Böyük Qayıdış-3 sentyabr 1991-ci il...
Kərəm Mehdiyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 104 nömrəli tam orta məktəbin direktoru
Bu tarixi gündən etibarən nəinki qədim Naxçıvanın qurtuluşunun, milli dövlətçilik siyasətinin əsası qoyuldu, həmçinin bölünməkdə olan Azərbaycanın müstəqil, vahid, qüdrətli bir dövlət kimi dünya arenasında tanınmasının başlanğıc nöqtəsinə zəmin oldu.
XX əsrin sonlarına yaxın ölkədə baş verən hərc-mərclikdən istifadə edərək Azərbaycan xalqının milli və mənəvi dəyərlərini, dirçəlməkdə olan müstəqillik ruhunu məhv edərək onu yox etmək istəyən qara qüvvələrin qarşısında yalnız bir tarixi şəxs dayana bildi. Bu tarixi sima , əlbəttə ki, müasir Azərbaycan Respublikasının qurucusu, hələ sağ ikən canlı əfsanəyə çevrilmiş, qətiyyətli addımları, uğurlu siyasəti, dərin zəkası ilə dünya arenasında nüfuzlu dövlət xadimlərinin yanında sözükeçən Ulu Rəhbərimiz, Ümummilli liderimiz Heydər Əliyev idi. Ulu Öndərimiz Azərbaycan xalqının müqəddəratının həll edildiyi çətin və xaotik bir dövrdə “Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm”, - deyərək uçuruma yuvarlanan ayağı qandallı dövlətimizin müstəqilliyini və dirçəlişini təmin etdi, əzilməkdə olan xalqın mübarizlik ruhunu özünə qaytardı.
1991- ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən fövqəladə sessiyada minlərlə insanın təkidi və səsverməsi ilə Azərbaycan xalqının xilaskarı Heydər Əliyev Ali Məclisin Sədri seçildi. “ Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhvali- ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqıma tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”,- məhz bu fikirlərin işığında Ulu Öndər öz müqəddəs missiyasını həyata keçirməyə başlayır.
1991- ci il sentyabrın 7- də Ali Məclis Naxçıvan Muxtar Respublikasında Dövlət Müdafiəsi Komitəsinin yaradılması haqqında qərar qəbul etməklə Naxçıvanın müdafiə qabiliyyətinin güclənməsinə nail olur. Xalqın həmrəyliyi, Qüdrətli Sərkərdənin bacarıqlı siyasəti nəticəsində Milli Ordu yaradılır.Ölkəmizin ictimai- siyasi həyatı, gələcəyi üçün daha mühüm hadisə 1992- ci il noyabrın 21-də yenə də Naxçıvanda baş verir. Müstəqil Azərbaycan Respublikasının ən qüdrətli partiyası olan Yeni Azərbaycan Partiyası yaradılır.
Ölkədə baş alıb gedən xaosun, hərc-mərcliyin, özbaşınalığın qarşısını alaraq xalqın milli həmrəyliyini və dövlətin sabitliyini təmin etməyə nail olan, azərbaycançılıq ideologiyasının banisi sayılan Ulu Öndərin Naxçıvanda siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyin təməlinin başlangıcı oldu.Ulu Rəhbərimizin bu möhtəşəm dönüşü ölkədə sabitliyin bərqərar olmasına, xalqın rifahının yaxşılaşmasına, sosial-iqtisadi vəziyyətin güclənməsinə gətirib çıxardı. Xalqımızın milli-mənəvi birliyi ideologiyasının gücləndirilməsi istiqamətində gördüyü işlər, əslində, onun qəlbinin necə vətən sevgisi ilə döyünməsindən xəbər verir. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” qərarın qəbul edilməsi Azərbaycan Respublikası tarixində böyük əhəmiyyət kəsb edir.
Ulu Öndər 1993-cü il iyunun 15- də ölkəmizdə siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanın müstəqilliyinin tam bərpasına nail oldu. Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə böyük qayıdışı ilə qoca Qafqazda yeni bir siyasi dövrün başlanğıcına səbəb oldu.
Azərbaycan xalqı bu gün Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi – Prezident İlham Əliyevin rəhbərliyi ilə öz Şanlı Zəfər Tarixinin yeni parlaq səhifəsini yazmaqdadır. Dünya mediası bu parlaq səhifələri izləməklə Azərbaycan Respublikasının necə nüfuzlu, qüdrətli bir dövlət olduğunu qəbul etməkdən başqa çarələrinin olmadıqlarını anlayır.
Müstəqil Azərbaycanın memarı olan Heydər Əliyev və onun uğurlu siyasətinin varisi Zəfər Tarixinin Sərkərdəsi İlham Əliyevdir. Azərbaycan xalqı fəxr edir ki, ölkəmizin səmasında parlayan bu iki Günəş Azərbaycanı aydınladır və qoruyur.