Şəhid mayor pilot Murad Məmmədov məzun olduğu məktəbdə ehtiramla anılıb
29 noyabr 2023-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində şəhid olan mayor pilot Murad Məmmədovun məzun olduğu 278 nömrəli tam orta məktəbdə anım tədbiri keçirilib. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı RİH-nin əməkdaşı Anar Əsədullayev, digər rəsmi şəxslər, şəhidin ailə üzvləri, şəhidin xidmət yoldaşları, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirdən əvvəl məktəbin foyesində Şəhid mayor pilot Murad Məmmədovun çəkdiyi həvəskar rəsm əsərlərindən ibarət sərgi nümayiş olunmuşdur. Anım tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Məktəbin direktoru Sevinc Hüseynova çıxış edərək bildirmişdir ki, şəhid mayor pilot Murad Məmmədov 278 nömrəli tam orta məktəbin məzunudur. Sevinc Hüseynova qəhrəman hərbiçilərin formalaşmasında məktəblərin, təhsil ocaqlarının böyük əhəmiyyəti olduğunu qeyd etmişdir. Məktəbin direktoru onu da vurğulamışdır ki, bundan sonra da vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsinə təhsil ocağının müəllim-şagird kollektivi tərəfindən xüsusi diqqət göstəriləcək.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək bildirmişdir ki, pilotlar hərbi xidmətin ən elit təbəqəsi hesab olunurlar. Hər bir əsgərin, hər bir zabitin dəyərli olduğunu, lakin pilot zabitlərin formalaşmasının xüsusi əziyyət və vaxt tələb edən sahə kimi meydana çıxdığını vurğulayan yerli təşkilatın sədr müavini Muradın əsil vətənpərvər, qəhrəman olduğunu dedi.
Suraxanı RİH-nin əməkdaşı Anar Əsədullayev da öz növbəsində rayon ərazisində şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan bəhs edərək, hər bir şəhid ailəsinin xalqımıza əmanət olduğunu bildirmişdir.
Şəhid mayor pilot Murad Məmmədovun atası Yaşar Məmmədov sonda çıxış edərək Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına dərin minnətdarlığını bildirib.
Tədbir məktəbin müəllim-şagird kollektivi tərəfindən Şəhid mayor pilot Murad Məmmədova həsr olunmuş ədəbi-bədii kompozisiya və səhnəciklərlə davam etmişdir.