Ulu Öndər ana dili məsələsində çox qətiyyətli olub
Rəsmiyyə Hüseynova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxsanı rayonu, 318 nömrəli tam orta məktəbin direktor müavini
1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü milli kimliyimizə, tarixən formalaşmış sarsılmaz ənənələrimizə olan bağların ifadəsi baxımından olduqca önəmlidir. Yeri gəlmişkən, “Ulu Öndərimiz Heydər Əliyev də vurğulayırdı ki, müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin”.
Tarixən ana dilinin inkişafına süni maneələr yadılıb. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gəlmişdi. Keçmiş SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da güclənmişdi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Amma bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olub.
Bunu da qeyd etmək lazımdır ki, dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etməyi bacarıb. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinə dövlət dili statusunun verilməsini təmin etdi. Məhz 1978-ci il Konstitusiyasında Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dili kimi təsbit olundu. İkinci dəfə öz müstəqilliyini bərpa edən ölkəmizin 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasının 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bu, Azərbaycan dilinin qorunub saxlanılmasına, onun kənar təsirlərə qarşı daha dözümlü və effektv şəkildə mübarizə aparmasında hüquqi bir baza yaratdı.
Daha sonra 2001-ci il 18 iyun tarixli Fərmanı ilə Ulu Öndər Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edən zəmin formalaşdırmış oldu. Dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edən bu tarixi Fərman əsasında daha sonra Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin təşəbbüsləri olduqca tarixi əhəmiyyət kəsb edir.
Beləliklə bu addımların xronoloji ardıcıllığna xidmət edən növbəti qərar kimi “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməyə başlanılıb. Həmçinin 2002-ci il 30 sentyabr tarixində qəbul edilmiş Azərbaycan Respublikasında dövlət dili haqqında Qanun Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri hesab edilir.
Onu da qeyd edək ki, atılan bu mütərəqqi adımmlar dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Qəbul edilmiş qanunlar Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlamış olur. Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamı da dilimizin müasir çağırışlar qarşısında inkişafına, özünün fundamental əsaslarını qoruyub saxlamasında əsas amildir. Ölkə başçısının bu Sərəncamı ilə 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanıb. Eyni zamanda Prezident İlham Əliyevin 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” Sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqinə zəmin yaradıb. Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamını təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunmasına xidmət edir.
Ən əsası, Azərbaycan dili özünün zəngin ənənələri üzərində bu gün inkişaf edir. Müasir dövrün çağırışları və təhdidlərə qarşı dilimiz özünün milli kimliyini qoruyub saxlayır. Azərbaycanlıların harada olmasından asılı olmayaraq öz dilinə, milli kimliyinə olan birmənalı sevgisi bu xüsusda vacib önəm kəsb edir. Çünki bizi bir xalq, dövlət kimi dünyaya tanıdan danışdığımız dildir. Qalib ölkənin xalqının dilində səslənən zəfər kəlməsi sözsüz ki, bu gün hər bir Azərbaycanlı üçün ən qürurverici məqamdır.