Ulu Öndər Heydər Əliyev anadilli məktəbin, maarifin inkişafına xüsusi qayğı göstərmişdir
Səadət Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 327 nömrəli tam orta məktəbin direktoru
Dil insan üçün ən dəyərli nemət sayıla biləcək ünsiyyət vasitəsidir. Düşüncəmizi, fikirlərimizi və ən nəhayət hisslərmizi ifadə etdiyimiz dilin müqəddəsləşdirilməsi də özümüzə verdiyimiz dəyərin bir parçasıdır. Beləliklə, varlığımız qədər böyük əhəmiyyət daşıdığına inandığımız dil həm də milli kimliyimizin göstəricisidir. Zəngin inkişaf yolu keçmiş dilimizin qədim tarixi Orhun abidələrində əksini tapmış yazılar vasitəsilə öz keçmişini xatırladır. Belə ki, bu gün dövlət dilimiz kimi fəxrlə danışdığımız və rəsmi yazışmalarda istifadə etdiyimiz dilimizin yaranmasının türk dillərinin ümumi tarixinin tərkib hissəsi kimi formalaşması heç bir şübhə doğurmur.
Dilin bir millətin varlığı və qüdrəti üçün vacib şərtlərdən biri olması onun mənsub olduğu xalqın tarixində baş vermiş dəyişkənliklərlə səsləşməsini labüd edir. Divanü Lüğat-it-Türk, Oğuznamə və Kitabi-Dədə Qorqud kimi qədim və dəyərli əsərlərin yarandığı, Böyük Səlcuqlu imperiyasının, Səfəvilər dövlətinin saray dili olmuş dilimiz sonrakı dövrlərdə tarixin bəzi mərhələlərində müstəqilliyin itirilməsi səbəbilə yad münasibətə məruz qalaraq sıxışdırılmışdır. Azərbaycanın Sovet İttifaqına daxil olmaq adı altında işğal olunması dilimizin taleyindən də yan keçməmişdir. Bu münasibət Azərbaycan torpağının layiqli övladı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan SSR-yə rəhbərlik etdiyi dövrdən etibarən dəyişməyə başlamışdır.
Dili bir millətin tarixi inkişaf yolunda mühüm amil hesab edən Ulu Öndər rəhbərliyinin ilk illərindən ana dilinin müxtəlif istiqamətlərdən araşdırılması ilə bağlı bir sıra dəyərli elmi tədqiqat işlərinin aparılmasına şərait yaratmışdır. 1974-cü ildə ali məktəblər üçün dördcildlik “Müasir Azərbaycan dili” dərsliyi Dövlət mükafatına layiq görülmüşdür. Hər fürsətdə dil məsələsi ilə bağlı məqsədyönlü mövqe sərgiləyən Heydər Əliyev XX əsrin 70-ci illərində dilimizin önəmi məsələsini ictimai-siyasi həyatın gündəminə çevirməyi bacarmışdır. Bütün bunların məntiqi nəticəsi olaraq dövrün reallıqları baxımından kifayət qədər cəsarət tələb edən tarixi təşəbbüs ortaya çıxmışdır. Bu təşəbbüsü inamla müdafiə edən Ulu Öndər 1978-ci ildə Azərbaycan SSR-nin Konstitusiyasına “ Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edilməsinə nail olmuşdur. Bununla da dilimizin rəsmi dil statusu qazanması onu inkişafının növbəti mərhələsinə keçirmişdir.
Ana dilində mətbuatımızın elmi tərəqqisi üçün görülən işlər məhz bu tarixi təşəbbüsün davamı olaraq gerçəkləşmişdir. Ana dilində təhsilin önəmini ən dərinliklərinə qədər anlayan və bu əhəmiyyətli məsələni nəzərdə saxlayan Ulu Öndər Heydər Əliyev anadilli məktəbin, maarifin inkişafına xüsusi qayğı göstərmişdir. Dilimizi yaşatmaq və ona lazımi münasibətin göstərilməsini diqqətə çatdırmaq üçün rəsmi və qeyri-rəsmi yığıncaqlarda nitqini ana dilində təqdim etməyə üstünlük verməsi hər bir azərbaycanlı ziyalı üçün nümunə olmuşdur. Dövlətimizin qurucusunun dilimizə olan sevgi və qayğısı onun ölkəmiz müstəqillik qazandıqdan sonrakı hakimiyyəti illərində də davam etmişdir.
2001-ci il avqustun 9-da imzaladığı Sərəncama əsasən 1 avqustun Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunması buna nümunədir. Dilimizə və onun inkişafına göstərilən qayğı İlham Əliyevin prezidentliyi dövründə də davam etmiş və ana dilində kütləvi nəşrlərin həyata keçirilməsi kimi tədbirlərlə xarakterizə olunmuşdur. Ölkə başçısının 2012-ci ilin mayın 23-də imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı Haqqında” Sərəncam da bu istiqamətdə müstəsna rola malikdir.
Minilliklər boyu varlığını saxlamağı bacarmış ana dilimizi yaşatmaq, inkişaf etdirmək dövlət proqramları və tədbirləri ilə məhdudlaşa bilməz. Vətəndaş mövqeyi, vətənpərvərlik yanaşması bu məsələdə öz aktuallığını qorumalı, hər birimiz ana dilimizə hörmət və sevginin təbliğatında həvəslə iştirak etməliyik. Əcdadlarımızla bağımız olan bu dilin gələcək nəsillərə lazımi səviyyədə ötürülməsi üçün əlimizdən gələni əsirgəməməliyik.