Dövlət Suverenliyi Günü xalqımızın dövlətçilik və qalibiyyət ruhunun bayramıdır

Nigar Qasımzadə
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 76 nömrəli tam orta məktəbi müəllimi
Azərbaycan Respublikasının müasir tarixində 20 sentyabr xüsusi əhəmiyyətə malikdir. Bu gün dövlətimizin suverenliyinin tam təmin olunmasının, ərazi bütövlüyümüzün bərpasının rəmzi kimi qeyd edilir. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə təsis olunmuş “Dövlət Suverenliyi Günü” Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin məntiqi nəticəsi və dövlətçiliyimizin möhkəm təməllərinin təcəssümüdür.
Azərbaycan xalqı öz taleyinə sahib olmaq, azad və müstəqil dövlət qurmaq uğrunda əsrlərlə mübarizə aparmışdır. 1991-ci ildə dövlət müstəqilliyinin bərpası ilə ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoydu. Lakin torpaqlarımızın işğalı, separatçı qüvvələrin fəaliyyəti və bölgədə yaranmış təhlükəli proseslər dövlətimizin suverenliyinə ciddi təhdid yaratdı.
30 ildən artıq davam edən işğal dövründə xalqımız öz iradəsini itirmədi. 2020-ci ildə baş vermiş Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün böyük hissəsi bərpa olundu. Lakin suverenliyin tam təmin edilməsi üçün qarşıda hələ mühüm vəzifələr qalmaqda idi.
2023-cü ilin sentyabrında Azərbaycan Ordusu tərəfindən həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin dövlət suverenliyi tam bərpa edildi. Qısa müddətdə uğurla başa çatan əməliyyat separatçıların fəaliyyətinə son qoydu, Azərbaycanın konstitusion quruluşu üzərində yaranmış bütün təhdidlər aradan qaldırıldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu əməliyyat bir gündən az davam etdi və Azərbaycanın gücünü, iradəsini, beynəlxalq hüquqa sadiqliyini bir daha nümayiş etdirdi.
Məhz bu qələbənin nəticəsi olaraq 20 sentyabr tarixi dövlətçilik tariximizə yeni bayram – Dövlət Suverenliyi Günü kimi daxil oldu.
Suverenlik hər bir dövlətin mövcudluğunun əsas şərtidir. Azərbaycan xalqı bu gün öz taleyinə sahib olan, müstəqil siyasət yürüdən, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilən bir dövlətin vətəndaşıdır. Dövlət müstəqilliyimizin və suverenliyimizin qorunması qəhrəman şəhidlərimizin qanı bahasına başa gəlmiş milli sərvətimizdir.
2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunması da dövlət suverenliyinə verilən yüksək qiymətin göstəricisidir. Bu qərar gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli kimliyimizin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının tam suverenliyə nail olması tariximizin ən parlaq səhifələrindən biridir. Bu gün ölkəmiz dünya birliyində öz sözünü deyən, güclü və nüfuzlu dövlət kimi mövqeyini möhkəmləndirir.