Müasir Azərbaycanın gələcəyi onun mütərəqqi gəncliyi ilə gələcək
Dünya yarandığı gündən inkişaf edir və daima hərəkətdədir. Madam ki, dünya yerində qalmır, insanlar bir-birilərini əvəz edirlər, o zaman yeni nəsillərə yollar açılmalı və estafetin layiqli gənc nəsilə ötürülməsi təmin olunmalıdır. Bu sahədə ölkəmizdə aparılan işlər xüsusi əhəmiyyətə malikdir. Müasir Azərbaycan Respublikası yaranandan dövlətimizin gənclərə, gənc nəsilə göstərdiyi qayğı və diqqətin alternativi yoxdur. Ən çətin vaxtlarda, gənclərin yada düşmədiyi, ölkənin adi sosial qayğılarının baş alıb getdiyi zamanlarda ulu öndər Heydər Əliyevin gənclərin ölkəmizin gələcəyi olduğunu bilərək cəmiyyətə də bu amili aşıladığını görürük. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin müdrik xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışı gənc nəsilə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Əvvəlcə gənclərin həyatları fiziki olaraq sığortalandı, atəşkəsin təmin olunması ilə gənc nəslin inkişafına şərait yaradıldı. Daha sonra onların cəmiyyətə inteqrasiyası təmin olundu. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər yetişməkdə olan gənc nəsilə qayğını hər zaman ön plana çəkirdi. Məqsədi ölkənin gələcəyini etibarlı əllərə əmanət etmək idi. Ulu öndər Heydər Əliyev Sovetlər Birliyinin rəhbər şəxslərindən biri olduğu zamanlarda da gənc milli kadrların yetişdirilməsinə, rəhbər vəzifələrə irəli çəkilməsinə xüsusi diqqət yetirirdi. Gənclərin hüquqi və dünyəvi dövlət quruculuğu proseslərində fəal iştirakı, vətəndaş cəmiyyətinin formalaşmasında öz töhfələrini verməsi ulu öndər Heydər Əliyevin əsas hədəfi olmuşdur. Ölkədə islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün və yüksək qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalamışdır. Bu gün o sənədlər gənclər siyasətinin baza rolunu oynamaqdadır.
Gənclərin fəaliyyətinin vahid mərkəzdən idarə olunması, onların idarəetmə sistemlərinə lap gənc yaşlardan yiyələnmələri ulu öndər Heydər Əliyevin ən ümdə arzularından idi. Dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaratmışdır. Hətta Sovetlər Birliyində belə nazirlik səviyyəsində gənclər siyasəti ilə məşğul olan vahid mərkəzi icra hakimiyyəti orqanı yox idi. Nazirliyin yaranması bu sahədə olan pərakəndəliyi aradan qaldırdı. Daha sonra 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumunun keçirilməsi və bu görüşdə Azərbaycan gənclərinin məqsəd və məramlarının müəyyənləşdirilməsi artıq gənc nəslin formalaşmasında yeni istiqamətlərin təyinatı idi. O, gəncləri sevir, qoruyur və onlara etibar edirdi. Elə bu sevginin nəticəsi idi ki, 1997-ci il fevralın 2-də məhz onun imzaladığı fərmana əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olundu. Həmin vaxtdan etibarən gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb. Bu tarix Azərbaycan gənclərinin bayramıdır. Hər bir Azərbaycan gənci qürur duya bilər ki, o müdrik bir xalqın nümayəndəsidir.
Ulu öndər Heydər Əliyev imzaladığı fərman və sərəncamlarla, eyni zamanda da onun hakimiyyəti illərində qəbul olunmuş qanunlarla öz dövrü üçün gənclər sahəsində yeni eranın əsasını qoymuşdur. 1996-cı il “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərman, Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüdün təsis edilməsi, 1999-cu ildə “Dövlət gənclər siyasəti haqqında” Fərman, 2002-ci il “Gənclər siyasəti haqqında” Qanun və məhz Heydər Əliyev tərəfindən atılan digər mühüm addımlar onu deməyə əsas verir ki, Ulu Öndər Azərbaycan gənclər siyasətinin banisidir.
Bu gün Azərbaycan gəncləri öz inkişaflarının qızıl dövrlərini yaşamaqdadırlar. Son 18 ildə yetişmiş gənclər o qədər böyük qayğı və imkanlarla əhatə olunmuşlar ki, dünyada bu kimi halları yalnız inkişaf etmiş ölkələrin gəncləri ilə müqayisə etmək olar. Qalib xalqın qalib nümayəndələri olan Azərbaycan gəncləri şanlı Zəfərin əldə olunmasında tarixi rola malikdirlər. Sözün bütün mənalarında Azərbaycan gənclərinə qarşı həm dövlətin, həm dövlət başçısının, həm də cəmiyyətimizin böyük etimadı vardır. “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” deyən cənab Prezident İlham Əliyev bu sözləri ilə gənclərə olan sevgisini açıq ifadə etmişdir.
Ulu öndər Heydər Əliyevin siyasi varisi və ən layiqli davamçısı olan cənab Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi gənc nəslin yetişməsi, onların vətənpərvər ruhda tərbiyəsi, milli adət-ənənələrə bağlılığı, onlara təhsil imkanlarının yaradılması və gənclərin dövlət idarəetməsində irəli çəkilməsi istiqamətində aparılan bütün dövlət siyasətlərini davam etdirmişdir. Bu gün Azərbaycanda cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində gənclər siyasətinin hüquqi bazası kifayət qədər gücləndirilmişdir. Ötən illər ərzində “Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” və digər qəbul olunmuş qərarlar, atılmış addımlar gəncliyimizin inkişafını təmin etməkdədir.
Prezident tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi və Gəncə şəhərinin 2016-cı ildə Avropa Gənclər Paytaxtı adına layiq görülməsi ölkə gənclərinə verilən dəyərin real ifadəsidir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərdə təhsil almaq imkanları əldə etmişdir. Eyni zamanda da 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam imzalandı. Gənclər Fondunun yaradılması nəticəsində bu sahədə fəaliyyət göstərən yüzlərlə gənc cəmiyyətimiz üçün faydalı olan minlərlə layihə irəli sürərək uğur qazanmışdır. Son 18 ildə ölkəmizlə bərabər gənclərimiz də inkişaf etmiş və böyük uğurlara imza atmışlar. Gənclərimiz həm ölkə daxilində, həm də ölkədən kənarda dövlətin dəstəyini hər zaman hiss etməkdədirlər. “Gənclər üçün Prezident Mükafatının” və “Yüksəliş” müsabiqəsinin təsis edilməsi məhz dövlətin yetişən nəsilə dəstəyinin, onların gələcəyinin təminatına olan diqqətin təzahürüdür.
Gənclərin könüllülük proqramlarına cəlb olunması dövlət başçısı cənab İlham Əliyevin şəxsi təşəbbüsünün nəticəsidir. Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatının aparıcı gücü məhz gənclərdir. Həyata keçirilən tədbir və layihələrdə gənclərin özlərini yaxşı mənada sübut etməsi bir daha göstərdi ki, gənclərə Prezidentin etimadı heç də təsadüfü deyildir. Onlara tapşırılan işlərin öhdəsindən ləyaqətlə gələn gənclik könüllü olaraq dövlətinin və xalqının yanındadır. Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzalayıb. 2020-ci ildə həm Vətən Müharibəsində, həm də Covid-19 ilə pandemiyasına qarşı mübarizədə ön cəbhədə olan könüllü gənclər “Könüllülər ili” ərzində ən yüksək qiymətə layiq olmuşlar. Vətən Müharibəsində şəhid olmuş gənclərin ruhları qarşısında dərin ehtiramla baş əyir, sağlamlığını itirmiş gənclərə isə şəfa diləyirəm.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı ətrafında birləşən yüzlərlə gənc Dövlət Gənclər Siyasətinin Suraxanı rayonunda ləyaqətlə həyata keçirilməsinə xidmət etməkdədir. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin və o cümlədən də çox hörmətli Mehriban xanım Əliyevanın ölkə gəncliyinə olan münasibəti bütün cəmiyyətimiz etalon təşkil etməkdədir. Tam əminliklə deyə bilərəm ki, bu gün Suraxanı rayonunda həyata keçirilən bütün layihələrdə gənclər fəal iştirak etməkdədirlər. YAP Suraxanı rayon təşkilatı rayonunun bu sahəyə məsul olan digər qurumları ilə birgə Heydər Əliyev irsinin gənclər arasında təbliği, onların milli vətənpərvər ruhda formalaşması, pis vərdişlərə qarşı tərbiyəvi işin aparılması və təhsilli gənclərin yetişməsi istiqamətində özünə məxsus rola malikdir.
Sonda YAP Suraxanı rayon təşkilatının çoxminli üzvləri adından başda Yeni Azərbaycan Partiyasının ətrafında birləşən ölkənin ən layiqli və vətənpərvər gəncləri olmaqla ölkə gənclərini “2 Fevral - Azərbaycan Gəncləri Günü” münasibəti ilə təbrik edir və onlara uğurlar arzulayıram.