Aygün Abbasova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbin müəllimi
“Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin böyük tarixi var. Bu əlaqələr bir çox əsrlər boyu formalaşıb, inkişaf edib, bugünkü xoşbəxt günlərə gəlib çatıbdır. Xalqımızın eyni kökə, eyni dinə, eyni dilə mənsub olması, adət və ənənələrimizin bir-birinə bənzərliyi, yaxud eyniliyi, milli duyğularımızın bir-biri ilə oxşar olması - hamısı birlikdə əsrlərdən-əsrlərə xalqlarımızı bir, bərabər etmişdir, xalqlarımız arasında sıx dostluq, qardaşlıq əlaqələri yaratmışdır. Məhz buna görədir ki, biz tez-tez belə bir gözəl ifadəni işlədirik. “Biz bir millət, iki dövlətik”. Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb.
1993-cü ilin iyununda Ümumilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasında hakimiyyətə qayıdışından sonra qardaş Türkiyə Cümhuriyyəti ilə münasibətlərin daha yüksək səviyyədə və etibarlı təməllər üzərində qurulmasına çox böyük önəm verilirdi. Heydər Əliyev ölkəmizin Türkiyə ilə münasibətlərə necə böyük əhəmiyyət verdiyini ilk günlərdən bəyan edərək deyirdi ki, bizim ölkələrimiz – Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası dost və qardaş ölkələrdir. Xalqlarımızın birliyi, qardaşlığı və dostluğu əsrlərdən-əsrlərə keçərək formalaşıb və bu gün özünün yeni mərhələsinə çatıb. İndi Azərbaycan Respublikası müstəqil dövlətdir və müstəqil dövlət olaraq öz ölkəsinin, xalqının, öz sərvətlərinin sahibidir. Azərbaycan Respublikasının müstəqilliyini dünya ölkələri arasında ilk dəfə Türkiyə tanıyıb. Bu isə o vaxt Azərbaycanın dünya dövlətləri, dünya birliyi tərəfindən tanınmasında çox böyük addım olub. Prezident Heydər Əliyevin 8-11 fevral 1994-cü il tarixlərində Türkiyə Cümhuriyyətinə rəsmi səfəri ölkələrimizin qarşılıqlı əlaqələrinin tamamilə yeni məcrada və yeni keyfiyyətdə qurulmasına və inkişafına zəmin yaratdı.
Həmin ilin oktyabr ayının 19-da Türk dövlətləri başçılarının Zirvə görüşündə qəbul edilmiş “İstanbul bəyannaməsi”nin imzalanma mərasimində Heydər Əliyev deyirdi: “ Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də, bunlar hamısı xalqlarımızı hələ müstəqil olmadığımız vaxtda bir-birindən ayırmayıb, bir-birinə bağlayıb, bir-birilə daha çox əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliklərini əldə edəndən sonra, müstəqil dövlətlər kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəli getməliyik”. Bu müdrik fikirləri Heydər Əliyev 6 noyabr 1996-cı il tarixində Türk dünyası yazıçılarının III qurultayındakı nitqində daha da inkişaf etdirərək, türk xalqlarının keçdiyi tarixi inkişaf yolunu, bəşər mədəniyyətinə böyük töhfələr verərək onu zənginləşdirdiyini vurğulayaraq deyirdi ki, biz öz tarixi köklərimizlə, milli köklərimizlə, mənəvi dəyərlərimizlə, milli-mənəvi ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik.
Ulu Öndərin Türkiyə Cümhuriyyətinə növbəti rəsmi səfəri (5-8 may 1997-ci il) həm əhatəliliyi, keçirilən görüşlərin sıxlığı ilə qarşılıqlı münasibətlərdə qoyulan təməlin necə möhkəm, etibarlı olduğunu bir daha təsdiqləmiş oldu. Mayın 5-də Azərbaycan Prezidenti Heydər Əliyevə Türkiyə Respublikasının “Dövlət nişanı”nın təqdim olunması mərasimində çıxış edən Ulu Öndər demişdir: “Mən bu sözləri demişəm, bu gün bir daha təkrar edirəm: biz bir xalqıq, iki dövlətik. Bir xalq olan bir dövlətin başçısının o biri dövlətin yüksək mükafatını alması böyük şərəfdir”.
Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisi milli-mənəvi dəyərlərimizin tarixən ortaqlığını, xalqlarımızın mədəniyyətinin, incəsənətinin, musiqisinin, bütünlükdə mənəvi dünyasının bir-biri ilə təbii-tarixi qarşılıqlı əlaqədə olduğunu da əks etdirir. Nəzərə alınmalıdır ki, Ulu Öndər “Azərbaycanla Türkiyə “Bir millət, iki dövlətdir” dedikdə yalnız etnik olaraq türkləri deyil, bütövlükdə Azərbaycan xalqını onun bütün etnik tərkibini və mənzərəsini əhatə etməklə bir millət kimi nəzərdə tuturdu. Ulu Öndər Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” tarixi formulu zamanın çətin sınaqlarından keçərək öz doğruluğunu, həyatiliyini, zəruriliyini, gərəkliliyini, hər keçən gün daha da perspektivliliyini nümayiş etdirməklə etnik kökləri, dili və mənəviyyatı, adət-ənənələri bir olan xalqlarımızın birliyinin və birlikdə inkişaf və tərəqqisinin təməl daşıdır. Ulu Öndərin hər zaman vurğuladığı kimi, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sarsılmazdır, əbədidir və xalqlarımızın qarşılıqlı inkişaf və tərəqqisinin hərəkətverici qüvvəsidir. İndi bu tarixi ənənə strateji müttəfiqlik səviyyəsində gündən-gündə daha da inkişaf edir.
Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunda mühim yer tutan Türkiyə ilə münasibətlərin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt bugün dövlət başçısı İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib və ölkələrimizin strateji tərəfdaşlığının dərinləşməsinə nail olunub. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də digər rəsmilərinin vaxtaşırı qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayaraq ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına şərait yaradıb və müxtəlif sahələrdə müqavilələr imzalanmasına, sazişlər bağlanmasına gətirib çıxarıb. Azərbaycan və Türkiyə bir-birinin çətin günlərində dəstək olaraq beynəlxalq müstəvidə bir-birinin haqq səsinin çarçısı olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” bəyanatı, Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə söylədiyi nitqində “. Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq...” deməklə konkret mövqe ortaya qoyması Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının bariz nümunələridir. Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi belə məqamları sadalamaqla bitməz. 15 iyun 2021-ci ildə Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” isə iki dövlət və onların xalqları arasındakı birliyin, doğmalığın, dostluğun və qardaşlığın növbəti təzahürü oldu.
Azərbaycan və Türkiyənin münasibətləri iki müttəfiq ölkə və ya dost ölkə anlayışlarından daha böyükdür. Biz iki qardaş ölkəyik. Ulu Öndərimiz Heydər Əliyevin dediyi “Bir millət, iki dövlət” fikri həqiqətən də reallıqdır. Buna bənzər bir fikri Prezident Rəcəb Tayyib Ərdoğan da səsləndirmişdir: “Azərbaycan bizim üçün sadəcə dövlətlərdən bir dövlət, azərbaycanlı qardaşlarımız da millətlərdən bir millət deyil. Biz eyni dili danışan, eyni inanca mənsub, ortaq bir tarixi keçmişi olan, sözdə deyil, əməldə qardaş, bir millət, iki dövlətik”.