Şuşa Qarabağın tacıdır

Şuşa Qarabağın tacıdır

Könül Hümbətova 

16 saylı Uşaq Poliknikasının baş həkimi

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

“Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı”. Bu sözləri Cənab Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada keçirilən tədbirdə söyləyib. Prezident İlham Əliyev bu şanlı tarixin əbədi olaraq bizimlə olacağını bildirmiş və qeyd etmişdir ki, Azərbaycan xalqı, bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.

Ali Baş Komandan Şuşaya gedən yolun hələ 27 sentyabr tarixində başladığını vurğulayaraq, müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələrinin yalnız irəli getdiyindən söhbət açıb: "44 gün ərzində bir gün də geri addım atmamışdı. Halbuki, biz dünya hərb tarixindən bilirik ki, belə çətin müharibələrdə, xüsusilə bizim üçün əlverişsiz relyef şəraitində gedən müharibələrdə manevrlər , geriyə addımlar və gözlənilməz hadisələr də olur. Ancaq bizi Qələbəyə aparan güclü iradə idi, Vətən sevgisi idi, hərbçilərimizin peşəkarlığı idi. Sentyabrın 27-də – müharibənin birinci günündə altı kənd azad olunanda Azərbaycan xalqı daha da inandı ki, biz istədiyimizə nail olacağıq, tarixi missiyamızı yerinə yetirəcəyik. İnadığımız kimi də oldu, Silahlı Qüvvələrimiz bizi arzumuza çatdırdı".

Azərbaycan Prəzidenti çıxışında qeyd etmişdir ki, Şuşasız qələbəmiz yarımçıq qalacaq. Çünki məqsəd Şuşanı işğaldan azad edərək  Qələbəni tam əldə etmək idi. Şuşasız qələbə yarım olardı. Cənab İlham Əliyev  Şuşanı Qarabağın tacı hesab edir . "Ona görə ki,  Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir”, - deyə Prezident, Müzəffər Ali Baş Komandan vurğulayıb.

Dövlətimizin başçısı qeyd edib ki, yüngül silahlarla təchiz edilmiş qəhrəman hərbçilərimiz Şuşanı azad edəndə Vətən uğrunda, torpaq uğrunda ölümə gedirdilər. Azərbaycan xalqı elə gözəl gənc nəsil yetişdirib ki, onların bir çoxları Qarabağı, Zəngəzuru heç vaxt görmədikləri halda, televiziyalarda, fotoşəkillərdə, valideynlərin, böyüklərin söhbətlərində bu müqəddəs torpağa yaxınlaşdılar.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev bu fikri bütün azərbaycanlılara şamil edərək demişdi: “Biz Şuşasız yaşaya bilmərik!” Elə buna görə idi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “şir ürəkli” cəsur oğullarımız sıldırım qayalardan qalxıb Şuşaya daxil oldular, düşmənlə əlbəyaxa döyüşdə onları məğlub edib, şəhəri azad etdilər. Şanlı üçrəngli bayrağımızı Şuşada qaldırılıb.

Prezident, Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətində bildirmişdir ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutatacaq. Prezidentimizin  bildirdiyi kimi Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.

Azərbaycanda yaşayan bütün xalqlar mənim apardığım siyasət nəticəsində daha sıx birləşdilər. Bu gün də deyirəm, biz böyük ailəyik. Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. Baxın, biz başqa ölkələrin timsalında milli, dini, etnik zəmində narazılıq, toqquşma, inamsızlıq görürük. Azərbaycanda nə görürük - birlik, qardaşlıq, dostluq! Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər. Bu, bizim böyük dəyərimizdir. Biz bunu, bu dəyəri daim qoruyub saxlamalıyıq, gücləndirməliyik. İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi, ölkəmizi gücləndirdi.

Biz bu ağır yükü çiynimizdən atdıq, bu damğanı boynumuzdan atdıq. Biz indi başımızı dik tutub istənilən tədbirdə, istənilən formatda sözümüzü deyirik. Biz üzümüz ağ, alnımız açıq, müzəffər xalq kimi yaşayırıq. Buna görə sizə və sizin kimi on minlərlə hərbçiyə borcluyuq. Azərbaycan xalqı bunu bilir və yaxşı qiymətləndirir.

Bütün bu qələbələr uşaqdan-böyüyə, hər bir azərbaycalının yanan ürəyinə sanki su səpdi, hər kəsin sevincinə səbəb oldu. İnsanlar yaşından asılı olmayaraq bu qələbəni küçələrdə böyük sevgi, qürur hissi ilə qeyd edirdi. Xalqımızın sevincinin həddi yox idi. Sanki o illərin həsrətini ürəklərində söndürürdülər.

Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirdi. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü  nümayiş etdirdi.

Azərbaycan müstəqilliyi əldə edəndə ölkədə maliyyə, iqtisadi vəziyyət çox ağır idi. Ona görə güclü iqtisadiyyatın yaradılması müharibədə Qələbənin qazanılması işində önəmli amil kimi nəzərə alınırdı. Azərbaycan xalqı hazırda öz hesabımına yaşayır, heç kimin yardımına ehtiyacı yoxdur və heç kimdən asılı deyil.

İndi dünyada müxtəlif yerlərdə gedən iqtisadi proseslər, çətinliklər, böhranlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Belə ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır. Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir. Ölkəmiz bu iki il ərzində heç bir ölkədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə yardım almayıb.

2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq!

“Zəfər Günü bizim bayramımızdır, bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır”.

Ali Baş Komandanımız, Prezident İlham Əliyev bu tarixi qələbəni bir daha əbədiləşdirdi: "Dediyim bütün bu sözlərin bir mənbəyi var – həm bizim güclü iradəmiz, həm də Vətən müharibəsindəki Qələbəmiz! Bu Qələbə imkan verir ki, biz bu sözləri hamının üzünə, bizə xor baxanların gözünə deyək.

Bu Qələbə, bu Zəfər bizə bu imkanı verdi, bütün xalqımıza inam verdi, ruh verdi. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik. Buna görə, əziz hərbçilər, sizə borcluyuq, sizin kimi on minlərlə əsgər, zabitə borcluyuq və Azərbaycan xalqı bunu yaxşı bilir. Mən də Ali Baş Komandan kimi sizinlə fəxr edirəm"