Mələk Məmmədova
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu, 154 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan torpaqlarına XIX əsrdə kütləvi şəkildə köçürülməyə başlayan ermənilər elə o vaxtdan da yerli əhaliyə qarşı düşmənçilik siyasəti yeridirlər. Azərbaycanlılara məxsus torpaqları özününküləşdirmək üçün onları öz yurdlarından sıxışdırır, yer adlarını dəyişirdilər. Ermənilərin bu haqsız düşmənçiliyi zaman keçdikcə daha da artır, hətta 1905-1907-ci və 1918-ci illərdə azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirirlər. Bu baş verənlərin tək səbəbi isə vətəni olmayan bir topluma özgə torpaqları hesabına vətən qazandırmaq, ”dənizdən dənizə Ermənistan” adlı xülyalarını həyata keçirmək idi. Bu siyasətin davamı olaraq 1948-1953-cü illərdə 150 minə yaxın azərbaycanlı Ermənistandakı öz dədə-baba yurdlarından deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. Həm ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı, həm də deportasiya siyasətinə ilk hüquqi-siyasi qiyməti Ümummilli Lider Heydər Əliyev vermişdir.
Hələ Sovet dövründə Qarabağa dəfələrlə ərazi iddiası irəli sürən erməni daşnakları öz niyyətlərinə o zaman çatmasalar da bu iddialarından vaz keçməmişdilər. SSRİ-də Qorbaçovun hakimiyyətə gəlməsi ilə ermənilərin əl-qolu daha da açılır. 1988-ci ildə Azərbaycanlıların öz dədə-baba yurdlarından deportasiyasının sonuncu mərhələsi başlayır. 1991-ci ilə qədər davam edən bu proses nəticəsində Ermənistan monoetnik respublikaya çevrilir. XX əsrin sonunda Azərbaycan müstəqilliyini əldə etmək şansı qazansa da tezliklə onu itirmək təhlükəsi ilə üzləşir. Erməni təcavüzünün güclənməsi, sosial-iqtisadi vəziyyətin ağırlaşması, siyasi qarşıdurmalar ölkə daxilində böhranlı vəziyyət yaratmışdı. Fürsətdən istifadə edən düşmən Qaradağlı, Xocalı soyqırımlarını törətmiş, Qarabağı işğal etməyə başlamışdı. Nəticədə Azərbaycan ərazisinin 20%-i ermənilər tərəfindən işğal edilmiş, dinc əhali amansızlıqla qətlə yetirilmiş, bir milyondan çox insan öz yurd-yuvasından didərgin düşmüşdü. Münaqişəni nizamlamaq üçün 1992-ci il, martın 24-də yaradılmış ATƏM-in (indiki ATƏT) Mins qrupu məsələnin həllinə yox, dondurulmasına çalışmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Belə ki, Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir.
Azərbaycan atəşkəs illərində məsələni sülh masasında ədalətli şəkildə həll etməyə çalışsa da böyük dövlətlərin və beynəlxalq təşkilatların ikili standartları, bundan cəsarətlənən ermənilərin gündən-günə artan təcavüzkar siyasəti çox təəssüf ki, Azərbaycana müharibədən başqa yol buraxmadı. Hələ 2016-cı il aprel döyüşlərində erməni istehkamlarını qısa müddətdə dağıdaraq düşmən üzərində qələbə qazanan ordumuzun hərbi hazırlığı, döyüş bacarığı düşməni heyrətə salmışdı. Amma, onlar bundan dərs almadılar. Davamlı olaraq atəşkəsi pozmağa, Azərbaycan xalqının səbrini sınamağa davam etdilər. Hətta 2019-cu ilin martında ABŞ-da erməni lobbisi qarşısında çıxış edən Ermənistan müdafiə naziri “yeni ərazilər-yeni müharibə” şüarını səsləndirdi. Bunun ardınca 2019-cu ilin avqustunda N.Paşinyanın Xankəndinə etdiyi qanunsuz səfəri zamanı “Qarabağ Ermənistandır və nöqtə ” iddiası ilə çıxış etməsi, 2020-ci ilin mayında N.Paşinyanın iştirakı ilə Şuşada qondarma rejimin başçısının andiçmə mərasiminin keçirilməsi, 2020-ci ilin iyulunda istiqamətində təxribat törətmələri, avqustda isə Qarabağ təmas xəttində təxribat törətməyə çalışmaları, Paşinyan hökümətinin sülh danışıqlarının formatını dəyişdirməsi, Qarabağ erməni icmasını tərəf kimi qəbul edilməsi şərtini irəli sürməsi Dağlıq Qarabağ probleminin dinc yolla həll edilməsinin mümkünsüzlüyünü dünya ictimaiyyətinə göstərdi. Cənab İlham Əliyev baş verənlər haqda beynəlxalq ictimaiyyəti məlumatlandırır və qonşu dövlətin yeni müharibəyə hazırlaşdığını diqqətə çatdırırdı.
2020-ci ilin sentyabrın 26-da düşmən cəbhə xəttindəki mövqelərimizi, həmçinin mülki yaşayış məntəqələrini iri çaplı silahlardan intensiv atəşə tutmağa başladı. Bunun qarşısını almaq üçün döyüş hazırlığına gətirilən Azərbaycan silahlı qüvvələri Ali Baş Komandanın əmri ilə sentyabrın 27-si səhər saat 6:00 -da əks hücuma keçərək “Dəmir Yumruq ” əməliyyatına başladı. Bununla da tariximizə qızıl hərflərlə yazılan 44 gün davam etmiş Vətən müharibəsi başladı. Ölkənin dörd bir yanından minlərlə igid oğullar “hər şey vətən üçün” deyib müharibəyə yollandılar. Müharibəyə gülərək gedən şəhadəti ləyaqət bilən ordunun zəfər yolu idi bu. Şanlı ordumuzun əldə etdiyi qələbələr xalqımızda ruh yüksəkliyi yaratdı. 44 gün boyunca dövlət, xalq və ordu misilsiz birlik nümayiş etdirdilər. Kiçikdən böyüyə hər kəs ordumuza dəstək olmağa tələsirdi. Cəbhəyə kömək üçün hər kəs bütün qüvvələrini səfərbər etmişdi. Bu birliyin nəticəsi idi ki, rəşadətli ordumuz bir-birinin ardınca işğal altında olan torpaqlarımızı azad edirdi. Oktaybrın 3-ü Suqovuşan, 4-ü Cəbrayıl, 17-si Fizuli şəhəri düşmən tapdağından azad oldu. Oktyabrın 18-i Xüdafərin körpüsü üzərində üçrəngli bayrağımız dalğalanmağa başladı. Bunun ardınca oktyabrın 20-si Zəngilan, oktyabrın 25-i Qubadlı azad edildi. Azərbaycanın mübarizəsi təkcə səngərdə getmirdi. Azərbaycan siyasətdə, diplomatiya sahəsində də gərgin mübarizə gedirdi. Ali Baş Komandan cənab İlham Əliyev yüksək dühası, dərin biliyi, iradəsi və güclü ordusu ilə hər iki cəbhədə uğurla mübarizə aparırdı. Düşmənə ən canalıcı zərbə isə noyabrın 8-də Şuşada vuruldu. Bu zərbədən özünə gələ bilməyən düşmən noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya müqaviləsini imzalamalı oldu. Ardınca noyabrın 20-si Ağdam, 25-i Kəlbəcər, dekabrın 1-i Laçın bir güllə belə atmadan Azərbaycana qaytarıldı. Qorxmaz, cəsur, rəşadətli oğullar sayəsində müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılan, yeni, zəfər dolu səhifələr açıldı. Azərbaycan xalqı təkcə torpaqlıarımızı deyil, milli qürurumuzu özümüzə qaytaran, bizə zəfər yaşadan, qalib ölkə, qalib xalq edən, bu yolda öz canını heçə sayan igid oğullarımızı heç vaxt unutmarıq, unutdurmarıq.