mədəniyyətini zənginləşdirdiyi kimi, yeni rəssamlıq məktəbi yaratdı və incənətimizi zənginləşdirdi. Eyni zamanda, Azərbaycan mədəniyyətini Dünyaya tanıtdı. Əgər Avropa Pikasso kimi böyük rəssamı ilə fəxr edirsə, biz də iftixar hissi ilə deyə bilərik ki, Azərbaycanın da S.Bəhlulzadə kimi rəssamı var.” Rəssamın həmin il Nyu-York BMT-nin binasında və İstanbulda böyük sərgiləri keçirilmişdir. Müstəqil Azərbaycan mədəniyyət siyasətinin banisi olan Heydər Əliyevin bu sahədəki bütün nailiyyətləri ölkə başçımız İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək daha da uca zirvələrə doğru ucaldılır və gələcək nəsillərə ötürülür.