Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqliyin rəmzidir

Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqliyin rəmzidir

Səriyə Əhmədova 

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 281 nörməli tam orta məktəbin müəllimi 

Müzəffər ordumuz Qarabağ uğrunda döyüşlərdə, Azərbaycan diplomatiyası isə beynəlxalq arenada ardıcıl qələbələr qazandı. Müharibənin ilk günlərindən bir sıra ölkələr: Türkiyə, Pakistan, Ukrayna, Gürcüstan və digərləri Azərbaycanın haqq işini müdafiə edərək siyasi dəstəklərini əsirgəmədi.

Türkiyə Respublikası Azərbaycana ən böyük mənəvi-siyasi dəstək verən ölkə idi. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin ilk günlərindən çəkinmədən dünyaya "Azərbaycanın yanındayıq" mesajını verdi. Türkiyə rəsmiləri 44 günlük Vətən müharibəsi dövründə bir neçə dəfə Azərbaycana səfər etmiş, ölkəmizin haqlı mövqeyini diplomatik tribunalardan da müdafiə etmişlər. Bütün bunlar "Bir millət, iki dövlət" ideyasının təntənəsi idi.

2020-ci il dekabrın 10-da Bakıda “Zəfər paradı” keçirildi. Paradda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan iştirak edirdilər. Azərbaycan Ordusu hərbi birləşmələrinin və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının həri ki dövlət başçısının olduğu tribuna önündən keçidi xalqlarımızın birliyinin təntənəsi idi. Hərbi paradda düşmənin sıradan çıxarılmış bahalı hərbi texnikaları ilə yanaşı, işlək vəziyyətdə olan ve qənimət kimi ələ keçirilmiş silah-sursatları, ağır texnikaları nümayiş etdirildi. Bu addım vaxtilə düşmən hərbçilərinin və ayrı-ayrı erməni əsilli şəxslərin "Müharibə başlayarsa, tanklarımız Bakıya qədər gələcək" kimi sərsəm bəyanatlarının cavabı idi. Tanklar Bakıya gəlmişdi, amma hərbi qənimət kimi! Paradda düşmənin döyüş maşınlarının dövlət nişanlarından ibarət stend də nümayiş etdirildi. Bu göstəri Birinci Qarabağ savaşından sonra ermənilərin atdığı analoji addımın daha sərt qarşılığı oldu. Zəfər paradında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək Vətən müharibəsində qazanılmış qələbənin əhəmiyyətini, həmçinin ölkələrimizin sarsılmaz birliyini dünyaya bir daha çatdırdılar.


Təkcə 44 günlük Vətən müharibəsi dövründə deyil, müharibədən sonrakı aylarda da Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Ölkə başçısı İlham Əliyevin vurğuladığı kimi, "İki dövlət arasında bu cür səmimi münasibətlər dünyada nadir rast gəlinən münasibətlərdəndir". 2021-ci ilin iyunun 15-də Azərbaycan Prezidentinin dəvəti ilə Türkiyə Prezidenti R.T.Ərdoğanın Azərbaycanın mədəniyyət mərkəzi elan edilmiş Şuşa şəhərinə səfəri baş tutdu. Şuşaya edilən bu səfərin, iki dost və qardaş ölkə başçılarının məhz burada - Qarabağın "üzük qaşı" nda görüşməsinin böyük rəmzi mənası var. Şuşada imzalanan birgə Bəyannamə Ermənistanda hələ də revanş almaq barədə düşünən sərsəm düşüncə sahiblərinə və onların havadarlarına böyük bir mesaj oldu.

Şuşa Bəyannaməsi hər iki ölkənin vahid hərbi - siyasi mövqedən çıxış etməsini, ölkələrimizin ərazi bütövlüyünə təhdid və təhlükə yaranarsa, qarşılıqlı hərbi yardımları özündə əks etdirən vacib sənəd oldu. Şuşa Bəyannaməsi iki dost və qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyəyə çatdırılımasını təmin edir, həmçinin regionda sülhün və sabitliyin bərpa edilməsini, Qafqaz dövlətləri arasında əməkdaşlığın vacibliyini vurğulayır. Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir. Tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Bu kontekstdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyəti nəzərə alınacaqdır. 


Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır. 


Tərəflərin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslar keçiriləcəkdir və bu iclaslarda milli mənafe, Tərəflərin maraqlarına toxunan regional ve beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcəkdir.


Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər. Tərəflər minalanmış ərazilərin təmizlənməsi əsas götürülməklə Ermənistan işğalından azad edilmiş rayonlarda həyatın normallaşdırılması istiqamətində fəaliyyətləri dəstəkləyəcəklər.


Tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər.


Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər.


Tərəflər Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin təhrif olunması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhə və sabitliyə ziyan vurduğunu vurğulayaraq bu kontekstdə 1915-ci il hadisələri ilə bağlı olaraq öz arxivlərini açan Türkiyənin Ermənistandakı və digər ölkələrdəki arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərini qətiyyətlə dəstəkləyirlər.


Tərəflər bir Tərəfin vətəndaşlarının digər Tərəfin ərazisinə şəxsiyyət vəsiqəsi ilə səyahət etmələri haqqında əldə edilən razılaşmadan məmnunluq ifadə edirlər və həmin razılaşmanın xalqlarımız arasında yaxınlıq və insanlar arasında əlaqələr baxımından müstəsna əhəmiyyətini qeyd edərək, bir tərəfin vətəndaşlarının digər tərəfin ərazisində yaşamaq hüququ əldə etmələrini qarşılılıq prinsipinə uyğun olaraq asanlaşdırmaq üçün müvafiq tədbirlər görülməsini təqdir edirlər.