Fərəh Hüseynova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 141 nömrəli tam orta məktəbin direktoru
Fikrimə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözləri ilə başlamaq istəyirəm, “Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir.” Həqiqətən də son illərdə iki dövlət arasında cəmiyyət həyatının bütün sahələrini əhatə edən elə əlaqələr yaranmış ki, bu mehriban qonşuluğun deyil, sırf qardaşlığın təcəssümüdür. Azərbaycanın haqq işində yanında olan, dərdimiz dərdi, sevincimiz sevinci olan Türkiyə ilə Azərbaycan arasında nəhəng və ardıcıl layihələrin şahidi oluruq. 2023-cü il sentyabrın 25-də qardaşlıq münasibətlərimizin tarixində daha bir önəmli hadisə baş verdi. Naxçıvanda İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi keçirildi. Möhtərəm Prezident bu hadisə ilə bağlı “1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdır və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilmişdir. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi. Naxçıvanda da şiddətli döyüşlər gedirdi və məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bildi. Ancaq o vaxt Naxçıvanın enerji təminatı Azərbaycanın əsas hissəsindən olduğu üçün Ermənistan bütün elektrik və qaz xətlərini kəsmişdi və Naxçıvan faktiki olaraq mühasirədə idi. 15 il Naxçıvan qazsız yaşamışdır” fikrini söylədi.
Qədim tarixə malik Azərbaycan torpağı olan Naxçıvana 2005-ci ildən İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə qazın verilməsi təmin edilmişdir. Təməli qoyulan İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaqdır.
Eyni zamanda bu yaxınlarda “Naxçıvanda Türkiyə və Azərbaycanın vəzifəli şəxslərinin, beynəlxalq təşkilatların iştirakı ilə Türkiyə-Azərbaycan III Enerji Forumu keçiriləcəkdir. Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı böyük planlar mövcuddur. Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər. Burada həm günəş, həm külək, eyni zamanda, su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır.” deyən Prezident İlham Əliyev şanlı Azərbaycan Ordusunun nəhayət dövlət suverenliyimizi tam bərpa etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
24 saat ərzində lokal antiterror əməliyyatı ilə Qarabağ ərazisindəkli qanunusuz düşmən qüvvələrinin ağ bayraq qaldırmasına nail olmağımızdan, Azərbaycandan onun Qarabağ bölgəsinə, orada yaşayan erməni əhalisinə humanitar yardımlar göndərilməsindən, bu bölgədə yaşayan insanlar milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşları olmasından, onların təhlükəsizliyi, hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcəyindən bəhs edən ölkə başçımız Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında, dünyanın ən ali kürsüsündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatların verməsini yüksək dəyərləndirmiş və öz təşəkkürünü bildirmişdi.
“Şuşa şəhərində imzalanmış müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı. Bu gün bu əlaqələr ən yüksək zirvədədir və bütün istiqamətlər üzrə biz indi əlaqələrimizin çox fəal dövrünü yaşayırıq” söyləyən İlham Əliyev regoinda sülhün və sabitliyin bərpası üçün böyük işlər görüldüyünü diqqətə çatdırmışdır.
“XXI əsrin müqaviləsi” adlanan TANAP layihəsi Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş enerji siyasətinin möhtəşəm səhifəsidir. ”İğdır-Naxçıvan qaz xətti və Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolu tarixi hadisələrdir. Bu layihələr Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəklər” İqtisadi əlaqələrin sürətlə artdığını, logistik şəbəkənin uğurunu vurğulayan cənab Pezident yaxın gələcəkdə tam istismara hazır olacaq yeni layihələrin müjdələrini verdi. Belə ki, tədbir çərçivəsində həmçinin “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”, “Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” da imzalandı.
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!