Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasəti tamamilə doğru siyasət idi

Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasəti tamamilə doğru siyasət idi
Məlahət Əliyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 278 nömrəli tam orta məktəbin direktoru

Xalqımızın müdrik, dahi oğlunun Vətəninə verdiyi töhfələri düşündükcə heyrətə gəlirəm. Öz canından artıq Azərbaycanın müstəqiliyini qorumaq, onu saxlamaq, onu əbədi etmək amalı olan Ümummilli lider əzmkarlıq, vətənpərvərlik, xalqa sonsuz məhəbbətin rəmzidir. O, geniş açılmış qüvvətli qolları ilə irəli uzanaraq bütün Azərbaycanı ağuşuna alır, onu bağrına basır, qoruyur, müdafiə edir. Ümummilli liderimiz xüsusi dövlətçilik, idarəetmə qabiliyyətinə malik əvəzedilməz şəxsiyyət,dövlət başçısı idi.

Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması baradə qərar və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında qanun qəbul edilməsinə baxmayaraq, respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Azərbaycan torpaqlarının müdafiəsi yalnız pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin ümidinə qalmışdı. Eyni zamanda şəxsi mənafelərə qulluq edən ayrı-ayrı başıpozuq silahlı dəstələr vardı ki, bütün bunlara yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtması ilə son qoyuldu. Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə də dirçəlişə nail ola bildi. O, yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı.

Ordu quruculuğunda yeni bir mərhələnin başlanğıcını Heydər Əliyevin radio və televiziya ilə xalqa 2 noyabr 1993-cü il müraciəti qoydu. Onun Azərbaycan Respublikasının Prezidenti seçilməsindən cəmi bir ay sonra edilmiş bu müraciət sağlam ordu quruculuğunun əsaslarını və bu istiqamətdə xalqın və dövlətin qarşısında dayanan mühüm vəzifələri müəyyənləşdirirdisə, həmçinin Heydər Əliyevin xalqa çağırışı idi. Bu xalqın bütün təbəqələri tərəfindən qəbul edilən və xalqın bütün potensialı ordu quruculuğuna istiqamətləndirilən bir çağırış idi.

Ali Baş Komandanın ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi. Çox keçmədi ki, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi. 1994-cü il mayın 12-də atəşkəs elan olunduqdan sonra Azərbaycanda nizamlı, müasir səviyyəli ordunun qurulması prosesinə böyük inamla start verildi. Ölkədə nizami ordu quruculuğu formalaşdırılmağa başlandı.

Azərbaycan Ordusunun hazırkı səviyyəsi bir daha sübut edir ki, ordu quruculuğu sahəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasəti tamamilə doğru siyasət idi. Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini Prezident, Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirir. Onun diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu. Torpaqlarımızın azad olunması əmrinə daim hazır olan Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını alınması ilə bağlı Prezident, Müzəffər Ali Baş Komandanın əmri ilə genişmiqyaslı əks-hücum əməliyyatına — Vətən müharibəsinə başladı.

Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində — noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı.

Şanlı Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi. Paradda Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu müasir silah və texnikalarla yanaşı  düşmənin döyüş meydanında məhv edilən və ya qənimət kimi ələ keçirilən  silah-sursat və hərbi texnikaları da nümayiş olundu.

İndiki dövrdə ölkəmiz yerləşdiyi regionda yaratdığı yeni geostrateji və geosiyasi üstünlüklərdən faydalı şəkildə bəhrələnərək milli və dövlət maraqlarına cavab verən beynəlxalq hərbi əməkdaşlığı uğurla davam etdirir. Dünyanın hərbi araşdırma mərkəzləri Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük müharibədə qazandığı qələbəni təhlil edir,bir çox dövlətlərin müdafiə qurumları ordumuzun müharibədə qazandığı döyüş təcrübəsini öyrənir, hərbi taktikasından istifadə edirlər.