Tarixən xalqımıza qarşı törədilmiş cinayətlər münaqişənin hərbi həllini qaçılmaz edən obyektiv faktlardır
Axirə Məmmədova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayon 290 nömrəli tam orta məktəbin direktor vəzifəsini icra edən
Artıq həllini tapmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışarkən ilk növbədə ermənilərin Azərbaycanda məskunlaşdırılması məsələsinə diqqət yetirmək lazımdır. Tarixi faktlar göstərir ki, ermənilər Azərbaycana xeyli sonralar köçürülüb. XIX əsrə kimi Azərbaycanda bir nəfər də olsun erməni yaşamamışdır. Onların bu ərazidə məskunlaşdırılması Rusiya imperiyasının dövlət maraqlarına xidmət etmişdir.
Ermənistan-Azərbaycan münaqişəsinin dərin tarixi kökləri vardır. Əsası XIX əsrin əvvəllərində Rusiya İmperiyası tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına ermənilərin köçürülməsilə qoyulmuş bu proses 1905-1906 və 1918-1920-ci illərdə azərbaycanlıların qəddar kütləvi terror və qanlı soyqırıma məruz qalması mərhələlərindən keçmişdir. Azərbaycanda ermənilərin məskunlaşdırılması xalqımızın tarixi ərazisinin parçalanmasına, azərbaycanlıların bir millət olaraq məhvinə və müstəqil dövlətimizin mövcudluğunun qarşısının alınmasına xidmət etmişdir. Ermənilər bu mənfur prosesdə ən qəddar rolu ifa edən vasitə olmuşlar.
Kütləvi deportasiyaların və soyqırımı aktlarının yeganə məqsədi Cənubi Qafqazda qüdrətli müsəlman və türk dövlətinin formalaşmasına mane olmaqdan ibarət idi. 1920-ci ilin axırlarında Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra ermənilər əsrlərlə arzu etdikləri erməni dövlətini yaratmaq və qonşulara qarşı ərazi iddiasını irəli sürmək siyasətinə keçdilər. Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə siyasəti nəticəsində xalqımız min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir.
1993-cü ildə Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan tarixi məsələləri yeni mərhələyə qədəm qoydu. Azərbaycan-Ermənistan arasında Qarabağ müharibəsinin ağır nəticələri ideoloji mübarizənin vacibliyini və hətta bu mübarizədə gecikdiyimizi ortaya qoydu. Bu səbəbdən də Heydər Əliyev ermənilərin azərbaycanlılara qarşı təcavüzkar siyasətinin tarixinin açılmasına, bu tarixin tədqiq və təbliğinə ciddi yanaşma sərgilədi. Heydər Əliyev soyqırımdan əziyyət çəkən, hüquqları pozulan insanların hüquqlarının bərpası istiqamətində də səylərini əsirgəməmişdir.
Tarix boyu xalqımıza qarşı törədilmiş bütün cinayətlər münaqişənin hərbi yolla həllini qaçılmaz edən obyektiv tarixi faktlardır. 27 sentyabr 2020-ci il. Bu tarix xalqımızın yaddaşından, hərb tariximizdən silinməyəcək. Məhz həmin gün 32 ildən bəri davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı oldu. Öz murdar və çirkin əməllərindən əl çəkməyən, hər fürsətdə təxribatçı və fitnəkar hərəkətlərə əl atan, işğalçılıq və təcavüzkarlıq siyasətini davam etdirən, terrorçuluğu dövlət siyasətinə çevirən insanlıq düşməni nasist və faşist Ermənistan, quldur erməni silahlı birləşmələri növbəti dəfə atəşkəs rejimini pozdu, qanlı əməllərini, sülhə, təhlükəsizliyə təhdid olan niyyətlərini yenidən gerçəkləşdirməyə cəhd etdi. Dərhal Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun daha kəskin, daha sərt cavabı ilə qarşılaşdı.
30 ilə yaxın səbir edən, dözüm göstərən Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu bir andaca səfərbər və tək yumruq oldu, düşmənin cavabının yalnız savaş olduğuna qərar verdi. Beləliklə, Qarabağ münaqişəsinin həllində hərb variantına keçildi, illərdir Qarabağa, işğal olunmuş torpaqlara qayıtmaq eşqi, həvəsi ilə alışıb-yanan Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. Azərbaycan Vətən müharibəsində şanlı qələbə qazanaraq öz gücünü bütün dünyaya göstərdi. Azərbaycan xalqının bu möhtəşəm qələbəsi Ermənistanda ciddi çaşqınlıq və olduqca mürəkkəb vəziyyət yaratdı. Ermənistanın sabun köpüyü olan qüdrəti, lobbisinin gücü, erməni quldur dəstələrinin məğlubedilməzliyi haqqında onilliklər boyu formalaşdırılmış miflər Milli Ordumuzun aramsız zərbələri altında dünyanın gözü qarşısında məhv oldu.
Azərbaycan Ordusu öz xilaskar missiyasını, Vətənimizi qorumaq, torpaqlarımızı işğaldan azad etmək vəzifəsini şərəflə yerinə yetirdi. Torpaqlarımız uğrunda canını, qanını fəda etmiş qəhrəman oğullarımızı, şəhidlərimizin, terror qurbanı olan mülki vətəndaşlarımızın qisası alındı. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.