Türkiyə - Azərbaycan birliyi dünya var olduqca yaşayacaqdır
Kəmalə Məmməova
Düzünü deyim ki, bu möhtəşəm festival baş tutana qədər mən Teknofest-in nə olduğu haqqında ətraflı məlumata malik deyildim. Amma anonslardan bilirdim ki, Türk Şahinləri xüsusi nömrələr nümayiş etdirəcəklər. Əlbəttə, onu da bilirdim ki, onlar bunu öz qan qardaşları - Azərbaycan pilotlar ilə birgə edəcəklər. Həmin gün mən şəhərə çıxmışdım. Bakı sakinlərinin bütün diqqəti göylərdə idi. Bu baxışlar təkcə nərə çəkib şütüyən, ay-ulduz yaradan, bayraq çəkən təyyarələrlə məhdudlaşmırdı. Bu həm də ucalığa tikilmiş, yüksəlişə ünvanlanmış baxışlar idi. Onun adı “TEKNOFEST”-dir. Mahiyyəti isə çox böyükdür. Çünki bu, bütün dünyaya bir mesaj idi. Bu mesajda deyilir ki, Azərbaycan – Türkiyə birliyi ən yüksək səviyyədədir və hələ bundan da yüksəklərə ucalacaq. Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Bəxtiyar Vahabzadənin şeirinin deməsinin özü bir simvoludur.
Bir ağacın iki qolu
Bir ananın iki oğlu
O da ulu, bu da ulu
Azərbaycan – Türkiyə
Cənab Ərdoğan türk dünyasının şəriksiz liderlərindən biridir. Bəxtiyar Vahabzadə isə türk dünyasının dahi söz ustasıdır. Baxın, nə gözəl mənzərədir: ortada siyasət, dildə şeir, göydə isə təyyarələrin timsalında elm, texnika. Bu festival həm də Azərbaycanın yüksəlişini görüb, gözü götürməyənlərə bir ismarıc idi. Qoy hamı anlasın ki, Azərbaycan tək deyil. O, dağa söykənib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında demişdi ki, Türkiyə 44 günlük haqq savaşımızın ilk saatlarından bizimlə oldu. Bu birlik çoxlarının ürəyincə xof saldı. Şuşa Bəyannaməsi ilə yekunlaşdı. Bizim dostluğumuz, qardaşlığımış kimsəyə qarşı deyil. Biz yalnız insanlarımızın azad, firavan yaşaması üçün çalışırıq və bu dostluğun sırası daha da genişlənəcək. Müasir dünyamızda siyasi proseslərin dinamikası aşkar-gizli çox oyunların getdiyini göstərir. Dövlətlər özlərinə dostlar, müttəfiqlər axtarmaqla məşğul olurlar. Nə edəsən ki, haqq səsini eşitdirmək üçün bunlara ehtiyac var. Türkiyə və Azərbaycan isə müttəfiq yox, dili, dini, canı, qanı bir qardaşlardır. Bir millət, iki dövlət ifadəsi əbəs yerə tarixin yaddaşına yazılmayıb.