Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və "İgidliyə görə" medallarına layiq görülən şəhid Hüseynzadə Fərid Eldəniz oğlunun anım günü qeyd olunub. İlk öncə Şəhidin dəfn olunduğu Bülbülə qəsəbəsindəki Şəhidlər Xiyabanında məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
RİH başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
79 nömrəli tam orta məktəbdə baş tutan tədbirdə məktəblilər tərəfindən Fərid Hüseynzadənin xatirəsinə həsr olunan və həyatından bəhs edən video-çarx nümayiş olunub, şəhidlərimizə, vətənə və qələbəyə həsr olunan şeirlər səsləndirilib.
Tədbirdə Azərbaycan xalqının hər zaman mübariz oğul və qızlarının şücaətinin yüksək qiymətləndirildiyi, bütün şəhidlərimizin ruhuna ehtiram göstərildiyi, xatirəsinin uca tutulduğu vurğulanıb. Fərid Hüseynzadənin qısa, lakin şərəfli ömrünün gələcək nəsillərin vətənpərvər tərbiyəsində xüsusi əhəmiyyət daşıdığı qeyd edilib. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.