Şuşa Bəyannaməsi gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 290 nömrəli tam orta məktəbin direktoru
44 günlük müharibə bizə dost olan və dost olmayanları tanıtdı. Dost dar gündə sınanar. Hər zaman Azərbaycanın yanında olan Türkiyə bir millət, iki dövlət olduğumuzu bir daha dünyaya bəyan etdi. Məhz bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafının təminatçısı olacaq inqilabi gerçəklikdir.
15 iyun 2021- ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Sənəddə qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Bəyannamədə deyilir: “Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.
Vurğulayaq ki, iki dövlətin birgə ordu qüvvələri böyük hərbi güc deməkdir və belə güclə artıq hamı hesablaşmalı olacaq. Şuşa Bəyannaməsində tarixi Qars müqaviləsinə istinad edilir. Bu isə o deməkdir ki, hər iki tərəfə qarşı silahlı təcavüz və ya beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində güc tətbiq edilərsə, o zaman Ankara və Bakı müştərək addım atmaq hüququnu özündə saxlayacaq. Şuşa Bəyannaməsinin əsas müddəası da məhz bundan ibarətdir. Bu, Azərbaycan və Türkiyənin təhlükəsizliyinin qorunması istiqamətində imzalanan çox mühüm və tarixi səhifədir.
Ermənistanın Türkiyəyə qarşı əsassız iddiaları və tarixi təhrif etmək cəhdlərinin regionda sülh və sabitliyə xələl gətirdiyi vurğulanan bəyannamədə Türkiyə ilə Azərbaycanı birləşdirən Zəngəzur dəhlizinin, Naxçıvan-Qars dəmir yolunun açılması da nəzərdə tutulur. Bunun isə iki ölkə əlaqələrinin intensivləşməsinə töhfə verəcəyi ehtimalı böyükdür. Regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına zəmin yaratmaq baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanla Türkiyəni birləşdirən bu dəhliz türk dövlətlərinə böyük üstünlük qazandıracaq. İki qardaş ölkə arasında məsafə də yaxınlaşacaq, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunması və inkişaf etdirilməsi, yeraltı zənginliklərin türk dünyasından keçməsi, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı hər iki ölkənin həm siyasi, həm də iqtisadi qüdrətini artıracaq. Bu da yalnız iki türk dövlətinə deyil, digər türk dövlətlərinə, eləcə də dünyaya əhəmiyyətli dəstək vermiş olacaq.
Şuşa Bəyannaməsinin parlamentlər tərəfindən qəbulu Ermənistandakı revanşist qüvvələrdən tutmuş, ayrı-ayrı qonşu və qeyri-regional dövlətlər üçün çox mühüm mesajdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Təbii ki, öncə söhbət bölgədə əsrlərdir erməni məsələsi adı altında öz dövlət maraqlarını reallaşdıran kənar oyunçulardan gedir. Digər tərəfdən, bütün qonşu dövlətlər və dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycanın dövlət suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar. İki strateji müttəfiq olan qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəlib.
Hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin həyata keçirilməsinə dair razılıq əldə olunması Azərbaycan və Türkiyə arasında münasibətlərin necə sıx və prinsipial olduğunun göstəricisidir.