İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb, şəhidimizin həyatını özündə əks etdirən video-çarx nümayiş olunub.
Məktəbin direktoru Ləman Hacıyeva şəhid Mehdi Fərzullazadənin keçdiyi ömür yolundan, məktəbin məzunu olmasından qürurla söz açıb, təhsil illərində özünü bacarıqlı şagird kimi göstərdiyini, yoldaşlarının və müəllim kollektivinin dərin hörmətini qazandığını, igidliyilə gənclərə örnək olduğunu bildirib.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişdir. Yerli təşkilatın sədri vurğulamışdır ki, zaman ötür, tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Bəziləri müəyyən dövrdən sonra yaddaşlardan silinir, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Qərinələr ötsə də, nəsillər bir-birini əvəz etsə də, öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən Mehdi kimi oğullarımız heç vaxt unudulmurlar. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar.
Şəhidlərimizə olan hörmət və ehtiramını bildirən Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun gücünün, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaətinin gələcək nəsillər üçün örnək olduğunu vurğulayıb.
Həmçinin, şəhidimizin ailə üzvləri çıxış edərək ölkəmizdə şəhid ailələrinə göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü ifadə edib.
Daha sonra tədbir iştirakçılarına məktəblilərin təqdimatında bədii kompozisiya nümayiş etdirilib, Vətənə və qələbəyə aid şeirlər səsləndirilib.