TÜRKPA-nın sədrliyinin Azərbaycana keçməsi çox effektiv olacaq

TÜRKPA-nın sədrliyinin Azərbaycana keçməsi çox effektiv olacaq
Elşad Həsənov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, politoloq

Türk Dövlətləri Parlament Assambleyasının sədrliyi Azərbaycanın keçdi və Bakıda Sahibə Qafarovanın sədrliyi ilə 13-cü plenar iclas keçirildi. Azərbaycan Prezidenti TÜRKPA nümayəndələrini qəbul etdi, onlarla geniş görüş keçirdi və öz fikirlərini bildirdi. Azərbaycan Prezidenti andiçmə mərasimində bildirmişdi ki, bizim bir ailəmiz var, o da Türk ailəsidir.

Bizim həmişə Türkiyə ilə münasibətlərimiz yaxşı olub. Ancaq bu münasibətlər, xüsusilə Prezident İlham Əliyevin dövründə daha çox inkişaf edib. Türk Dövlətləri Birliyinin yaranmasında da Azərbaycan Prezidentinin xüsusi rolu, yeri var. Düzdür, Türk Dövlətlər Birliyində həm əhali sayına, həm iqtisadiyyatına, həm siyasətinə görə böyük dövlət Türkiyədir. Ancaq digər böyük dövlətlərin əhalisinin sayından asılı olmayaraq Türkiyədən sonra Azərbaycan liderlik edir.

Türk Dövlətləri Təşkilatının yaranmasında da İlham Əliyevin xüsusi rolu var və artıq dünya nizamı yenidən yaranır. Avropa İttifaqı özünün maraqlarından çıxış edərək dünyada qarışıqlıq yaradır. NATO ölkələri digər ölkələrə qarşı basqılar edir. Amerika hər yerdə öz dövlət maraqlarını güdür və bu yöndə də dünyanın yenidən qurulan nizamında Türk dövlətlərinin birliyinin güclənməsi çox vacibdir. Onu da bildirim ki, TDB-də 300 milyondan artıq əhali yaşayır və bunların iqtisadiyyatı, coğrafi mövqeyi çox yaxşıdır, geostrateji məkanda yerləşirlər. Elə Azərbaycan dünya xətlərinin kəsişən nöqtəsində yerləşir-şərq, qərb, cənub, şimal xətləri Azərbaycandan keçir. Türk dövlətləri Asiya ilə Avropanın birləşməsində yerləşir. Bu mənada bu dövlətlərin siyasətdə də, iqtisadiyyatda da çox önəmli yerləri var və son dövrlərdə, xüsusilə müstəqillik qazanandan sonra bu ölkələr-Türk dövlətləri inkişaf etməyə başlayıb. Elə Azərbaycandan götürək.

Azərbaycan sovet dönəmində nə idi, indi nədir? Artıq öz istehsal etdiyimiz məhsullar, çıxardığımız yeraltı, yerüstü sərvətlər hamısı özümüzə qalır. Əvvəllər isə digər ölkələrdə olduğu kimi, Azərbaycanın da bütün varı, dövləti talanıb mərkəzə ötürülürdü. Şükürlər olsun ki, biz müstəqillik və bu müstəqilliyimizi də daim artırırıq, ərazi bütövlüyümüzü artıq təmin etmişik.  Bir gözəl xüsusiyyəti deyim ki, 44 günlük müharibədə Türkiyə dövləti daim yanımızda oldu, bizə dəstək oldu və bunu dünən Cənab Prezident qeyd etdi. Eyni zamanda, bu gün işğaldan azad olunan torpaqlarımıza əhalimizi geri qaytarırıq. Məcburi köçkün bacı və qardaşlarımız öz doğma yurdlarına qaytarılır, onlar üçün orada şərait yaradılır, məktəblər açılır. Bu da çox sevindiricidir ki, ilk dəfə Özbəkistan bizə qardaş köməyi göstərdi. Mirzə Uluqbəy adına məktəb açıldı, sonra Qazaxıstan bizə uşaqlar üçün yaradıcılıq məkanı hazırladı. İndi isə Qırğızıstan Azərbaycan üçün Cəbrayılda məktəb tikir. Bütün bunlar Türk dövlətlərinin daha da birləşməsi üçün vasitədir.

Hesab edirəm ki, TÜRKPA-nın sədrliyinin Azərbaycana keçməsi çox effektiv olacaq, Türk dövlətlərinin birləşməsi üçün öz dəstəyini göstərəcək. Parlament Assambleyası ciddi işləri aparacaq və Azərbaycan digər Türk dövlətləri-öz qardaşları ilə birlikdə iqtisadiyyatını, siyasətini və hərbi gücünü daha da artıracaq".