IX Qlobal Bakı Forumu qlobal xarakter daşıyır, beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə edir
Arzu Məmmədli
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Cənubi Qafqaz Forumu adı altında baş tutmuş I forum 2013-cü ilin 7-8 may tarixində Bakıda keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva forumun rəsmi açılış mərasimində iştirak etmişlər. Forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, keçmiş Dağlıq Qarabağ münaqişəsi və bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət ətrafında müzakirələr aparılmışdır. Qlobal Açıq Cəmiyyətlər Forumu adı ilə keçirilmiş II Forum 2014-cü il 28-30 aprel tarixlərində Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakıda keçirilmişdir. III Qlobal Bakı Forumu 2015-ci ilin 28-29 aprelində, IV Qlobal Bakı Forumu 2016-cı ilin 10-11 martında, V Qlobal Bakı Forumu 2017-ci ilin 16-17 martında, VI Qlobal Bakı Forumu 2018-ci ilin 15-17 martında, VII Qlobal Bakı Forumu 2019-cu ilin 14-16 martında keçirilmişdir. 2020-ci ildə keçirilməsi nəzərdə tutulan Bakı Forumu COVİD 19 pandemiyası ilə əlaqədar təxirə salınmış, 2021-ci ilin noyabrında baş tutmuşdur.
IX Qlobal Bakı Forumu Qlobal dünya nizamına təhdidlər mövzusuna həsr olunub. Prezident İlham Əliyev forumun açılış mərasinində çıxış edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi həmsədrlərinin səyi ilə qlobal məsələlərin müzakirəsini aparan bu qurumun geniş beynəlxalq birliyi öz sıralarına qata bilən aparıcı institutlardan birinə çevrildiyini vurğuladı. Prezident Qafqazda regional təhlükəsizliklə bağlı Azərbaycanın yanaşmalarına toxunaraq, Vətən savaşında ədalətli qələbə əldə etməklə beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunduğunu bildirdi. Azərbaycanın münaqişədən sonra təcavüzkarı məğlubiyyətə uğradan ölkə kimi qarşı tərəfə sülh təklifini edib bunu dünyaya göstərdi.
IX Qlobal Bakı Forumu bir çox xüsusiyyətlərinə görə digər beynəlxalq forumlardan fərqlənir. Davos İqtisadi Forumu və Münhen Təhlükəsizlik konfransı kimi dünyada nüfuzlu tədbirlərdəndir. Davos Forumu yalnız iqtisadi, Münhen Konfransı isə təhlükəsizlik məsələlərini əhatə edir. Qlobal Bakı Forumu, adından da göründüyü kimi, qlobal xarakter daşıyır və beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə edir. Bütün qlobal məsələlərin müzakirə edildiyi beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzində olur.
Prezident İlham Əliyev çıxışında Zəngəzur dəhlizinin açılmasını regional sülhün fundamental elementi adlandıraraq, Azərbaycana bu əlaqə yolunun təqdim edilməyəcəyi təqdirdə sülh haqqında danışmağın çətin olacağını bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev forumdakı çıxışında Minsk qrupunun münaqişə dövründəki fəaliyyətsizliyinə də toxundu. Ölkə rəhbəri ATƏT-dən mandat alan bu təsisatın 28 il ərzində heç bir nəticə əldə etmədiyini, buna görə də Azərbaycanın özünün Qarabağ münaqişəsini aradan qaldırdıqdan sonra artıq bu qrupun işinə ehtiyac qalmadığını bildirdi.
Forumun qlobal gündəliyinin aktual məsələlərindən biri də enerji təhlükəsizliyidir. Azərbaycan resurslarına tələbat son vaxtlar xeyli artıb, qısa vaxtda bir çox Avropa ölkəsindən qaz təchizatı ilə bağlı Azərbaycana müraciətlər daxil olub. İndi artıq təkcə Azərbaycan qazının nəql olunması deyil, həm də neft, elektrik enerjisi və hidrogen də müzakirə mövzusuna çevrilib.
Qarabağ və Şərqi Zəngəzurda artıq bir neçə su-elektrik stansiyası inşa edilərək, işə salınıb. Günəş, eləcə də su-elektrik syansiyaslarının yaradılması ilə bağlı konkret planların da ardıcıllıqla həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb.
Dünya üzrə landşaft dəyişmələrin çox sürətlə baş verməsi, bərpaolunan enerji mənbələrindən istifadə ölkə üçün zəruridir. Alternativ enerji mənbələrinin geniş tətbiqi enerji sektorunu dəyişdirəcək, enerji təhlükəsizliyini və enerji sisteminin dayanıqlılığını artıracaq.
Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək, münaqişənin danışıqlar vasitəsilə həllinə çalışıb. Bakı Forumu regionun lider dövləti olan Azərbaycanın dünyanın siyasi-iqtisadi problemlərinin həllində söz sahibi olan dövlətə çevrilməsinin təsdiqi oldu. Prezident İlham Əliyevin 2003-cü ildə başlayan uğurlu daxili və xarici siyasəti özünün məntiqi nəticəsinə çatmaqdadır. Bu gün Azərbaycan dünya güclərinin hesablaşdığı və rəyin, maraqlarını nəzərə alacaq bir durumdadır.