Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin sarsılmaz birliyi
Fuad Rəhimov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Yeni Suraxanı bələdiyyəsi sədrinin vəzifəsini müvəqqəti icra edən
Bildiyiniz kimi, Azərbaycanın təşəbbüsü ilə iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə görüşündə iştirak ediblər.
Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri dövrün tələblərinə və müasir dünyanın çağırışlarına uyğun şəkildə müəyyənləşdirilmişdir. Müstəqillik dövrünün təcrübəsi göstərir ki, Ulu Öndər Heydər Əliyev başlıca strateji məqsədi düzgün və dəqiq müəyyənləşdirərək əsas prioritetləri ona uyğun təyin edib. Təhlillər göstərir ki, yeni tarixi mərhələ üçün Prezident İlham Əliyevin müəyyən etdiyi 14 istiqamət qarşıdakı vəzifələri yüksək dəqiqliklə əks etdirir. Türk dövlətlərinin birliyinə, həmrəyliyinə şahidlik edən Şuşadan dünyaya çağırışlar olundu. Bu təşəbbüsün bütün Türk dövlətləri tərəfindən dəstəklənməsi Azərbaycanın beynəlxalq nüfuzunun, dövlətimizin başçısına böyük etimadın göstəricisidir.
Şuşada, bir zamanlar Azərbaycanla Türkiyə arasında tarixi Şuşa Bəyannaməsinin imzalandığı məkanda Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsinin imzalanmasının böyük mənəvi və rəmzi anlamı var. Bu, həm də Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin sarsılmaz birliyini, ortaq hədəflərə çatmaq üçün birgə hərəkət etdiyini sübuta yetirir. Azərbaycan Prezidenti öz niqtində qeyd etdi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməli, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Bu sözlər harada yaşamasından asılı olmayaraq, özünü böyük türk mədəniyyətinin ayrılmaz hissəsi sayan hər bir kəsin ali məqsədinə çevrilməli, gələcəyimizin möhkəm təməllər üzrərindən inkişafını təmin edən əsas sütunlardan biri olmalıdır.
Ölkələrimiz arasında səmərəli enerji tərəfdaşlığını, birgə reallaşdırılan layihələrin regional inkişafa, stabilliyə və təhlükəsizliyə, Azərbaycan və Türkiyənin strateji maraqlarının təmin olunmasına xidmət etdiyini vurğulanaraq, görüşdə Azərbaycan və Türkiyə arasında iqtisadiyyat, o cümlədən enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli prioritetlərimiz sırasındadır.
Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Həyata keçirilən layihələr, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradır.