Biz milli idman növlərimizi qorumaqla öz şanlı keçmişimizi də yaşatmış oluruq
Vüqar Seyidov
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri
Hər bir dövlət öz qüdrətinin nümayişi ilə dünya reytinqində özünə yer qazanır. Müharibələr, hərbi paradlar, yarışlar, beynəlxalq miqyasda keçirilən sammitlər, görüşlər və müxtəlif dövlətlər arasında bütün növ rəqabətlərin əsasında məhz dövlətin öz qüdrətini açıq ifadəetmə arzusu dayanmaqdadır. İdman isə özünü ifadəetmənin ən rahat və sadə üsuludur. Əgər fikir versəniz görəcəksiniz ki, ancaq güclü dövlətlər idman yarışlarını təşkil edir və qalib olurlar. İdmançılara şərait yaradılmalı və onlardan nəticəni gözləməliyik. Bunu həyata keçirə bildiyimiz təqdirdə böyük qələbələr əldə edəcəyik. Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər. Bu gün idmançılarımız üçün hər bir şərait yaradılmışdır. İstər sosial problemlərinin həlli baxımından, istərsə də peşəkar fəaliyyətləri ilə bağlı dövlət öz məsuliyyətini tam yerinə yetirməkdədir. İdmançılarımızın qələbələr qazanması heç də təsadüfi deyildir. Onlara göstərilən dövlət qayğısının dünyada çox az nümunəsi vardır. İdman Azərbaycanın dövlət siyasətidir, idman eyni zamanda ölkəmizin qüdrətini əks etdirir.
17 mart 2022-ci ildə ölkə başçısı cənab İlham Əliyevin Bolqarıstanda keçirilmiş Avropa çempionatında ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atmış gənc güləşçilərimizi qəbul etməsi və onlara öz tövsiyyələrini verməsi dövlətin yalnız idmana deyil, o cümlədən də milli dəyərlərə sadiq, dövlətçilik ənənələrinə bağlı gəncliyimizə diqqətinin təzahürüdür. Güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir. Güləş milli idman növüdür. Milli dəyərlərimizi, qəhrəmanlıq səlnamələrimizi qoruyub saxlayarkən güləşimizi də göz bəbəyi kimi mühafizə etmişik. Bunun məntiqi nəticəsidir ki, güləş ənənələri Azərbaycanda kifayət qədər güclüdür və gənc nəsil bu ənənələri davam etdirir. Biz milli idman növlərimizi qorumaqla öz şanlı keçmişimizi də yaşatmış oluruq. Nəsildən-nəslə keçən bu təcrübə, bilik, səriştə Azərbaycanı dünya miqyasında aparıcı güləş ölkələrindən birinə çevirmişdir.
Biz artıq qalibik. Uzun illər idmançılarımızın bayrağımızı dalğalandırdıqları idman arenalarında məğlub ölkənin qalib nümayəndəsi kimi olduğu zamanlar keçmişdə qalmışdır. Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istər idman yarışlarında, istərsə də Vətən Müharibəsində əldə olunan zəfərdə çox böyük rol oynamışdır. Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı, dünyada yaşayan 50 milyonluq azərbaycanlılarını təmsil edirlər. Azərbaycan xalqının vətən sevgisi müsbət mənada digər xalqlardan və dövlətlərdən fərqlənir. Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bəli, biz 5-ci nəsil müharibədə qalib gəlmişik. Ən müasir silahlarımız var. Lakin qalib gələn dəmir iradə və canını vətən uğrunda qurban verən ölkə gəncliyidir. Bu fikirləri dövlət başçısı hər dəfə ifadə edir. Kimliyindən, siyasi, etnik, dini mənsubiyyətindən asılı olmayaraq ölkənin bütün gəncliyi bir amal uğrunda birləşə bilmişdir. Bizi düşməndən fərqləndirən əsas amillərdən biri də xalqımızın ürəyində olan qisas hissi idi. O hiss həmişə var idi. Lakin biz bu hissi mülki insanlara yönəltmədik. Biz döyüş meydanlarında qalib gəldik. Bu, şanlı zəfərlər yazan xalqın növbəti qələbəsidir.
İndi dövlətimizin, xalqımızın və gəncliyimizin əsas məqsədi bərpa prosesinin uğurla başa çatması olmalıdır. Biz evlərlə yanaşı stadionlar, idman kompleksləri və digər idman qurğuları tikməliyik. Azad edilmiş torpaqlarda idman inkişaf etməlidir Çünki sağlam bədəndə sağlam ruhun olduğunu xalqımız dəfələrdə sübut etmişdir.
Qoy həmişə müdrik xalqımızın şanlı üçrəngli bayrağı istər idman yarışlarında, istərsə də döyüş meydanlarında yüksəklərdə dalğalansın!