Torpqlarımızın azadlığa qovuşması İlham Əliyevin tarixi qələbəsidir

Torpqlarımızın azadlığa qovuşması İlham Əliyevin tarixi qələbəsidir

Aybəniz Əmirova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 317 nömrəli tam orta məktəbin müəllimi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.

Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. 

Azərbaycan xalqının 30 ildən bəri intizarla gözlədiyi o xoş xəbəri nəhayət ki, eşitmək bizə nəsib oldu. Uzun illərdən bəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlər, yürüdülən uzaqgörən siyasət, xüsusilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verdi.

Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildi.

Oktyabrın 28-dən noyabrın 7-dək olan müddətdə 53 kəndi və bir neçə strateji yüksəkliyi azad edən Azərbaycan Ordusunun növbəti hədəfi qədim Şuşa şəhəri idi.Qəhrəman ordumuz Azərbaycanın və dünya hərb tarixinin şanlı səhifələrindən birini təşkil edən çətin Şuşa əməliyyatını uğurla başa çatdıraraq bu şəhəri işğaldan azad etdi.

10 noyabrda Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. 44 gündə müzəffər Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zehninin ən son nailiyyəti olan PUA-larla qazanmaq olar.

Şuşa qalasının alınması əməliyyatı isə tamam başqadır. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutatacaq: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq.”

Şuşa 28 il 6 aydan sonra düşmən işğalından qurtuldu. Mədəniyyət beşiyi füsunkar Şuşamızın düşmən tapdağından azad edilməsilə bayram bayrama qarışdı, sevinc göz yaşları selə döndü. Xalqımızın gözləntiləri, arzu və istəkləri reallığa çevrildi. Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın tacı olan qədim Şuşamızın gözü iyirmi səkkiz il idi yollarda qalmışdı. O, həsrətlə doğmalarına qovuşacağı, yağı düşmənin caynağından qurtulacağı anı gözləyirdi. Hər ili bir əsrə bərabər olan bu 28 ildə Şuşa dərdi ürəyimizdə qubar bağlamışdı. Hər gün yüz dəfə Şuşasız ölüb-dirilmişik. Bu əzaba, həsrətə son qoyulacağı günü səbirsizliklə gözləmişik. O gün bu gün imiş, demək ki. Şuşa yenidən əsl sahibinə, Azərbaycanına qovuşdu.

Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı

Şuşa Dövlət Bayrağı günü ərəfəsində azad edildi. Müqəddəs bayrağımız öz tarixinin yəqin ki, ən şərəfli gününü yaşadı həmin gün. Çünki o üçrəngli bayrağımız 28 illik fasilədən sonra yenidən Şuşada dalğalandı. Şuşanın azad edilməsi Azərbaycanın möhtəşəm qələbəsidir. Bu, rəşadətli Azərbaycan Ordusunun qələbəsidir. Torpqlarımızın azadlığa qovuşması İlham Əliyevin tarixi qələbəsidir.

44 gün davam edən haqq mübarizəsi sayəsində bütün dünya gördü ki, Azərbaycan bir yumruq kimi birdir. İnanırıq ki, tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənəzərəsində öz mövqeyini daha da gücləndirəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.